Azərbaycan xalqı üçün müstəqillik və suverenlik dövlətçilik ənənələrinin təməl daşıdır. Əsrlər boyu azadlıq uğrunda mübarizə aparmış xalqımız XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etməyə nail oldu. Dövlət suverenliyinin bərpası və qorunması uğrunda qazanılmış tarixi nailiyyətlər hər bir vətəndaş üçün qürur mənbəyidir.
1990-cı illərin əvvəllərindən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın beşdə biri – Qarabağ və ətraf rayonlar işğal altında saxlanıldı. Yüz minlərlə soydaşımız məcburi köçkün vəziyyətinə düşdü, şəhər və kəndlərimiz dağıdıldı, tarixi-mədəni irsimiz məhv edildi. Qonşu dövlət beynəlxalq hüququn norma və prinsiplərini, BMT Təhlükəsizlik Şurasının qətnamələrini kobud şəkildə pozaraq işğalı davam etdirirdi. Bu, yalnız ərazi itkisi deyildi, həm də milli kimliyimizə, dövlətçiliyimizə qarşı ciddi təhdid idi. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan xalqı müstəqilliyini qorudu, dövlətçiliyini möhkəmləndirdi və tarixi ədalətin bərpası uğrunda mübarizəsini davam etdirdi.
2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük bir hissəsi işğaldan azad edildi, Ermənistan ordusu darmadağın oldu. Azərbaycan BMT Təhlükəsizlik Şurasının illərlə kağız üzərində qalmış qətnamələrini öz gücü ilə icra etdi. Bu Zəfər ölkə rəhbərliyinin uzaqgörən siyasətinin, xalqımızın birlik və qətiyyətinin, ordumuzun gücünün təntənəsi idi.
Müharibədən sonra da dövlətimizin qarşısında mühüm vəzifələr dayanırdı. Separatçıların fəaliyyətini davam etdirməsi və Laçın dəhlizi üzərindən silah daşınması təhlükəsizlik üçün ciddi təhdid idi. Azərbaycan 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsi yaradaraq bu təhdidlərin qarşısını aldı və sərhədlərinə tam nəzarəti təmin etdi. Elə həmin il sentyabrın 19-20-da isə erməni separatçılarının təxribatlarına cavab olaraq Azərbaycan Ordusu tərəfindən lokal antiterror tədbirləri həyata keçirildi. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində qondarma rejim özünü buraxdı, Azərbaycan bütün ərazilərində suverenliyini tam bərpa etdi. Bu, dövlətçilik tariximizdə dönüş nöqtəsi, milli iradənin qələbəsi idi.
Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il 20 sentyabrın Dövlət Suverenliyi Günü elan olunması Azərbaycan tarixində dərin mənaya malik mühüm siyasi qərarlardan biridir. Bu addım dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsi sahəsində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, həm də xalqımızın apardığı mübarizənin dövlət səviyyəsində rəsmi təntənəsidir. Xalqımız tarixən dəfələrlə müstəqillik ideallarını gerçəkləşdirmək uğrunda fədakarlıq göstərmiş, azadlıq yolunda böyük itkilər vermişdir. Məhz bu səbəbdən 20 sentyabrın hər il xüsusi gün kimi qeyd olunması həm tarixi yaddaşın qorunması, həm də gələcək nəsillərə dövlət müstəqilliyinin dəyərinin aşılanması baxımından mühüm əhəmiyyət daşıyır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir: “Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”.
Azərbaycanın dövlət müstəqilliyi hər şeydən əvvəl xalq və ordunun sıx birliyinə söykənir. Tarixən milli azadlıq mübarizəsinin hər bir mərhələsində xalqla yanaşı qəhrəman döyüşçülər, əsgər və zabitlər ön sıralarda olmuş, canları və qanları bahasına suverenliyin qorunmasına nail olmuşlar. Dövlət Suverenliyi Günü həm də bu qəhrəmanlıq irsinin əbədiləşdirilməsi, xalqın fədakar övladlarının xatirəsinin əziz tutulması deməkdir. Həmin gün şəhidlərimizin müqəddəs qanı ilə yazılmış qəhrəmanlıq salnaməsinin bir daha yad olunması ordumuzun gücünün və xalqımızın iradəsinin dünyaya nümayiş etdirilməsi baxımından tarixi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətçilik tariximizdə xüsusi əhəmiyyət daşıyan qərarlardan biridir. Bu təşəbbüs müstəqil dövlətimizin keçdiyi şərəfli yolun, milli iradə və suverenlik uğrunda aparılan mübarizənin rəmzi ifadəsinə çevrilir. “Konstitusiya və Suverenlik İli”nin elan edilməsi bir tərəfdən 1995-ci ildə qəbul olunmuş müasir Konstitusiyanın əhəmiyyətini, digər tərəfdən isə 2023-cü ildə dövlət suverenliyinin tam bərpa olunmasının tarixi nəticəsini ehtiva edir. Konstitusiya dövlətimizin hüquqi təməlini, xalqın iradəsini, insan hüquq və azadlıqlarını təmin edir, suverenlik isə bu prinsiplərin reallaşdırılmasında mühüm rol oynayır.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçiriləcək tədbirlər dövlətin siyasi-hüquqi əsaslarının, milli-mənəvi dəyərlərin təbliği ilə yanaşı, müstəqilliyimizin sarsılmazlığını bir daha nümayiş etdirir. Bu amillər həm də beynəlxalq müstəvidə ölkəmizin mövqelərinin gücləndirilməsi, milli maraqların müdafiəsi və gələcək inkişaf istiqamətlərinin müəyyən olunması baxımından strateji əhəmiyyət daşıyır.
Bədəl Bədəlov,
Milli Məclisin deputatı