17 sentyabr 2025 23:36
85

30 illik qaranlıqdan sonra işıqlı səhərlərə və zəfərlərə addımlayan şəhərlərimiz yenidən nura boyanır

Ölkə başçısı cənab İlham Əliyevin işğaldan azad edilən ərazilərə - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə rayonlarına səfəri tarixi əhəmiyyət daşıyır. Artıq ənənəvi xarakter alan şəhər günləri öncəsi ölkə başçısının işğaldan azad edilmiş ərazilərimizə səfəri böyük köçün iştirakçıları tərəfindən toy-bayramla, böyük sevinc hissləri ilə qarşılanır.

Eyni zamanda, böyük qayıdış fonunda bu günlərdə azad Qarabağda növbəti şəhər günləri təşkil edilir. Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci ildir ki, qeyd olunur.

Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd edilir.

İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra əsas hədəf 30 il işğal altında qalan, ermənilər tərəfindən tamamilə dağıdılıb yerlə-yeksan edilən ərazilərimizin yenidən qurulması və bərpasıdır. Azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işləri keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasına hədəflənib. Böyük Qayıdış Proqramının birinci mərhələsi üçün əsas hədəf 140 min keçmiş məcburi köçkünün qayıdışının təmin edilməsidir. Qısa zamanda görülən genişmiqyaslı bərpa-quruculuq işlərinin fonunda soydaşlarımızın qayıdış ünvanlarının sayında artım hər birimizi qürurlandırır.

Ölkə başçısı cənab İlham Əliyevin də vurğuladığı kimi, bu əlamətdar günün təsis olunması uzun və məşəqqəti 30 il, minlərlə azərbaycanlı igidin canları və qanları bahasına başa gəlib. Bu günün təsis edilməsi həmçinin Ermənistanın və qondarma Dağlıq Qarabağın terrorçu silahlı dəstələrinin tör-töküntülərinin tərk-silah edilərək ərazilərimizdən birdəfəlik çıxarılması ilə bağlıdır.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.

Bu, yalnız hərbi-siyasi uğur deyil, həm də xalqımızın milli birliyinin, iradəsinin və mübarizə əzminin tarixi təntənəsidir. Tarixi Zəfərimiz Azərbaycan xalqının gücünü, dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Bu gün azad Qarabağda qurulan yeni həyat xalqımızın gələcəyə inamını, dövlətimizin möhkəm iradəsini və qalib xalq olaraq qürurumuzu əks etdirir.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva dəfələrlə Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə səfərlər edərək burada aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olmuş, yeni məktəblərin, bağçaların, hotellərin, teatrların, zavodların, yolların, məscidlərin və digər sosial infrastruktur obyektlərinin açılışlarında iştirak etmişlər. Bu səfərlər həm də Azərbaycan dövlətinin azad olunmuş torpaqlara xüsusi diqqətini göstərir.

20 sentyabr həm şəhidlərimizin xatirəsinə ehtiram, həm də milli birliyimizin və ərazi bütövlüyümüzün əbədi rəmzidir. Bu gün biz yalnız torpaqlarımıza qayıdışı deyil, həm də Azərbaycanın gələcəyinə, Qarabağın dirçəlişinə olan böyük inamı bayram edirik.

2023-cü il sentyabrın 19-20-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpası ilə Xocalı, Xocavənd, Xankəndi, Ağdərə azad edildi.

İşğaldan azad edilmiş ərazilərimizə budəfəki səfəri zamanı dövlətimizin başçısı Xocavənd rayonunun Hadrut qəsəbəsində oldu, həmçinin qəsəbədə inşa olunmuş məscidin açılışında iştirak etdi. Bu məscidin təməli Prezident İlham Əliyev tərəfindən 2021-ci ilin oktyabrında qoyulub.

Torpaqlarımızın işğaldan azad edilməsindən sonra həmin ərazilərimizdə dini-tarixi abidələrin əvvəlki görünüşünə uyğun bərpası, həmçinin yeni məscidlərin inşası istiqamətində ardıcıl işlər görülür.

Azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işləri keçmiş məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasına hədəflənib. Qısa müddətdə Xankəndi ölkənin əsas şəhərlərindən birinə çevrilib, burda Qarabağ Universiteti artıq ikinci tədris ilinə başlayıb, Qarabağ Universitetinin Klinikası binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusu fəaliyyətə başlayıb.

Dövlətimizin başçısı Xocavənd rayonunun Sos kəndində də oldu. Bu kəndə indiyədək 10 ailə qayıdıb.

Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində, Xocalı rayonunun Şuşakənd, Seyidbəyli, Daşbulaq, Badara kəndlərində olan Prezident İlham Əliyev sakinlərlə görüşdü. Səfər çərçivəsində dövlətimizin başçısı Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak etdi. Prezidentin sakinlər ilə görüşü tarixi Zəfərimizə, suverenliyimizin tam bərpasına gedən yolun, azad edilmiş torpaqlarda görülən işlərin təqdimatı oldu.

Prezident bildirdi ki, bu gün haqlı olduğumuzu bir daha burada sübut edirik. Onlar şəhər və kəndlərimizi yerlə-yeksan etmişdilər, biz isə qurub-yaradırıq. Bütün Qarabağ, bütün Şərqi Zəngəzur tikinti meydançasıdır. Qısa müddət ərzində bu gözəl evlərin bərpası, tikintisi, bütün infrastrukturun yaradılması gücümüzü, niyyətimizi göstərir.

Ölkə başçısı Ağdərə və Xankəndidəki çıxışlarında bird aha vurğuladı ki, Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir nöqtəyə vururdu ki, tezliklə bizim torpaqlarımız işğalçılardan azad edilsin. Biz bu müqəddəs günü hər gün, hər saat öz əməyimizlə, işimizlə yaxınlaşdırırdıq.

Müzəffər Ali Baş Komandanın, müzəffər xalq və müzəffər ordu birliyi bizi əbədiyyətə qədər zirvələrə aparacaq. Buna indi heç kəsin zərrə qədər şübhəsi yoxdur. Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə rayonları 30 illik sükutdan sonra yenidən dirçəlir və işıqlı səhərlərə və zəfərlərə doğru addımlayır. Bu gün azad olunan ərazilərimiz nəhəng tikinti meydançasını xatırladır.

Elçin Quliyev,
YAP Nərimanov rayon təşkilatının sədri