Artıq Qarabağda və Şərqi Zəngəzurda bolluq və firavanlıq zamanıdır
Azərbaycanın ən məhsuldar torpaqları Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerləşir. Məhz bu səbəbdən işğaldan azad olunmuş rayonlarda da yeni aqroparkların yaradılması, oradakı ənənəvi kənd təsərrüfatı sahələrini bərpa etmək dövlətimizin qarşısında duran mühüm məsələdir. Prezident İlham Əliyev bu barədə bildirib ki, bütövlükdə azad edilmiş bölgələrin iqtisadi potensialı, kənd təsərrüfatı, turizm potensialı çox böyükdür: «Biz bu potensialdan məharətlə istifadə edərək Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik və əminəm ki, buna nail olacağıq».
İndi hər bir ölkə üçün əhalisinin ərzaq təhlükəsizliyini təmin etmək yalnız sosial siyasət deyil, həm də milli təhlükəsizliyin əsas prinsipidir. Bu istiqamətdə də Azərbaycan dövlətinin xüsusi proqram və layihələri mövcuddur. Xüsusilə son bir neçə ildə 300 min hektardan çox ərazidə yaradılan 50- dən çox aqropark ərzaq bolluğunu təmin edəcək mühüm amildir. Həmin aqroparklardan 3-ü Qarabağın və Şərqi Zəngəzurun payına düşür.
Məlumdur ki, işğaldan əvvəl Ağdam və Füzuli taxıl istehsalı sahəsində Qarabağda aparıcı rayonlardan olublar. Bu rayonların əsas hissələrinin uzun müddət işğal altında qalması onların potensialından istifadə etməyə imkan verməyib. İlkin qiymətləndirmələr göstərir ki, işğaldan azad edilmiş ərazilərdə 200 min tondan çox taxıl istehsalı mümkündür. Məhz ötən il işğaldan azad olunmuş və minalardan təmizlənmiş torpaqlarda əkilən taxıl sahələrindən minlərlə ton məhsul yığılmışdır.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyun aylarında Azərbaycana xarici ölkələrdən 602 min 255 ton buğda idxal edliib. Məlumata görə, bu miqdarda buğdanın idxalına 130,661 milyon ABŞ dolları vəsait xərclənib. Buğda idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 216 min 233 ton və ya 56 faiz, dəyər ifadəsi ilə isə 45,482 milyon ABŞ dolları, yaxud da 53,4 faiz artıb.
2024-cü ilin birinci yarısında Azərbaycana xarici ölkələrdən 386 min 22 ton miqdarında, 85,179 milyon ABŞ dolları dəyərində buğda idxal edilmişdi. Hesabat dövründə ölkəyə idxal edilmiş buğda ümumi idxalın 1,13 faizini təşkil edib.
O da məlumdur ki, il ərzində ölkəmizə 1,2-1,3 milyon ton taxıl idxal edilir. Bu isə o deməkdir ki, hazırda Azərbaycanda taxıla olan tələbatın 50 faizi yerli istehsal hesabına ödənilir, qalan 50 faizi isə idxal edilir. Ancaq dövlətin strateji hədəfində ərzaqlıq buğda ilə təminatı 80 faizə çatdırmaqdır. Buna görə də işğaldan azad edilmiş ənənəvi taxılçılıq rayonlarında əkin sahələrinin həcmini genişləndirməklə qarşıya qoyulan məqsədlərə çatmaq prioritet məsələdir.
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2024-cü ildə işğaldan azad olunan rayonların ərazisində ən çox taxıl Füzuli rayonunda əkilib. Bu rayonda 45 585,6 hektar əraziyə taxıl əkilib. Digər rayonlarda taxıl əkilən sahələr aşağıdakı kimi olub. Ağdam rayonunda 22 628,7 hektar, Cəbrayıl rayonunda 16 150,2 hektar, Qubadlı rayonunda 12 075 hektar,
Zəngilan rayonunda 7 554 hektar, Ağdərə rayonunda, 5 116,3 hektar, Laçın rayonunda, 4 184,1 hektar, Xocalı rayonunda 3 791 hektar, Xocavənd rayonunda, 22 567 hektar, Şuşa rayonunda, 1 793,7 hektar,
Kəlbəcər rayonunda, 279,6 hektar… Nəticədə 2024-cü ildə işğaldan azad edilmiş ərazilərdə aparılmış taxıl yığımında ciddi artım müşahidə edilmişdir.
Bundan başqa, bu gün Azərbaycan özünü ət məhsulları ilə 80 faiz, quş əti ilə 80 faiz, süd və süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edir. Belə ki, 2025-ci ilin yanvar-may aylarında Azərbaycana 41,1 milyon ABŞ dolları dəyərində ət idxal olunub. Finss.az Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,3 milyon dollar və ya 15,1faiz azalma deməkdir. Hesabat dövründə ət idxalı ölkənin ümumi idxalında 0,41 faiz paya sahib olub.
Eyni zamanda, 2025-ci ilin ilk 5 ayında Azərbaycandan 519 min ABŞ dolları dəyərində ət ixracı həyata keçirilib. Bu isə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 29,6 min dollar və ya 6,1 faiz artım deməkdir. Qeyd edək ki, ölkədə 2025-ci ilin yanvar-may aylarında diri çəkidə 233,6 min ton ət istehsal olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 min ton və ya 1,2 faiz çoxdur. Bu gün dövlət tərəfindən qarşıya qoyulan əsas məqsəd növbəti 5 il ərzində Qarabağın və Şərqi Zəngəzurun bərəkətli torpaqlarını maldarlıq üçün istifadəyə qaytarmaqla ölkənin ətlə təminatını 90 faiz səviyyəsinə çatdırmaqdır. Ona görə ki, Laçının və Kəlbəcərin yaylaqları, geniş otlaq sahələri də artıq fermerlərin istifadəsinə verilib. İndi bu dağ rayonlarında onminlərlə böyük baş və xırda buynuzlu heyvanlar saxlanılır.
Prezident İlham Əliyev işğaldan azad olunmuş torpaqların aqrar potensialını qiymətləndirərkən demişdir ki, Kəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın çox böyük perspektivləri var: « Biz vaxt itirmədən artıq bir neçə ildir ki, çobanları qoyun sürüləri ilə artıq oraya göndərmişik və bunun nəticəsini görürük. Arıçıları göndərmişik. Artıq Kəlbəcər, Laçın rayonlarında yol boyunca yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür. Artıq biz bal ixracatçısına çevrilmişik. Eyni zamanda, Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, həmçinin üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etdirilməlidir. Dövlət öz tövsiyələrini verəcək, fermerlərə, oraya qayıdacaq vətəndaşlara həm dəstək göstərəcək, subsidiya verəcək, tövsiyə verəcək, onların yetişdirdikləri məhsulu bazarlara çıxarmaq üçün dəstək olacaq.»
Bütün bunlar bir daha aydın şəkildə göstərir ki, bu gün Azərbaycan dövlətinin aqrar sahəyə diqqət və qayğısı bu istiqamətdə ciddi nəticələrin olacağına zəmanət verir. Xüsusilə 2023-cü ildən etibarən fermerlərə 5 il müddətində ərzaqlıq buğda istehsalına görə subsidiyaların verilməsi ölkənin taxıl ehtiyatlarını, ərzaq məhsullarını artırmaq istiqamətində önəmli addımdır.
Bəli, bu, bir həqiqətdir ki, qanla alınan torpaqları alın təri ilə suvaranda Vətən olur. Eyni zamanda, o da gerçəklikdir ki, işğaldan azad edilmiş torpaqlardan səmərəli istifadə ölkəmizin aqrar sektorunda uğurları artıran mühüm amilə çevrilib. Bu isə o deməkdir ki, Qarabağın və Şərqi Zəngəzurun ənənəvi kənd təsərrüfatı potensialından səmərəli istifadə ölkəmizin iqtisadi gücünə güc qatacaq. Necə deyərlər, harada hərəkət varsa, orada bərəkət var. Yəni artıq Qarabağda Şərqi Zəngəzurda firavanlığın və bolluğun ayaq səsləri eşidilir.
Elçin Zaman, «İki sahil»