18 sentyabr 2025 17:45
79

Hərbi Zəfərdən yeni strateji-diplomatik qələbələrə

Azərbaycanın dövlət suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi qlobal səviyyədə tarixi əhəmiyyət kəsb edən hadisə kimi dəyərləndirilir. Azad edilmiş ərazilərdə sabitliyin bərpası, qanuni idarəetmə sisteminin möhkəmləndirilməsi və əhalinin təhlükəsizliyinin təmin edilməsi dövlətimizin qətiyyətli və məqsədyönlü siyasətinin nəticəsi olmuşdur. Eyni zamanda, bu proses milli birlik və həmrəyliyin bariz ifadəsi kimi çıxış etmiş, vətəndaşların sülh, əmin-amanlıq və davamlı inkişaf şəraitində yaşaması üçün möhkəm zəmin yaratmışdır.

2020-ci ilin 10 noyabrında imzalanmış kapitulyasiya aktına baxmayaraq, post-müharibə dövründə Qarabağda 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri qalmaqda davam edirdi. Üçtərəfli bəyanatın müddəalarına görə, bu qüvvələrin tərksilah edilməsi həyata keçirilməli idi. Lakin erməni separatçıları bölgədə təxribatlar törətməkdə, silahlanma prosesini davam etdirməkdə və qondarma “parlament” vasitəsilə Azərbaycanın əleyhinə qanunsuz bəyanatlar verməkdə davam edirdilər.

“Laçın” Nəzarət-Buraxılış Məntəqəsi Azərbaycan ərazisində qanunsuz silah daşınmasının qarşısını alaraq ərazidə sabitliyin təmin olunmasına mühüm töhfə vermişdir. Eyni zamanda, məntəqə bölgədə təhlükəsizlik və nəzarət imkanlarının davamlı olaraq gücləndirilməsinə xidmət etmişdir.

Azərbaycanın əsas məqsədlərindən biri mülki əhalinin təhlükəsizliyini təmin etmək və bölgədə sülh şəraitini bərqərar etmək idi. Bununla əlaqədar antiterror əməliyyatının planlaşdırılması zamanı hərbi birləşmələrə xüsusi tapşırıq verilmiş, mülki şəxslərin zərər görməməsi və qadın, uşaq, qocalar və fiziki məhdudiyyətli şəxslərin qorunması təmin edilmişdir. Azərbaycanın Müdafiə Nazirliyi əhaliyə məlumatlandırma mesajları göndərmiş və səsgücləndirici vasitələrlə onları hər hansı təxribatdan qorumuşdur.

2023-cü ilin 19–20 sentyabr tarixlərində həyata keçirilən anterror tədbirləri cəmi 23 saat 43 dəqiqə davam etmiş və qısa müddətdə əhəmiyyətli nəticələr vermişdir. Qeyri-qanuni erməni silahlı qüvvələri silahı yerə qoyaraq təslim olmuş,  Azərbaycan ərazilərini tərk etmişdir. Əməliyyat nəticəsində 406 kvadratkilometr ərazi azad edilmiş, düşmən ciddi canlı və texniki itkilərə məruz qalmışdır. Belə ki, şanlı ordumuzun dəqiq zərbələri ilə tanklar, artilleriya qurğuları, minaatanlar, zenit kompleksləri və digər hərbi texnika məhv edilmiş, 18 664 atıcı silah və 1731 döyüş texnikası ələ keçirilmişdir. Azərbaycan Ordusu yalnız hərbi üstünlüyünü nümayiş etdirməmiş, eyni zamanda humanist mövqeyini də ortaya qoymuşdur. Müvafiq tibbi və sosial dəstək tədbirləri həyata keçirilmiş, mülki əhalinin təhlükəsizliyi təmin edilmişdir.

Antiterror tədbirləri nəticəsində Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edilmiş, separatçıların əsas rəhbərləri həbs edilmiş və Azərbaycanın dövlət suverenliyi tam bərpa edilmişdir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində üçrəngli Azərbaycan bayrağı dalğalandırılmışdır. 2023-cü il oktyabrın 15-də Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən bu şəhərlərdə dövlət bayrağının ucaldılması tarixi bir hadisə kimi yaddaşlara həkk olunmuşdur.

Azərbaycan Respublikasında dövlət suverenliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində mühüm addımların göstəricisi olaraq Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə 20 sentyabr ölkəmizdə Dövlət Suverenliyi Günü elan edilmişdir. Sərəncamda qeyd olunur ki, cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir: “Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır”.

Beləliklə, 19–20 sentyabr tarixində həyata keçirilən antiterror əməliyyatı Azərbaycan dövlətinin qətiyyətli siyasətinin və ordunun yüksək hazırlıq səviyyəsinin göstəricisi olmaqla yanaşı, regional təhlükəsizliyin təmin olunması və uzunmüddətli inkişaf üçün möhkəm təməl yaratmışdır.

Bədəl Bədəlov,
​Milli Məclisin deputatı