19 sentyabr 2025 14:46
90

Erməni terrorunun Qarabağda mövcudluğuna necə son qoyuldu

2023-cü il sentyabrın 19‒20-də Xankəndi və ətraf ərazilərdə aparılan lokal xarakterli antiterror tədbirləri Azərbaycanın dövlət suverenliyinin təşəkkülündə mühüm tarixi mərhələdir. Rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirərək qondarma rejimin varlığına əbədi son qoyması beynəlxalq birlik tərəfindən tanınmış bütün ərazilərimiz üzərində suverenliyimizin və konstitusiya quruluşumuzun tam təmin edilməsi ilə nəticələndi. Bu tarixi gün dövlətçilik salnaməmizə şanlı günlərdən biri kimi əbədi həkk olundu.

Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdlərinə və ardıcıl təxribatlarına cavab olaraq başlanmış 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanan Azərbaycan xalqı öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünü təmin etmiş, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmişdir.

Azərbaycan tərəfindən kapitulyasiyaya məcbur edilən Ermənistan 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanata əsasən Qarabağ ərazisindəki silahlı dəstələri, hərbi texnika və sursatları çıxarmaq öhdəliyini üzərinə götürdü. Buna baxmayaraq, rəsmi İrəvan nəinki bu öhdəlikləri yerinə yetirməyə riayət edir, əksinə bölgədə silahlı qüvvələrinin sayını artırır, yeni silahlar alaraq təxribatlar törədir, ərazidə minalar basdıraraq insanların həyatına qarşı qəsdlərə davam edirdi.

Eyni zamanda, böyük itkilərə və ağır məğlubiyyətə rəğmən, Xankəndidəki terrorçu rejim xarici havadarlarına güvənərək sərsəm bəyanatlar səsləndirir, təxribatçı fəaliyyətləri ilə Azərbaycanın suverenliyi əleyhinə işlər görürdü.

Azərbaycan baş verən gərginliyin aradan qaldırılması, xalqların birgə yaşayışını təmin edəcək reinteqrasiya prosesinin və normallaşmanın bərqərar olması, problemlərin danışıqlar yolu ilə həllini tapması üçün humanist, sülhpərvər mövqe nümayiş etdirdiyi təqdirdə, Ermənistan davamlı sülh çağırışları və danışıqlardan boyun qaçırmaqla təxribatlarını davam etdirirdi.

2023-cü ilin sentyabrın 19-da Qarabağ bölgəsindəki erməni silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətməsi, kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda yenicə quraşdırılmış minalar nəticəsində mülki şəxslərin, Daxili Qoşunların hərbi qulluqçularının şəhid olması, bir neçə nəfərin ağır yaralanması Azərbaycan Respublikasının Silahlı Qüvvələri qarşısında başqa çıxış yolu qoymadı.

Antiterror əməliyyatı zamanı hərbçilərimiz böyük şücaət və peşəkarlıq göstərərək ağır relyef və düşmən tərəfindən yaradılmış güclü istehkamların mövcudluğu şəraitində bütün istiqamətlər üzrə hərbi uğurlar əldə etdilər. 406 km2 ərazi yad ünsürlərdən təmizlənərək Silahlı Qüvvələrimizin tam nəzarətinə keçdi.

Ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin 8 tankı, 22 artilleriya qurğusu, 14 minaatanı, 3 zenit kompleksi, 8 radioelektron mübarizə vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla çoxsaylı silah və texnikası məhv edildi, 1731 müxtəlif döyüş texnikası, eləcə də 18 min 664 atıcı silah ələ keçirildi. Silahı yerə qoyub döyüş mövqelərindən və hərbi postlarını tərk edən erməni silahlı dəstələri tam şəkildə tərksilah olundu, ağ bayraq qaldıran separatçıların mövcudluğuna əbədi son qoyuldu.

Azərbaycan növbəti dəfə humanizm nümayiş etdirərək ölkə qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq, təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsini təşkil etdi. Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstərildi.

Nəhayət sentyabrın 28-də Qarabağın separatçı rejiminin dırnaqarası “rəhbəri” Samvel Şahramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı.

Beləliklə, antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Azərbaycanın Zəfər tarixi Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda üçrəngli bayrağımızın yüksəldilməsi, ərazi bütövlüyümüzün tam bərpası ilə yekunlaşdı.

Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Dövlət Bayrağını ucaltdı. 2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan təntənəli hərbi paradın keçirilməsi Qələbəmizin möhtəşəm simvoluna çevrildi.

Ramid Namazov,
​Milli Məclisin deputatı