20 sentyabr 2025 00:00
143

Xocalıdan Ağdərəyə qədər hər qarış suverenlik və Zəfərin əbədi möhrünə çevrildi

Qarabağda dalğalanan üçrəngli Bayrağımız əbədi inkişafın, sabitliyin və milli iradənin sarsılmazlıq rəmzidir

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhər günləri artıq iki ildir ki, xüsusi dövlət tədbiri kimi qeyd edilir. Prezident İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-də bu günün rəsmi qaydada qeyd olunması ölkəmizin müasir tarixi üçün mühüm əhəmiyyət daşıyır. Çünki bu qərar yalnız tarixi bir hadisəni qeyd etmək məqsədi daşımır, eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünün tam bərpasının, suverenliyimizin hər qarış torpağın təsdiqlənməsinin rəmzinə çevrilmişdir. Bu əlamətdar günlərin təsis edilməsi təsadüfi deyil. Bu günün rəsmi şəkildə qeyd olunması, Azərbaycanın mübarizəsinin, azadlıq və ədalət uğrunda apardığı haqq yolunun nəticəsi olaraq ortaya çıxmışdır. Bu, 30 ildən artıq davam edən ağır sınaqların, minlərlə igid oğullarımızın canı və qanı bahasına əldə edilmiş zəfərin hüquqi və siyasi mükafatıdır. 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi qətiyyətli antiterror tədbirləri nəticəsində separatçı silahlı dəstələr tamamilə tərk-silah edildi, qanunsuz silahlı birləşmələr ölkəmizdən birdəfəlik çıxarıldı və dövlət suverenliyi bərpa olundu.

Azərbaycanın müasir tarixində unudulmaz səhifələrdən biri 2023-cü il oktyabrın 15-də yazıldı. Həmin gün Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu hadisə sadəcə bir dövlət rəmzinin qaldırılması deyildi, milli qürurun, ərazi bütövlüyünün tam bərpasının və tarixi ədalətin zəfərinin ən möhtəşəm simvolu idi. Prezident İlham Əliyev Xankəndinin mərkəzi meydanında bayrağımızı ucaldaraq çıxışında həmin tarixi anı bütün Azərbaycan xalqı ilə paylaşdı. Müzəffər Ali Baş Komandanın “Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm” sözləri bir millətin uzun illərdən bəri arzuladığı günün gerçəkliyə çevrilməsini ifadə etdi.

2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Prezident, Müzəffər Ali Baş Komandanın  iştirakı ilə keçirilən hərbi parada toplaşan insanlar üçün bu, yalnız mərasim deyildi; həm də Zəfərin davamlı təsdiqi, dövlət və ordu birliyinin göstəricisi idi. Hərbi paradda nümayiş olunan intizam və qüdrət xalqın milli iradəsinin və dövlət institutlarının fəaliyyətinin əyani sübutuna çevrildi. Bu hadisələrin ictimai-siyasi ölçüsü də böyükdür: Azərbaycanın regionda dayanıqlı mövqe qazanması, ərazi bütövlüyünün təmin olunması və obyektiv həqiqətlərin beynəlxalq aləmdə daha geniş qeyd olunması üçün geniş zəmin yarandı.

Suverenliymizin bərpasından dərhal sonra Xankəndidə Qarabağ Universitetinin yaradılması Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında həyata keçirilən quruculuq siyasətinin mühüm tərkib hissəsidir. Bu qərar yalnız yeni bir təhsil müəssisəsinin açılışı deyil, həm də Qarabağın dirçəliş strategiyasının elm və bilik üzərində qurulmasının bariz nümunəsidir. Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə təsis edilən Qarabağ Universiteti həm tarixi, həm də strateji əhəmiyyətə malikdir. Çünki işğaldan azad edilmiş ərazilərdə həyatın bərpası təkcə infrastrukturun tikilməsi və iqtisadi potensialın işə salınması ilə kifayətlənmir, bu ərazilərin intellektual mühitlə zənginləşdirilməsi, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması da vacibdir. Qarabağ Universitetinin Xankəndidə fəaliyyətə başlaması simvolik məna daşıyır. Uzun illər işğal altında qalan bu şəhərdə indi artıq elm ocağı formalaşır, gənclər təhsil almaq, gələcəklərini qurmaq imkanı əldə edirlər. Bu, həm də məcburi köçkünlərin Böyük Qayıdışına xidmət edən mühüm addımdır.

2023-cü il dekabrın 5-də qəbul edilmiş qanunla Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə aparılan dəyişikliklər nəticəsində mərkəzi Ağdərə şəhəri olmaqla yeni Ağdərə rayonunun yaradılması Azərbaycanın suverenlik siyasətində mühüm addımlardan biri kimi tarixə düşdü. Bu qərar təkcə inzibati idarəetmə baxımından yox, həm də siyasi, tarixi və strateji əhəmiyyətinə görə xüsusi məna daşıyır. Ağdərə rayonu 1992-ci ildən sonra faktiki olaraq ləğv edilmiş, onun əraziləri Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülmüşdü. Lakin 2020-ci ilin Zəfəri və ardınca 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirlərindən sonra Azərbaycan dövlətinin bu ərazilər üzərində tam suverenliyi bərpa olundu. Belə bir şəraitdə Ağdərənin ayrıca inzibati vahid kimi yenidən formalaşdırılması həm tarixi ədalətin bərpası, həm də bölgədə dövlət idarəçiliyinin səmərəli təşkili üçün zəruri idi. Yeni rayonun yaradılması bölgənin sosial-iqtisadi inkişafı baxımından da geniş imkanlar açır. Ağdərə həm təbii sərvətlərlə zəngindir, həm də strateji mövqeyə malikdir. Ağdərənin ayrıca rayon statusu qazanması isə bu imkanların daha məqsədyönlü şəkildə reallaşdırılmasına və dövlət proqramlarının effektiv tətbiqinə şərait yaradacaq.

2023-cü il dekabrın 21-də Xankəndi şəhərində keçirilən futbol oyunu həm Azərbaycan idman tarixi, həm də Qarabağın azad olunmuş torpaqlarının həyatına yenidən qovuşması baxımından simvolik hadisə oldu. Ağdamın “Qarabağ” komandası uzun illər boyu doğma meydanlarından uzaqda, Bakıda çıxış etməyə məcbur qalmışdı. Lakin qazanılan qələbələr, Avropada göstərilən yüksək nəticələr bu klubun təkcə bir futbol komandası yox, həm də işğal dövründə xalqın ümid və dözüm rəmzinə çevrilməsinə səbəb olmuşdu. İndi isə həmin komanda doğma Qarabağın qəlbi olan Xankəndidə meydana çıxaraq tarixdə yeni bir səhifə açdı. Prezident İlham Əliyevin Xankəndi stadionunda Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən görüşü izləməsi bu tədbirin dövlət səviyyəsində nə qədər önəmli olduğunun göstəricisi idi. Çünki bu oyun yalnız idman hadisəsi deyildi, həm də Azərbaycan dövlətinin Qarabağda həyatın bütün sahələrini, o cümlədən idmanı bərpa etmək əzmindən xəbər verirdi.

2020-ci ildə əldə edilən tarixi Zəfərdən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş torpaqlara ardıcıl səfərləri yeni mərhələnin – Qarabağın dirçəliş və inkişaf dövrünün rəmzinə çevrildi. Prezidentin Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə etdiyi səfərlər həm dövlət suverenliyinin bütün bölgədə bərpa olunmasını təsdiqlədi, həm də işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinin miqyasını nümayiş etdirdi. Xocavənddə və Hadrut qəsəbəsində təməlqoyma mərasimləri, yeni məhəllələrin salınması, məscidlərin və məktəblərin bərpası regionun sürətli dirçəlişini ortaya qoydu. Xocalıda Dövlət Bayrağının ucaldılması, Soyqırımı Memorialının təməlinin qoyulması, şəhərə köçən sakinlərlə görüşlər və sənaye müəssisələrinin istifadəyə verilməsi həm tarixi ədalətin, həm də inkişafın bərpa olunduğunu sübut etdi. Ağdərədə keçirilən mərasimlər – Sərsəng su anbarına gedən yolun açılışı, Suqovuşanda yeni yaşayış kompleksinin istifadəyə verilməsi və məscidin açılışı, eləcə də kəndlərdə sakinlərlə görüşlər bölgənin sürətlə yenidən qurulduğunu nümayiş etdirdi.

Beləliklə, Xocalıdan Ağdərəyə qədər bu bölgələrdə dövlət suverenliyinin bərqərar edilməsi, genişmiqyaslı quruculuq işlərinin aparılması və həyatın bütün sahələrinin yenidən canlanması Azərbaycanın müasir tarixində yeni mərhələ açdı. Prezident İlham Əliyevin siyasi iradəsi, xalq-dövlət-ordu birliyi və şəhidlərimizin müqəddəs qanı bahasına qazanılan bu Zəfər nəticəsində Qarabağ torpaqları yalnız hərbi və siyasi baxımdan deyil, həm də sosial, iqtisadi və mədəni cəhətdən böyük dirçəliş dövrünə qədəm qoydu. Qarabağda dalğalanan üçrəngli Bayrağımız bu gün təkcə qələbənin deyil, həm də əbədi inkişafın, sabitliyin və milli iradənin sarsılmazlığının rəmzinə çevrilmişdir.

Nigar Orucova, “İki sahil”