Hər bir ölkənin inkişafında iqtisadi tərəqqinin rolu əvəzsizdir. Azərbaycanın müasir inkişaf yolu da məhz bu amil üzərində qurulub. Ulu Öndər Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti sayəsində ölkəmiz dayanıqlı iqtisadi inkişaf mərhələsinə qədəm qoydu. Onun həyata keçirdiyi yeni neft strategiyası Azərbaycanın iqtisadi potensialını artırmaqla yanaşı, bütün bölgələrin sosial-iqtisadi inkişafını sürətləndirdi, xüsusilə işğaldan azad edilmiş torpaqlarımızın yenidən bərpası və quruculuq işlərinə mühüm töhfələr verdi. 31 il əvvəl Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissələrinin kəşf olunması və hasilatın pay bölgüsünə dair sazişin imzalanması ölkəmizi xarici sərmayələr üçün açdı, beynəlxalq əməkdaşlığa geniş imkanlar yaratdı. Bu saziş Azərbaycanın enerji sektorunda yeni bir dövrün başlanğıcı olmaqla, ölkəmizin dünya bazarlarında mövqeyini möhkəmləndirdi və iqtisadi inkişafın dayanıqlı əsaslarının formalaşmasına zəmin hazırladı. “Gülüstan” sarayında keçirilən imzalanma mərasimində Ümummilli Lider Heydər Əliyev bu mühüm hadisənin əhəmiyyətini xüsusi vurğulamışdır: “Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri, onların ən böyük şirkətləri arasında əlaqələr yaradır, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına, azad bazar iqtisadiyyatına qoşulması üçün əsas yaradırıq. Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən Azərbaycana investisiya qoyulması üçün böyük yol açırıq, digər şirkətlərin də Azərbaycanda fəaliyyət göstərməsi üçün zəmin yaradırıq”.
Ulu Öndər Heydər Əliyevin Prezident seçilməsindən sonra ilk prioriteti Ermənistanın təcavüzünün qarşısını almaq və atəşkəsin əldə olunması oldu. Ardınca o, ölkənin iqtisadi inkişafı və xalqın rifahını təmin etmək məqsədilə neft strategiyasını reallaşdırmağa başladı. Qərbin aparıcı neft şirkətlərinin sərmayəsi olmadan Azərbaycanın dünya bazarına neft çıxarmaq imkanları məhdud idi. Danışıqlar çətin və gərgin şəraitdə aparılırdı. Xarici şirkətlər Azərbaycanın strateji mövqeyini yüksək qiymətləndirsələr də, sərmayə yatırmaq və hasilata başlamaqla bağlı tərəddüd edirdilər. Məhz bu mərhələdə neft strategiyasının formalaşmasından başlayaraq, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. Onun bütün fəaliyyətinin mərkəzində özünün yığcam şəkildə ifadə etdiyi belə bir ideya dururdu: “Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildi. Bizim məqsədimiz neftdən gələn bütün, həm siyasi, həm iqtisadi mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir”.
Bu baxış bucağı neftin yalnız bir resurs deyil, həm də milli tərəqqiyə aparan yol olduğunu göstərirdi. “Əsrin müqaviləsi” ilə bağlı danışıqların 1994-cü ilin yazında İstanbulda, yayında isə Hyustonda keçirilən son mərhələləri xüsusilə çətin və gərgin keçdi. Bəzən danışıqlarda ciddi böhran anları yaşanır, müəyyən şərtlərin qəbuledilməzliyi səbəbindən proses demək olar ki, dayandırılmaq məqamına gəlirdi. Həmin mürəkkəb dövrü Prezident İlham Əliyev belə xatırlayır: “Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik".
Məhz bu milli məsuliyyət hissi və prinsipial mövqe nəticəsində bütün çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın strateji maraqlarına tam uyğun şəkildə hazırlandı.
1994-cü il sentyabrın 20-də ARDNŞ ilə 6 ölkənin 10 aparıcı neft şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında “Əsrin müqaviləsi” imzalandı. Bu müqavilə ilə Azərbaycanın neft sənayesinə “Amoco”, BP, “McDermott”, UNOCAL, “Lukoyl”, “Statoil”, “Exxon”, “Türkiyə Petrolları”, “Pennzoyl”, ITOCHU, “Ramco” və “Delta” kimi nüfuzlu şirkətlər tərəfindən böyük həcmdə sərmayə yatırılmasına razılıq verildi.
Bu gün qürurla deyə bilərik ki, ölkəmizə yatırılan investisiyaların böyük hissəsi neft-qaz sektoruna yönəlib. Son 22 il ərzində iqtisadi artım əsasən qeyri-neft sahələri sayəsində əldə olunub və bu da iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurunu göstərir. Yalnız paytaxt Bakı deyil, bölgələrimiz də iqtisadi inkişafı ilə xarici investorların diqqətini çəkir. Hazırkı reallıqlar göstərir ki, Azərbaycan qarşıya qoyduğu bütün hədəflərə uğurla çatır. Hər bir layihənin müvəffəqiyyətlə tamamlanması növbəti böyük layihələrin başlanmasına zəmin yaradır. Azərbaycan isə beynəlxalq səviyyədə təşəbbüsləri həyata keçirən və etibar qazanan ölkə kimi tanınır.
Dövlət başçısı İlham Əliyev 2006-cı ildə Azərbaycan neftinin Ceyhan terminalına çatması münasibətilə xalqa müraciətində bu mühüm məqama toxunmuşdur: “Gəlin fərz edək ki, əgər 1994-cü ildə "Əsrin müqaviləsi" bağlanmasaydı, nə olardı, əgər çətin, ağır şəraitdə Heydər Əliyevin səyləri nəticəsində biz Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisinə başlamasaydıq nə olardı? Azərbaycan hansı problemlərlə üzləşərdi? İndi Azərbaycanın dünyadakı mövqeləri necə ola bilərdi? Əlbəttə, bunu təsəvvür etmək çətin deyildir. Bu gün Azərbaycanın inamlı inkişafının əsas səbəbi məhz 1990-cı illərin ortalarında ulu öndər Heydər Əliyev tərəfindən başlanmış neft strategiyasıdır. Bu neft strategiyası bizə böyük imkanlar yaratdı, böyük imkanlar da yaradacaqdır və biz bundan səmərəli istifadə edəcəyik.”
1999-cu ildə Dövlət Neft Fondunun yaradılması Ulu Öndər Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasətinin bariz nümunəsi idi. Bu fond neft gəlirlərinin səmərəli idarə olunmasını təmin etmək məqsədi ilə təsis edilmişdir və vəsaitlərindən istifadə edilərək ölkənin sosial-iqtisadi inkişafı üçün mühüm layihələr həyata keçirilir. Dövlət Neft Fondunun yaradılması və sonrakı strateji addımlar Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi və milli rifahın yüksəldilməsi üçün əsas təməl olmuşdur. Dövlət Neft Fondu sayəsində Azərbaycan iqtisadiyyatının dayanıqlılığı və gələcək nəsillərin rifahı təmin olunur. Ulu Öndərin əsasını qoyduğu neft strategiyasının uğurla davam etdirilməsi üçün daha bir əhəmiyyətli tarixi sənəd imzalanmışdır. 2017-ci il sentyabr ayının 14-də Bakı şəhərindəki Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında kontraktın imzalanması mərasimi keçirildi. Bu sənədin imzalanması ilə neft yatağının işlənmə müddəti 2050-ci ilə qədər uzadıldı. Yeni sazişin imzalanması mərasimində Prezident İlham Əliyev “Əsrin kontraktı”nı Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən biri kimi dəyərləndirərək bildirmişdir ki, bu mühüm sənəd ölkəmizin iqtisadi inkişafının təməlini qoymuşdur. Dövlət başçısı vurğulamışdır ki, bu kontraktın nəticələri artıq real həyatda özünü göstərir və Azərbaycan xalqı həmin nəticələri gündəlik həyatında aydın şəkildə hiss edir.
Bu gün “Əsrin müqaviləsi”nin qazandırdığı təcrübə, iqtisadi dayanıqlıq və beynəlxalq nüfuz Azərbaycanın yaşıl enerji sahəsində də mühüm uğurlar əldə etməsinə zəmin yaradır. Bu strateji sənəd yalnız neft sektorunun inkişafı ilə kifayətlənməyib, eyni zamanda ölkəmizin enerji siyasətini diversifikasiya etməsinə, alternativ və bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsinə şərait yaradıb. Neft ixracından əldə olunan gəlirlər bu gün Azərbaycanın enerji keçidi siyasətinə xidmət edən layihələrə yönləndirilir və yaşıl enerji sahəsinə xarici sərmayələrin cəlb olunmasında əsas inam mənbəyi kimi çıxış edir. “Əsrin müqaviləsi” sayəsində ölkə iqtisadiyyatında sabitlik təmin olunub, qeyri-neft sektorunun inkişafı üçün güclü baza formalaşıb. Bu müqavilə, həmçinin Azərbaycan əhalisinin sosial rifahının yüksəldilməsində, infrastrukturun yenilənməsində, regionların dirçəlməsində, eləcə də təhsil, səhiyyə və digər sahələrə yatırımların artmasında mühüm rol oynayıb. Əldə olunan gəlirlər təkcə iqtisadi deyil, siyasi və hərbi gücün formalaşmasına da mühüm töhfə verib. Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınması, siyasi nüfuzunun artması, regional təşəbbüslərdə liderliyinin güclənməsi də bu neft strategiyasının uzunmüddətli nəticələrindəndir. Məhz bu güclü iqtisadi-siyasi baza və xalq-iqtidar birliyi sayəsində 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanaraq torpaqlarımızı işğaldan azad etdi. Bu Qələbənin təməlində duran əsas amillərdən biri də məhz “Əsrin müqaviləsi” ilə başlanan strateji inkişaf xətti və bu siyasətin ölkəmizə qazandırdığı gücdür.
Bu gün işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurda, eləcə də Naxçıvan Muxtar Respublikasında, Xızı rayonunda və Abşeron yarımadasında alternativ enerji mənbələrinin yaradılması və inkişaf etdirilməsi istiqamətində ciddi addımlar atılır. Bu sahəyə böyük sərmayələr yatırılır, beynəlxalq təcrübəyə malik, innovativ texnologiyalar tətbiq edən şirkətlər ölkəmizə dəvət olunur. Bu təşəbbüslər Azərbaycanın enerji sektorunun müasirləşdirilməsi və davamlı inkişafını təmin etməklə yanaşı, regionların sosial-iqtisadi inkişafına da yeni təkan verir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində enerji balansında bərpaolunan enerjinin payını 30 faizə yüksəltmək məqsədi ölkəmizin gələcəkdə enerji təhlükəsizliyinin daha da gücləndirilməsini, iqtisadiyyatın dayanıqlılığının artırılmasını və ətraf mühitin mühafizəsini təmin etməyi hədəfləyir. Bu, həmçinin ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılması, karbon qazı emissiyalarının azaldılması və yaşıl inkişaf prinsiplərinə uyğun hərtərəfli siyasətin formalaşdırılması baxımından böyük əhəmiyyətə malikdir. Bərpaolunan enerji mənbələrinin inkişafı Azərbaycanın enerji sektorunda diversifikasiyanı təmin etməklə, gələcək nəsillər üçün təmiz və təhlükəsiz enerji təminatı yaratmaqla yanaşı, qlobal iqlim dəyişiklikləri ilə mübarizədə də ölkəmizin rolunu artırır. Bu istiqamətdə görülən işlər Azərbaycanın regional və beynəlxalq enerji bazarlarında rəqabət qabiliyyətini daha da yüksəldir, iqtisadi müstəqilliyimizi möhkəmləndirir və dayanıqlı inkişaf strategiyasının həyata keçirilməsində mühüm mərhələdir.
Bölgələrimiz arasında sağlam rəqabət mühiti formalaşıb. Prezident İlham Əliyevin irəli sürdüyü iqtisadi təşəbbüslər ictimaiyyət tərəfindən yüksək rəğbətlə qarşılanır və geniş dəstək qazanır. Bir çox neft hasil edən ölkələrdən fərqli olaraq Azərbaycan neft gəlirlərini insan kapitalına çevirməyi bacarıb. İqtisadi inkişafın əsasını təşkil edən üç mühüm istiqamət -enerji, nəqliyyat və ərzaq təhlükəsizliyi sahələrində davamlı tərəqqi müşahidə olunur. Bu inkişafın təməlində isə Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası və həmin strategiyanın bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl və uğurlu şəkildə həyata keçirilməsi dayanır. “Əsrin müqaviləsi” yalnız iqtisadi deyil, həm də siyasi baxımdan ölkəmizə mühüm dividendlər qazandırdı, Azərbaycanı iri investisiyalar üçün cəlbedici məkana çevirdi, sabitlik və etibarlılıq nümunəsi kimi mövqeyini daha da möhkəmləndirdi. Bu müqavilədən sonra imzalanan çoxsaylı neft-qaz sazişləri və Anlaşma memorandumları Azərbaycanın beynəlxalq nüfuzunun və tərəfdaşlıq imkanlarının göstəricisidir.
Ölkə iqtisadiyyatına yönələn investisiyaların həcminin ildən-ilə artması, xüsusilə daxili investisiyaların xarici investisiyaları üstələməsi Azərbaycanın öz iqtisadi gücünə və sahibkarlıq potensialına verdiyi önəmin göstəricisidir. Bu, həm də dövlətin sahibkarlığın inkişafına göstərdiyi ardıcıl dəstəyin bariz təzahürüdür. Yaradılan münbit biznes mühiti, vergi və maliyyə təşviqləri, həmçinin dövlət proqramları nəticəsində yerli iş adamları daha aktiv fəaliyyət göstərir, iqtisadiyyatın müxtəlif sahələrinə sərmayələr yönəldilir. Bununla yanaşı, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi və aqrar sahənin dayanıqlı inkişafı dövlət siyasətinin əsas prioritetlərindəndir. Bu məqsədlə ölkənin müxtəlif bölgələrində müasir tələblərə cavab verən aqroparklar və iri fermer təsərrüfatları yaradılır. Yeni texnologiyalara əsaslanan bu təsərrüfatlar məhsuldarlığın artırılmasına, ixrac potensialının genişləndirilməsinə və kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Artıq beş ilə yaxındır ki, Azərbaycan öz tarixinin mühüm və şərəfli mərhələsini yaşayır. İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. Bu proses təkcə fiziki infrastrukturun yaradılması ilə məhdudlaşmır, eyni zamanda, ölkənin gələcək iqtisadi inkişafı üçün strateji zəmin formalaşdırır. İqtisadi rayonların yeni bölgüsü və «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»in təsdiqlənməsi gələcək inkişaf modelinin əsas konturlarını müəyyən edir. Bu sənədlər regionların ixtisaslaşması, resurslardan səmərəli istifadə, rəqabətqabiliyyətli iqtisadi mühitin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr-yaşayış kompleksləri, sənaye parkları, aqroparklar, nəqliyyat və logistika infrastrukturu bölgənin böyük investisiya məkanına çevriləcəyini deməyə əsas verir. Bu bölgələr təkcə iqtisadi inkişaf deyil, həm də dayanıqlı məskunlaşma, sosial rifah və milli birliyin rəmzinə çevrilməkdədir.
Şəmsiyyə Əliqızı, “İki sahil”