Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatı davam edir.
“İki sahil” xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçiləri 1 qızıl və 1 bürünc medal qazanıb.
Ülvü Qənizadə (72 kiloqram) finalda ötən il həlledici görüşdə məğlub etdiyi İbrahim Qanemlə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada rəqibinə 4:2 hesabı ilə qalib gələn həmyerlimiz titulunu qoruyub və 2-ci dəfə dünya çempionu olub.
Murad Əhmədiyev (97 kiloqram) bürünc medal uğrunda görüşdə macarıstanlı Aleks Soke ilə üz-üzə gəlib. Güləşçimizin ilk hissədə işlətdiyi 4 xallıq fənd qarşılaşmada həlledici rol oynayıb. Yekunda 5:5 hesabı qeydə alınsa da, xalların keyfiyyətinə görə sevinən tərəf Əhmədiyev olub. Beləliklə, Murad dünya çempionatında debütünü bürünc medalla qeyd edib.
Bununla da yunan-Roma güləşçilərimizin mundialda medal sayı 3-ə çatıb.
Xatırladaq ki, ötən gün Eldəniz Əzizli (55 kiloqram) dünya üçüncüsü olub.