21 sentyabr 2025 00:40
89

Rumıniyada Bistret gölü quruyub

Rumıniyanın cənubundakı Bistret gölünün böyük hissəsi quraqlıq və yerli müəssisələrin sui-istifadəsi nəticəsində susuz qalıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Digi24” məlumat yayıb.

Olteniya tarixi bölgəsindəki ən böyük göllərdən biri uzunmüddətli quraqlıq səbəbindən “çılpaq səhraya” çevrilib.

2200 hektar ərazini əhatə edən Bistret gölü 2007-ci ildən qorunan statusa malikdir və əvvəllər 135 quş növünə, o cümlədən qutanlar kimi nadir növlərə ev sahibliyi edirdi. Həmçinin göl kommersiya balıqçılığı üçün istifadə olunurdu.

Səlahiyyətlilər bildiriblər ki, gölün qurumasının əsas səbəbləri hava şəraiti və yerli müəssisələrin, hətta qadağan olunduğu dövrlərdə belə, suvarma üçün qeyri-qanuni su çıxarmasıdır. Jiu Çay Hövzəsi İdarəsi ən azı bir belə hadisənin qeydə alındığını açıqlayıb.

Yerli sakinlər gölün qurumasının nəticələrini fəlakətli adlandırırlar.