21 sentyabr 2025 15:35
101

Qəbələdə III MDB Oyunlarına hazırlıq məqsədilə test xarakterli futbol matçı keçirilib

Qəbələ şəhər stadionunda III MDB Oyunlarına hazırlıq məqsədilə test xarakterli futbol matçı keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə yarışın mətbuat xidmətindən bildirilib.

Oyun III MDB Oyunlarının Təşkilat Komitəsi tərəfindən təşkil olunub. Test matçında "Qəbələ"nin aşağı yaş qrupları üzrə komandaları qarşılaşıblar.

III MDB Oyunları öncəsi təşkil edilən test yarışlarında təşkilati məsələlər yoxlanılır, texniki detallar sınaqdan keçirilir və təhlükəsizlik tədbirlərinin təşkili də ətraflı şəkildə yoxlanılır.

Qeyd edək ki, III MDB Oyunları bu il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunacaq. Yarışın açılış mərasimi sentyabrın 28-də, bağlanış mərasimi isə oktyabrın 8-də Gəncə şəhər stadionunda baş tutacaq.

III MDB Oyunları çərçivəsində futbol yarışları Qəbələ şəhər stadionunda təşkil olunacaq.