22 sentyabr 2025 01:28
89

“Gazprom” Serbiyanın NIS şirkətindəki səhmlərinin bir hissəsini satıb

Rusiyanın “Gazprom” şirkəti Serbiyanın “Naftna Industrija Srbije” (NIS) neft şirkətindəki səhmlərinin bir hissəsini satıb.

“İki sahil” xəbər verir ki, Sankt-Peterburqdakı “Intelligence” səhmdar cəmiyyəti “Gazprom”dan NIS səhmlərinin 11,3 faizini alıb. Həmin şirkət də “Gazprom”un törəmə müəssisəsidir.

Hazırda NIS-də ən böyük pay 44,85 faizlə “Gazprom Neft” şirkətindədir, ikinci səhmdar isə 29,87 faizlə Serbiya dövlətidir. Qalanları kiçik səhmdarlardır.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi ilin əvvəlində “Naftna Industrija Srbije” şirkətini sanksiya siyahısına daxil edib. Bu addım Rusiyanın enerji sektoruna tətbiq edilən yeni məhdudiyyətlərin bir hissəsi olaraq atılıb.

Serbiyanın Mədənçilik və Energetika Nazirliyi ABŞ tərəfinə şirkətə qarşı sanksiyaların təxirə salınması üçün yenidən məktub göndərib. ABŞ NIS-ə qarşı sanksiyaları sayca 6-cı dəfə təxirə salıb, hazırki müddət sentyabrın 26-da başa çatır.

Serbiya hökuməti 2008-ci ildə NIS şirkətinin səhmlərini Rusiyanın “Gazprom Neft” şirkətinə satıb.