Hər günü bir qəhrəmanlıq dastanına çevrilən, Azərbaycan tarixinə parlaq səhifə kimi yazılan İkinci Qarabağ müharibəsi ölkəmizin hərbi gücünü, Azərbaycan Ordusunun haqq işi uğrunda ədalətli savaşını dünyaya göstərdi. Hərbçilərimizin qəhrəmanlığı sayəsində 44 günə əldə edilən tarixi Zəfər dünyanı heyran etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı günün – sentyabrın 27-nin Anım Günü kimi qeyd edilməsi qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Vətən müharibəsinin birinci günü Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev televiziya ilə xalqa müraciət edərək Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə törətdiyi təxribatlara cavab olaraq ordumuzun genişmiqyaslı əks-hücum əməliyyatına başladığını bəyan etdi: «Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!». Dövlətimizin başçısının xalqa müraciətində dediyi bu sözlər hər bir azərbaycanlını düşmən üzərində Qələbəyə ruhlandıran şüara çevrildi. Məhz əks-hücum əməliyyatının ilk saatlarında cəbhə xəttindən bir-birinin ardınca xoş xəbərlər gəlməyə başladı. Düşmənin xüsusilə möhkəmləndirilmiş ön müdafiə xəttini yaran Azərbaycan Ordusunun Füzuli rayonunun Qaraxanbəyli, Yuxarı Əbdürrəhmanlı, Horadiz və Qərvənd, Cəbrayıl rayonunun Nüzgar və Böyük Mərcanlı kəndlərini, Ağdərə rayonunda və Murovdağ silsiləsində mühüm strateji yüksəklikləri azad etməsi böyük ruh yüksəkliyi ilə qarşılandı.
«Dəmir yumruq» əməliyyatının qısa xronikası isə belədir. Azərbaycan Ordusu oktyabrın 3-də şimal cəbhəsində mühüm strateji əhəmiyyətə malik Madagiz kəndini işğaldan azad etdi. Bundan bir gün sonra Cəbrayıl şəhəri, oktyabrın 9-da isə Hadrut qəsəbəsi düşməndən təmizləndi. Ermənistan silahlı qüvvələrinin “məğlubedilməzlik” mifini darmadağın edən rəşadətli Ordumuz oktyabrın 17-də Füzuli şəhərində Azərbaycan Bayrağını ucaltdı. Bir gün sonra Dövlət Bayrağımız qədim Xudafərin körpüsü üzərində dalğalanmağa başladı. Oktyabrın 20-də isə Zəngilan şəhəri işğaldan azad olundu.
Ordumuz oktyabrın 25-26-da Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının 17 kəndini və Qubadlı şəhərini işğaldan azad etdi. Oktyabrın 28-dən noyabrın 7-dək olan müddətdə 53 kəndi və bir neçə strateji yüksəkliyi azad edən Azərbaycan Ordusunun növbəti hədəfi Qarabağın döyünən ürəyi Şuşa şəhəri idi. Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüləri çox böyük rəşadət göstərərək çətin relyefə malik dağ, meşə cığırlarından keçib sıldırım qayalara dırmaşaraq, bir neçə istiqamətdən Şuşaya daxil oldular. Qəhrəman Ordumuz dünya hərb tarixində özünəməxsus yer tutan Şuşa əməliyyatını uğurla başa çatdırdı. Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsi müjdəsini xalqımıza noyabrın 8-də səhər saatlarında Şəhidlər xiyabanından çatdırdı.
Prezident böyük qürur hissi ilə xalqımızı təbrik etdi: «İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu Qələbəni biz döyüş meydanında qazandıq».
Hər il sentyabrın 27 Anım günündə xalqımız Vətən müharibəsi şəhidlərinin xatirəsini böyük hörmət və sayğı ilə yad edir. Şanlı Zəfər naminə həyatlarını qurban vermiş qəhrəmanlarımızı anılır. Onlar əsl vətənpərvərlik və Vətənə sədaqət nümunəsi nümayiş etdirərək öz qorxmazlığı, cəsarəti, möhkəm iradəsi və ruh yüksəkliyi sayəsində işğalçını darmadağın edib, ölkəmizin ərazi bütövlüyünü bərpa ediblər. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramımızı bir daha bildirmək üçün bu gün təsis edilmişdir. Allah bir daha bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, uzun ömür versin!
Nazimə Şamıyeva,
YAP Füzuli rayon təşkilatının sədri