Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) Respublika Komitəsi tərəfindən ilk təşkilatlarla görüş keçirilib. Tədbirdə Konfederasiyanın məsul əməkdaşları, ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev, Respublika Komitəsinin rayon komitələrinin sədrləri və 450 nəfərə yaxın ilk təşkilat sədrləri iştirak ediblər.
“İki sahil” xəbər verir ki, görüş Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan ETİHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə tədbirin keçirilmə məqsədindən danışaraq vurğulayıb ki, bu görüşlər üzv təşkilatlarla daha sıx əməkdaşlığa, qarşılıqlı fikir mübadiləsinə xidmət edir.
Daha sonra AHİK sədrinin müşaviri Cəmaləddin Quliyev Konfederasiyanın son illərdə reallaşdırdığı layihələr, üzv təşkilatların fəaliyyətinin dəstəklənməsi və əmək hüquqlarının müdafiəsi istiqamətində görülən işlər barədə çıxış edib. AHİK-in digər müşaviri Kamran Umudov isə görülmüş işlərdə hesabatlılıq sisteminin təmin olunması ilə bağlı məruzə edib.
ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev geniş təqdimatla çıxış edib. Təqdimatda təhsil sahəsində çalışan ittifaq üzvlərinin sosial-iqtisadi hüquqlarının təmin edilməsi, qanuni mənafelərinin müdafiəsi, asudə vaxtlarının səmərəli təşkili, sağlamlıq və istirahət imkanlarının genişləndirilməsi, həmçinin təşkilatın beynəlxalq əlaqələri və əməkdaşlıq istiqamətləri barədə ətraflı məlumat verilib.
Sonda Qaradağ, Binəqədi, Yasamal, Səbail, Nəsimi və Nərimanov rayonlarının ilk təşkilat sədrlərinin sualları cavablandırılıb, onların təklifləri dinlənilib. Görüş zamanı həm AHİK-in məsul əməkdaşları, həm də ETİHİ sədri Araz Paşayev ittifaq üzvlərini maraqlandıran bütün məsələlərə ətraflı cavab veriblər.
Qeyd edək ki, rayon və şəhər komitələrinin ilk təşkilatlarla görüşləri qarşıdakı günlərdə bölgələrdə də davam etdiriləcək.