27 sentyabr milli ruhumuzun mücadiləyə kökləndiyi, milli həmrəyliyimizin ən yüksək səviyyədə özünü nümayiş etdirdiyi və doğma torpaqlarımızı işğaldan azad etmək üçün hərbi-siyasi gücümüzün qətiyyətlə ortaya qoyulduğu şərəfli bir gündür
Məlum həqiqətdir ki, 1988-ci ildən başlayan Qarabağ hadisələri nəticəsində tarixi torpaqlarımız işğal olundu, on minlərlə günahsız insan, o cümlədən uşaqlar və qocalar öldürüldü, yüz minlərlə soydaşımız öz tarixi torpaqlarından didərgin düşdü. Şəhərlər, kəndlər dağıdıldı, tarixi və mədəniyyət abidələrimiz məhv edildi. Azərbaycan dövləti dəfələrlə münaqişənin danışıqlar yolu ilə həllinə çalışsa da, qarşı tərəf beynəlxalq hüquq qaydalarını kobud şəkildə pozur, məsələnin həlli üçün uzun illər aparılan danışıqları nəticəsiz qoyurdu. Bu müddət ərzində Azərbaycan tarixi torpaqlarının işğalı ilə barışmadığını dəfələrlə nümayiş etdirmişdi. 2016-cı ilin aprel ayında Lələtəpədəki, 2020-ci ilin iyul ayında Tovuzdakı döyüşlər və s. bunun bariz nümunəsidir.
İşğalçı Ermənistanın çirkin siyasətini davam etdirməsi, dinc əhaliyə mütəmadi atəş açması, ərazilərimizdə təxribatlar törətməsi dövlətin və xalqın səbr kasasını doldurmuşdu. 27 sentyabr 2020-ci il tarixində düşmənin növbəti təxribatını dəf etmək və təcavüzə son qoymaq üçün Ali Baş Komandan İlham Əliyev bütün cəbhə boyu əks-hücuma keçmək haqqında əmr verdi. Ali Baş Komandanın müdrik rəhbərliyi ilə işğalçı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə cavab olaraq, torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlar həmrəylik, əzm və iradə nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdilər. Həmin günlərdə Səfərbərlik və hərbi çağırış xidməti idarələrinin qarşısı gənclərlə, ehtiyatda olan zabitlərlə dolu idi. Hər bir azərbaycanlı əsgərlərimizin yanında olmaq, onlarla birgə döyüşmək istəyirdi. İkinci Qarabağ müharibəsinin 44-cü günündə Ali Baş Komandan, Prezident İlham Əliyevin əmrini şərəflə yerinə yetirən əsgər və zabitlərimizin yüksək vətənpərvərliyi, igidliyi və yenilməzliyi, Prezident-xalq-ordu birliyi sayəsində ədalət bərpa olundu, işğala son qoyuldu, Ermənistan və onun “yenilməz ordusu” döyüş meydanında darmadağın edildi, düşmən diz çökdü. Beləliklə, 44 gün ərzində müzəffər Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi, haqq savaşında ZƏFƏR çaldı. Tarixi ədalət bərpa olundu! Azərbaycan Qarabağa qovuşdu, haqq öz yerini tutdu!
Azərbaycan Ordusu 27 sentyabrdan noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. 44 gün ərzində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana təhvil verildi. Bununla da rayonun işğal edilmiş 73 faiz ərazisi, o cümlədən Ağdam şəhəri azad olundu. Üçtərəfli Bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana qaytarıldı. Kəlbəcər şəhəri də daxil olmaqla, 147 yaşayış məntəqəsinin işğalına son qoyuldu. Dekabrın 1-də isə Laçın rayonu Azərbaycana təhvil verildi. Nəhayət, 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli Bəyanata uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.
2023-cü il sentyabrın 19-da üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək, Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və ölkənin Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Cəmi 23 saat 43 dəqiqə davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarıldı, nəticədə erməni separatçılar ağ bayraq qaldırmağa məcbur oldular. Beləliklə, Azərbaycan öz coğrafiyası üçün xain əllərin cızdığı bütün məkrli planları alt-üst edərək torpaqlarına sahib çıxdı. Sovet dövründən miras qalmış “Dağlıq Qarabağ” söz birləşməsini leksikondan çıxarıldı, Qarabağ və Şərqi Zəngəzur inzibati ərazi vahidlıri təsis olundu. Doğma torpaqlarımız öz sahibinə qovuşmaqla bərabər, həm də öz tarixi adlarına qovuşdu.
Azərbaycan xalqı, Azərbaycan Ordusu 27 sentyabr tarixində başlatdığı mübarizə ilə sadəcə işğaldakı torpaqlarını azad etməmiş, həm də milli qürurunu, milli ləyaqətini bərpa etmiş, ərazi baxımından olduğu kimi, mənəvi baxımdan da bütövləşmişdir. Bu həqiqət Prezident İlham Əliyevin çıxışlarında da öz əksini tapmış, Müzəffər Ali Baş Komandan tərəfindən dəfələrlə dilə gətirilmişdir. Dövlət başçısının 2021-ci ilin 27 sentyabr tarixində xalqa müraciəti buna sübutdur. Prezident İlham Əliyev həmin tarixi müraciətində demişdir: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”.
44 günlük Vətən müharibəsinin başlamasından artıq beş il ötür. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilmiş “Anım Günü” Vətən müharibəsində qəhrəmancasına döyüşərək ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizin əziz xatirəsinə dərin ehtiramın ifadəsidir. Biz sadəcə 27 sentyabr tarixində deyil, hər zaman qəhrəman şəhidlərimizi sevgi ilə anır, onlarla fəxr edir, qəlbən öz minnətdarlığımızı bildiririk. Çünki dövlətimizin ərazi bütövlüyü məhz onların sayəsində bərpa olunub. Xalqımız öz mənəvi bütövlüyünü, öz qürurunu məhz onların igidliyi, fədakarlığı sayəsində bərpa edib. Məhz onların sayəsində biz hər kəsin gözünə dik baxa, öz milli kimliyimizlə fəxr edə, işğaldan azad edilən torpaqlarımızda azad və qürurla gəzə bilirik. Bu müharibədə Ali Baş Komandan həm də diplomat kimi olduqca yüksək səriştə göstərdi. Dünya ictimaiyyətinə Azərbaycanın haqq savaşını çatdırdı. Qürurvericidir ki, Azərbaycan xalqı qələbə üçün gərəkli olan bütün amilləri ortaya qoya bildi. Vətən müharibəsi zamanı 3000-ə yaxın hərbçimiz şəhid oldu, 7 nəfər itkin düşdü, Ermənistanın dinc əhaliyə qarşı cinayətləri nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verildi.
Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq 2021-ci il sentyabrın 27-də - Anım Günündə Bakı şəhərində yürüş təşkil edildi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, gənc kursantlar və hərbçilər Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimiz, itkin düşən hərbçilərimiz və Ermənistan dövləti tərəfindən törədilən insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində qətlə yetirilən mülki əhalimizin hər birinin fotolarından ibarət plakatlarla yürüş edərək xalqın birliyinin daimi və sarsılmaz olduğunu, Vətənə sevgi, şəhidlərimizə ehtiramın əbədiliyini bir daha nümayiş etdirdilər.
Sevinc Azadi, “İki sahil”