Azərbaycana qarşı şər, böhtan şəbəkəsi quran erməni lobbisinin güclü təsiri altında olan mərkəzlər ayrı-ayrı Qərb ölkələrində müxtəlif bəhanələrlə sığınacaq tapan “sapı özümüzdən olan baltalar”ı- xəyanətkar, zombiləşmiş zümrəni qrantlarla, ianələrlə şirnikiləndirərək öz çirkin oyunlarına alət ediblər. Bu antimilli ünsürlərin fəaliyyət proqramının kökündə zoru, pozuculuğu, anarxizmi daha da şiddətləndirmək naminə ən məkrli və avatürist metodlardan istifadə edilməsi dayanır. Şübhəsiz, erməni lobbisinin təsiri altında olan bəzi xarici təşkilatların və Azərbaycan əleyhdarlarının verdikləri pulların qarşılığında onların basqı və həmlələrinin bu xəyanətkar dəstənin başı üzərində “Demokl qılıncı” kimi asıldığı da danılmaz faktdır.
Anti-Azərbaycan dairələrin və müxtəlif xarici xüsusi xidmət orqanlarının toruna düşən, bütün əxlaq normalarını, prinsip və ideallarını heçə sayan, xarici xüsusi xidmət orqanlarının qarmağına keçərək onlara köləlik edən, zombiləşərək dövlətimizə, dövlətçiliyimizə, xalqımıza qarşı düşmənçilik yolunu tutan “siyasi mühacir” kod adlı antimilli ünsürlər-Qənimət Zahid, Sevinc Osmanqızı, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Qabil Məmmədov kimi xəyanətkarlar erməni lobbisi və bədxahlarımızla eyni müstəvini bölüşərək onların təlimat və tapşırıqlarını yerinə yetirirlər.
Mənəvi-psixoloji burulğanlar girdabında çırpınan, ayrı-ayrı Qərb ölkələrində mühacir adı ilə məskunlaşan bu ünsürlərin sosial şəbəkələrdəki antimilli çıxışları bir daha təsdiq edir ki, əslində bütün bunlar merkantil bir şəbəkənin xaotik özfəaliyyəti yox, erməni lobbisinin təsiri altında olan qüvvələrin çox ustalıqla pərdə arxasından idarə etdikləri nizamlı və məqsədli bir prosesdir. Daha doğrusu, ölkəmizə qarşı əxlaqsızcasına aparılan informasiya müharibəsidir. Təbii ki, bütün bunların təməlində ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycanın müstəqil siyasət yürütməsini istəməyən məlum dairələr dayanır. Öz çirkin niyyətlərini gerçəkləşdirmək istəyən bədxahlarımız bu işdə məlum antimilli ünsürlərdən ustalıqla istifadə edirlər.
Ermənipərəst dairələrin, anti-Azərbaycan qüvvələrin əlində alətə çevrilən həmin “siyasi mühacirlər”in sosial şəbəkələrin yaratdığı geniş imkanlardan istifadə edərək Azərbaycan əleyhinə apardıqları qarayaxma kampaniyasında erməni izi açıq-aşkar görünür. Artıq bəlli olub ki, ermənilər Azərbaycanın dövlət maraqlarının əleyhinə təbliğat aparan bu qaragüruha ianə adı ilə külli miqdarda pullar verir, həmin “müstəqil bloqgerlər”in ofis, ev xərclərini ödəyir, onlara hər cür şərait yaradırlar. Bütün bunların müqabilində bu zombiləşmiş qaragüruhçular xarici fondlardan aldıqları qrantların müqabilində sosial şəbəkə seqmentlərindəki çıxışlarında ermənipərəst və anti-Azərbaycan fikirləri və mövqeyi ilə tanınan bəzi əcnəbi ekspertlərin, eləcə də Ermənistan mətbuatında ölkəmizin əleyhinə yazılanlarla həmrəy olduqlarını əxlaqsıcasına nümayiş etdirməkdən, onlara qahmar çıxmaqdan belə çəkinmirlər.
Bütün mənəvi-əxlaqi dəyərələri ayaqlar altına atan bu avantüristlər dövlətimizə, onun atributlarına qarşı təhqiramiz ifadələr səsləndirir, dağıdıcı çağırışlar edirlər. Radikal təfəkkürə malik olan bu ünsürlərin sosial şəbəkələrdən mənəvi terror vasitəsi kimi istifadə etmələri cəmiyyətimizdə ciddi narazılıq və etirazla qarşılanır. Heç bir cinayət cəzasız qalmır. Azərbaycan dövlətinə, xalqımızın milli maraqlarına qarşı ermənipərəst və anti-Azərbaycan dairələrlə işbirliyində fəaliyyət göstərən bu ünsürlər mütləq ölkəmizin hüquq-mühafizə orqanları qarşısında cavab verməlidirlər.
Bu reallıqdan çıxış edən ictimaiyyətimiz dağıdıcı müxalifət funksionerlərinin, eyni zamanda, xaricdəki “söyüş müxalifəti”nin qanunvericilik çərçivəsində cəzalandırılmasını və ədalət məhkəməsi qarşısına çıxarılmasını tələb edir. Uzun illərdən bəri xaricdə Azərbaycan əleyhinə təbliğat aparan, kəskin təhqirlər səsləndirən Tural Sadıqlı, Qabil Məmmədov və Qənimət Zahidin təqsirləndirilən şəxs qismində Azərbaycan Respublikasının Baş Prokurorluğuna çağırılması cəmiyyətimiz tərəfindən təqdir olunur.
Artıq zombi sürüsünün çəmbəri daralır. Atalar yaxşı deyiblər: “Su səhəngi suda sınar”. Mənəviyyatsız, vətəndaşlıq hissini itirən, erməni lobbisinin təsiri altında olan təşkilatlardan maliyyələşən belələrinin maskalarını yırtmaq, gizli niyyətlərini aşkara çıxarmaq, iyrənc əməllərini cəmiyyətimizin qarşısında ifşa etmək təkcə hüquq- mühafizə orqanlarının deyil, hər birimizin vətəndaşlıq borcudur.
Zahid Rza, “İki sahil”