24 sentyabr 2025 02:26
99

Revanşistlər üçün ölüm siqnalı

Ermənistanda sülhü ölkəsinin inkişafı üçün prioritet hesab edən hakim partiya rəy sorğusunun nəticələrinə görə öndədir

Mövcud reallıq belədir ki, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətindən və Azərbaycan Ordusunun 2023-cü ilin 19-20 sentyabırında keçirdiyi lokal anterror əməliyyatı nəticəsində Qarabağdakı separatçı rejimin birdəfəlik ləğv olunmasından sonra Ermənistan hələ də özünə gəlmək iqtidarında deyil. Burada sosial-iqtisadi böhran siyasi böhranı da sürətləndirir. Bu gün haylarda öz ölkələrinə qarşı ciddi inamsızlıq hökm sürür. Hətta Ermənistan rəhbərliyi də anlayır ki, bu inamsızlığın qarşısını almaq üçün həm diplomatiya, həm də iqtisadi sahədə ciddi uğurlar qazanmalıdır.

Təbii ki, Hayastanın düşdüyü mürəkkəb vəziyyətdən çıxması üçün bir yolu var. Bu, qalib Azərbaycanın haqlı və ədalətli şərtləri ilə razılaşaraq qısa müddətdə sülh sazişini imzalamaqdır. Eyni zamanda, bu, hayların indiki təcrid vəziyyətindən xilas olub dinc inkişaf mərhələsinə keçid edə bilmələri üçün də vacibdir. Axı hazırda geopolitik proseslər də tamamilə Ermənistanın əleyhinə işləyir.

Düzdür, düşdükləri ağır duruma bir az ağılla yanaşan bəzi erməni rəsmiləri, xüsusilə də baş nazir Nikol Paşinyan birmənalı şəkildə etiraf edirlər ki, ölkələri üçün yeganə çıxış yolu Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından birdəfəlik  əl çəkmək, Zəngəzur dəhlizini açmaq, sərhədlərin delimitasiyası və demarkasiyasını başa çatdırmaq və bunun nəticəsində yaranacaq yeni ticarət, tranzit imkanlarından səmərəli istifadə etməkdir. Bu isə o deməkdir ki, Ermənistanın da yaxın gələcəkdə Azərbaycan və Gürcüstan kimi beynəlxalq nəqliyyat-logistika  mərkəzinə çevrilmək imkanları var.

2025-ci ilin avqustun 8-də Vaşinqtonda  ABŞ, Azərbaycan və Ermənistan rəhbərlərinin  sülh sazişinə dair mzaladıqları  Birgə Bəyannamədən sonra Ermənistandakı hakim partiya seçkilərə sülh və inkişaf platforması ilə gedəcəyini ortaya qoyub. Erməni cəmiyyətinin əksər hissəsində də  sülh sazişinin imzalanmasına kommunikasiyaların blokadadan çıxarılması və ölkənin özünütəcrid vəziyyətinə son qoyulması kimi baxırlar. Ona görə də artıq hayların böyük əksəriyyəti hakim partiyaya yenidən səs verəcəklərini ifadə etməyə başlayıblar. Bu isə seçkiyə sülh və inkişaf platforması ilə hazırlaşan Paşinyan komandasına növbəti qələbənin reallaşacağı kimi görünür. Seçkilərdə köhnələrlə yanaşı, yeni siyasi qüvvələrin də iştirak edəcəyi proqnozlaşdırılır.  

Bir neçə gün əvvəl Ermənistanda keçirilən rəy sorğusun Paşinyanın rəhbərlik etdiyi «Vətəndaş Müqaviləsi» Partiyasının reytinqinin 47 faiz olduğu  bildirirlir. Hazırda Nikol Paşinyanın  əsas rəqibi, həbsdə olan və Kremlin adamı hesab edilən milyarder Samvel Karapetyanın formalaşmaqda olan «Yeni güc» isə partiyası respondentlərin 13 faizinin səsini toplayıb. Bu həm də erməni milyarderi dəstəkləyən qatil prezidentlər -Robert Koçaryan və Serjik Sarkisyan üçün də bir ölüm siqnalıdır. Yəni, onlar artıq Ermənistan cəmiyyətində siyasi meyit kimi qəbul edirlər.   

Xatırladaq ki, son bir ildə Nikol Paşinyanın təşəbbüsü ilə Türkiyə ilə iqtisadi-ticarət əlaqələrinin qurulmasına dair ciddi addımlar atılır. Artıq hər iki ölkənin iqtisadi əməkdaşlığına dair  birgə dövlət komissiyası fəaliyyət göstərir. Bundan başqa,  Ermənistan rəhbəri Türkiyəyə qarşı ərazi iddilarının olmadığını və qondarma erməni soyqırımı iddiasını tarixin arxivinə atılmasını tələb edir. Xüsusilə dövlətin bəzi strukturlarından, o cümlədən sərhəd xidmətinin rəsmi sənədlərindən Ağrı dağının təsvirlərinin çıxarılmasını istəyir.

Paşinyan hesab edir ki, sülh müqaviləsi ölkəsi üçün bir çox müsbət tendensiyalarla nəticələnəcək. ABŞ-da imzalanan sözügedən sənədi uğur kimi qiymətləndirən Nikol Paşinyan partiyasının qurultayında  artıq bir il yeddi aydır Ermənistan-Azərbaycan sərhəddində atışmalar nəticəsində itkilərin olmadığını bildirib: « Ermənistanın müstəqilliyi dövründə heç vaxt belə bir dövr olmayıb. Artıq bir il yeddi aydır, Ermənistan-Azərbaycan sərhədində əsgər ölmür, bu, de fakto sülhdür»

Bu arada Ermənistanda revanşistlərin  cərgəsinə qoşulan daha bir erməni özünün sərsəm açıqlamalırı ilə gündəmə gəlib. Bu, Ermənistanın keçmiş prezidenti Levon Ter- Petrosyandır. O,  deyir ki, baş nazir Nikol Paşinyan Ermənistanı dağıtmaqla məşğuldur.ona görə də  baş nazirin devrilməsi qaçılmazdır: «Mən Ermənistanın növbəti hakimiyyətlərinə qətiyyən paxıllıq etmirəm, çünki Paşinyan o qədər ağır miras qoyub ki, ondan çıxmaq, demək olar ki, mümkün deyil».

Petrosyan bununla regionda Azərbaycanın xeyrinə dəyişən vəziyyətin dəyişdirilməsinin qeyri-mümkünlüyünə diqqət çəkib. Qeyd edək ki, Levon Ter-Petrosyan «ağır miras» ifadəsini   Azərbaycanın işğala son qoyaraq öz ərazi bütövlüyünü, Qarabağdakı terorrçu rejimin ləğv olunması ilə suverenliyini bərpa etməsi, həmçinin  Ermənistan və Azərbaycan arasında sülhə dair əldə edilmiş razılaşmaları İrəvanın tanıması kontekstində səsləndirilib. Hətta, o, 1990-cı illərdə Azərbaycan torpaqlarının işğalında iştirak etmiş ortağını- Rusiyanı Ermənistandakı proseslərə aktiv müdaxilə etməklə Paşinyan hakimiyyətini devirməyə çağırış edib.

Elçin Zaman, «İki sahil»