24 sentyabr 2025 21:58
148

Şəhid nurunda görüş

Ulu və köklü bir ağacın qolu-budağı kimidir Azərbaycanla Türkiyə. Gözəl dəyərlərin ən gözəl daşıyıcılarıyıq. Yaradan şərəfləndirmiş iki ayrı bədəndə bir ürək kimi döyünməyə. Dil, adət-ənənə, mədəniyyət, musiqi, duyğu və düşüncələrin eyniliyi, insani keyfiyyətlərin oxşarlığı, mətbəx, tarixə və torpağa bağlılıq və sadalamadığım saysız-hesabsız məqamlardır bizi birləşdirən. Verdiyimiz dəyərin qarşılığında gördüyümüz dəyərdir bizi “iki dövlət, bir millət” şüarı altında var edən. Ən çətin anlarımızda türk qardaş və bacılarımızın yanımızda olması, eyni ilə ən zor anlarında onların dadına çatmağımızdır bizi bir-birimizə doğma edən. Nə zaman darda olduqsa, yetməyə çalışdıq bir-birimizə. Birliyimizdən isə gözəlliklər doğdu.

Budəfəki birliyimiz Azərbaycanın ərazi bütövlüyü naminə canlarını fəda edən şəhidlərimizin nuru ətrafında baş tutdu.

Belə ki, Türkiyə Cümhuriyyətinin dəyərli yazarlarından biri olan Harun Yıldırımın rəhbərliyi ilə ərsəyə gələn “1 şəhid, 1 hekayə, 1 şeir” adlı antologiyanın dördüncü sayı məhz Azərbaycan şəhidlərinə həsr olundu.

2019-cu ildə iki il müddətində 57 yazarla ilk cildi, daha sonra bir il ərzində 54 yazarla ikinci cildi, növbəti ildə 52 yazarla üçüncü cildi ərsəyə gətirməklə toplamda 163 şəhidin həyat hekayəsini türk xalqına çatdırmağa müvəffəq olmuşlar. Tarixi qanları ilə yazan igid oğullarımızın həyat və döyüş yolunun gələcək nəsillərə çatdırılması da məhz qələm sahiblərinin müqəddəs borcudur. Layihənin rəhbəri olan Harun Yıldırım və bu layihədə yer alan türk bacı və qardaşlarımız üzərilərinə düşən vəzifəni layiqincə həyata keçirmiş və qismən də olsa mənəvi hüzur tapmışlar. Hələ ilk başladığı zamanlarda Azərbaycan şəhidləri haqqında da bir kitab yazacağını düşünmüş və Allahdan ona bunu nəsib etməyi arzu etmişdir Harun Yıldırım. Nəhayət ki, 2025-ci ilin əvvəllərində start verilən növbəti, dördüncü kitab min bir əziyyətlə olsa da uğurla tamamlandı. Budəfəki kitabın ayrı bir formatı və özəlliyi var idi. Bu layihənin dördüncü addımında Azərbaycan Respubliksının ərazi bütövlüyü uğrunda canlarını qurban verən 62 igid oğul haqqında 59 yazar tərəfindən hekayə və şeirlər yer aldı. Və bu igidlərin şərəfli həyat yolu həm Azərbaycan, həm də Türkiyə yazarlarının qələmləri ilə yazılaraq ədəbiyyat tarixinə ərmağan edildi.

Hər görülən işdə çətinliklər olur. Elə bu möhtəşəm işin də çətinlikləri zaman-zaman oldu,  amma qürurverici olduğu üçün heç kim geri çəkilmədi. Tam əksinə, finala çatmaq üçün hər kəs əlindən gələn dəstəyi göstərdi. Layihənin Azərbaycan üzrə koordinatoru olan Namiq və  İlhamə Müslimovlar ailəsi bu işin ən çətin məqamlarını öhdəliklərinə götürərək öz töhfələrini verdilər. Kitaba yazıların yığılması, redaktə və digər məqamlar, nəşriyyat məsələləri, maliyyə hissəsinin həlli, kitabın təqdimatı üçün atılan hər addımda, görülən hər işdə əməyi oldu bu qələm sahiblərinin. Onların yanında elmi, bacarığı, maddi dəstəyi ilə dayanan digər ziyalı dostlar da öz vətəndaşlıq borcunu necə lazımdırsa elə də yerinə yetirdilər. Maliyyə dəstəkçisi Birinci Qarabağ müharibəsi qazisi Anar Əliyev, Azərbaycan redaksiya heyəti üzrə - Baba Vəziroğlu, İbrahim İlyaslı, Gülnarə Cəmaləddin, Mənsurə Xələfbəyli, Zemfira Məhərrəmli, Türkiyə Cümhuriyyəti üzrə redaktor və seçki heyəti - Safiye Samyeli, Talip Kazgı, Faruk Anbaracoğlu, Yusuf Geçit, kitabın üz qabığının müəllifləri - Sehran Allahverdi və Oruc Müslimzadə kimi böyük bir komandanın zəhmətinin uğurlu nəticəsi oldu bu kitab.

20 sentyabr 2025-ci il tarixdə paytaxt Bakıda yerləşən məkanların birində şəhidlərin adına layiq şəkildə təqdimatla layihəyə son verildi. Təqdimatda şəhid doğmaları, dövlət rəsmiləri, yazar və qiraətçilər, Türkiyə Cümhuriyyətindən gələn beş yazar, tanınmış müğənnilər iştirak edərək tədbiri zinətləndirdilər. Şəhid General Mayor Polad Həşimovun anası Səmayə xanım Həşimova bütün şəhid anaları və doğmaları adından çıxış edərək öz xeyir-duasını zəhməti olan bütün layihə  iştirakçılarına verdi. Səmayə xanımın qürurlu duruşu, məğrur baxışı, vətənə, millətə, dövlətə, orduya duaları bir daha sübut etdi ki, biz nə qədər güclü bir xalq, yenilməz millətik.

Bu layihə şəhid doğmalarına təskinlik olmaqla yanaşı iftixar hissini yaşatdı. Həsrət dolu gözlərindən qəm qarışıq qürur gilələnərək yanaqlarında iz saldı tədbir boyunca şəhid ana, ata, yar-yoldaş və övladlarının. Bu anı yaşayan hər kəs kimi mən də bu tarixin bu məqamının iştirakçısı, şahidi və yazarı olduğum üçün heç bir zaman keçirmədiyim qüruru yaşayır və duyğularımın əsirinə çevrilmişdim könüllü olaraq. Bu gün iki qardaş ölkə əl-ələ verərək tarix yazanları kitaba köçürdü, sabaha miras olsun deyə. Allahdan dünyamıza, hər iki dövlətimizə və xalqlarımıza sülh, əmin-amanlıq arzu edirik. Birliyimizdən gözəlliklər doğulsun daima.

Sevinc Səbzəliyeva Azadlı,
Naxçıvan Xatirə Muzeyinin baş fond mühafizi