Bu gün Azərbaycanın qoşulduğu Şərq-Qərb, Şimal-Cənub, “Bir kəmər, bir yol” və s. kimi mühüm beynəlxalq layihələr, ölkəmizin bu layihələr çərçivəsində üzərinə düşən öhdəlikləri vaxtında və keyfiyyətlə yerinə yetirməsi, paralel olaraq ölkə daxilində müasir infrastrukturun formalaşdırılması respublikamıza uzunmüddətli və zəngin tranzit imkanları qazandırıb. Müxtəlif təyinatlı nəqliyyat layihələrinin özünəməxsus əhəmiyyəti olmaqla yanaşı, Şərq-Qərb nəqliyyat dəhlizinin tərkib hissəsi olan Orta Dəhliz Türk Dövlətləri Təşkilatının (TDT) əsas əlaqələndiricisi kimi bu gün həm də bir dəyər zəncirinə çevrilib.
Əlverişli coğrafi-strateji mövqeyi daha da möhkəmləndirən, uğurla reallaşdırılan proqram və layihələr nəticəsində 2024-cü ildə Azərbaycanda tranzit daşımaların həcmi 14.5 milyon tona çatıb ki, bu da 2023-cü illə müqayisədə 8.4%, 2019-cu ilə nisbətən isə 2.5 dəfə artım deməkdir. 2023-cü illə müqayisədə avtomobil daşımalarının həcmində 11%, dəmir yolu daşımalarının həcmində 6%, hava daşımalarında isə 12% artım müşahidə olunub.
Tranzit daşımaların 50%-dən çoxu avtomobil nəqliyyatının payına düşsə də…
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası ilə birgə hazırladığı “Tranzit icmalı”nda qeyd olunub ki, tranzit daşımaların həyata keçirilməsində müxtəlif nəqliyyat növləri iştirak edir və hər biri özünəməxsus paya malikdir. Tranzit daşımaların 50%-dən çoxu avtomobil nəqliyyatının payına düşsə də, bütün növlər üzrə dinamik artım təmin edilib. Beynəlxalq nəqliyyat dəhlizlərində daşınan tranzit yüklərin nəqliyyat növləri üzrə bölgüsündə avtomobil yollarının payı 50%, dəmir yollarının payı 48% təşkil edir, qalan 2% hissə isə hava yolları ilə daşınan tranzit yüklərin payına düşür.
Azərbaycan Avropa və Asiya ölkələrinin əsas tranzit bağlantısı kimi Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşsə də, bu gün ölkəmiz həm də Şimal-Qərb, Cənub-Qərb istiqamətlərində tranzit daşımaların mərkəzinə çevrilib.
Orta Dəhliz ilə Çindən göndərilən blok qatarların sayı açıqlanıb
İİTKM-dən verilən məlumata görə, 2023-cü illə müqayisədə Şərq-Qərb dəhlizi istisna edilməklə (0.4% azalma), digər dəhlizlər üzrə daşımalarda artım dinamikası müşahidə edilib. 2024-cü ildə Orta Dəhliz ilə Çindən göndərilən blok qatarların sayı 358-ə çatıb. 2025-ci il üçün bu rəqəmin 600 blok qatar səviyyəsinə çatdırılması planlaşdırılır. Qeyd edək ki, 2024-cü il ərzində blok qatarların 287 ədədi Azərbaycana daxil olub (71 ədəd blok qatar isə yolda olub). 287 qatarın 120 ədədi tranzit, 167 ədədi isə idxal qatarlarıdır.
Dünya Bankının araşdırmalarına görə, 2022-ci ildə 2021-ci ilə nisbətən Orta Dəhliz üzrə konteyner daşımaları 33% artıb. Bununla belə, Xəzər dənizində aparılan dibdərinləşdirmə işləri, tranzit daşımaların koordinasiyası istiqamətində atılan addımlar, dəhliz boyunca gömrük proseslərinin uzlaşdırılması, sərhəd buraxılış məntəqələrinin fəaliyyətinin təkmilləşdirilməsi, sərhəd-keçid və daşıma proseslərinin rəqəmsallaşdırılması və s. istiqamətlərdə reallaşdırılan ardıcıl tədbirlər daşımaların dinamik artımına zəmin yaradır. Məhz bunun nəticəsidir ki, 2024-cü ildə 50.5 min TEU konteyner daşımaları həyata keçirilib.
Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-ci illər üçün Fəaliyyət Planı”, dövlət başçısının 11 fevral 2025-ci il tarixli müvafiq Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ilə tranzit yük daşımalarının inkişafı məqsədilə əməkdaşlıq haqqında Saziş” nəqliyyat sektoruna dövlət dəstəyinin və bu sahədən gözləntilərin bir nümunəsi kimi, yaxın gələcəkdə tranzitdən əldə olunan gəlirlərin daha da artacağını proqnozlaşdırmağa əsas verir.
Tranzit xidmətlər milli büdcələrin əsas gəlir mənbələrindən birinə çevirə bilər
Azərbaycanda nəqliyyat-tranzit xidmətlərinin təkmilləşdirilməsi, sərhəd-buraxılış məntəqələrində rəsmiyyətin sadələşdirilməsi, rəqəmsallaşmanın tətbiqi, koordinasiya işlərinin sürətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir ki, nəqliyyat xidmətlərində müsbət saldo təmin edilib.
Qeyd edilən faktlara əsasən beynəlxalq nəqliyyat dəhlizləri üzrə daşınmaların daha da çoxalmasına, tranzit daşınma prosedurlarının sadələşdirilməsinə, yük cəlbediciliyinin artmasına şərait yarada və bununla da tranzit xidmətlərini milli büdcələrin əsas gəlir mənbələrindən birinə çevirə bilər.
Orxan Vahidoğlu, “İki sahil”