26 sentyabr 2025 16:07
286

Sumqayıtda Anım Gününə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatı tərəfindən 27 Sentyabr-Anım Gününə həsr olunmuş tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin, eləcə də Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində şəhid ailələri, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Milli Məclisin deputatları Elnarə Akimova və Müşfiq Məmmədli, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinin rəisi, general-mayor Natiq Qarayev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazisi Hacı Rauf Sərdarov, bir qrup Qarabağ qazisi, partiya fəalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər bildiriblər ki, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsi məhz şəhidlərimizin qanı ilə yazılıb. Qeyd edilib ki, şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının daim dövlətin diqqət və qayğısı ilə əhatə olunması həmin siyasi kursun əsas prioritetlərindən biridir.

Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik xəttinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.

Tədbirin rəsmi hissəsindən sonra şəhidlərin ruhuna ehsan süfrəsi açılıb, dualar oxunub. Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.