“Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycana qarşı 200 ildən artıq ərazi iddiaları və düşmənçilik siyasəti aparan Ermənistan ötən əsrin əvvəllərində Zəngəzura və digər tarixi torpaqlarımıza sahib olduqdan sonra növbəti işğal planlarını həyata keçirməyə çalışmış, ötən əsrin 90-cı illərində bölgədə və ölkəmizdə yaranmış siyasi şəraitdən və həmin dövrdəki yarıtmaz hakimiyyətin səriştəsizliyindən istifadə edərək Qarabağı və Şərqi-Zəngəzuru ilhaq etməyə nail olmuşdur.
Xarici havadarları tərəfindən silahlandırılan ermənilər bir milyon soydaşımızı doğma yurd-yuvasından didərgin salaraq Azərbaycan torpaqlarının 20 faizini işğalda saxlayan Ermənistanın hərbi-siyasi rəhbərliyi öz qəsbkar siyasəti ilə dinc əhalini amansızcasına qətlə yetirmiş, Azərbaycanın mədəni irsini məhv etmiş, yüzlərlə yaşayış məntəqəsini vandallığa məruz qoymuşdur. Xocalı, Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir.
30 il ərzində beynəlxalq ictimaiyyətin “ikili standartlar” siyasətinə, o cümlədən ATƏT-in Minsk qrupunun münaqişənin həllinə yox, dondurulmasına xidmət edən fəaliyyətinə arxalanan İrəvan aparılan sülh danışıqlarına məhəl qoymayaraq hətta yeni ərazi iddialarına dair sərsəm bəyanatlar verirdi. Beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirən və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışan Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən işğal faktına dair qəbul etdiyi dörd qətnamənin yerinə yetirilməsi üçün uzun illər fasiləsiz səylər göstərmiş, ancaq bu sənədlər 27 il kağız üzərində qalaraq icra olunmamışdır.
Nəticəsiz danışıqlar birmənalı olaraq onu şərtləndirirdi ki, Ermənistan vaxtı uzatmaqla status-kvonu möhkəmləndirməyə, işğalı əbədiləşdirməyə çalışır. Eyni zamanda, ərazilərimizdə təxribatlar törətmək və təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəşlər açmaqla Azərbaycanı işğalla barışmağa məcbur etmək istəyirdi.
İşğalla heç zaman barışmayacağını bəyan edən Ali Baş Komandan İlham Əliyev Azərbaycanın daim güclənən iqtisadi potensialını nümunəvi və peşəkar Zəfər Ordusunun formalaşmasına yönəltdi, Ulu Öndər Heydər Əliyevin ali tapşırığı olan torpaqlarımızın azad edilməsi yolunda bütün səylərini birləşdirdi.
Prezident İlham Əliyev 17 il ərzində dayanıqlı iqtisadi arxitekturanı möhkəmləndirdi, onun düzgün strategiya və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın iqtisadi müstəqilliyi daha da artırdı, respublikamız iqtisadi cəhətdən heç kimdən, heç bir ölkədən və ya beynəlxalq maliyyə qurumundan asılı olmayan güclü dövlətə çevrildi. Bu qüdrətli yüksəliş təminatı ordu quruculuğunda da əsaslı dönüşə səbəb oldu, bütün vəzifələri yerinə yetirməyə qadir Silahlı Qüvvələr bərqərar oldu.
2016-cı il aprel ayında Lələtəpə və 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı düşmənə layiqli cavab verən Silahlı Qüvvələrimiz Ermənistana sarsılmaz gücünü nümayiş etdirdi və işğalın tezliklə bitəcəyinin, Qələbənin ilk anonslarını verdi.
Bu döyüşlərdən və üzləşdiyi ağır itkilərdən nəticə çıxarmayan İrəvan hakimiyyəti təxribatlarını davam etdirməklə, Azərbaycanın digər ərazilərinin işğalı bəyanatları verməklə müharibə hərəkatını alovlandırdı.
2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından atəşə tutan Ermənistan ölkəmizə qarşı növbəti təcavüzə başladı. Ordumuzun hərbi qulluqçularının və 11 dinc sakinimizin, o cümlədən iki uşağın həlak olması ilə nəticələn bu diversiya aktını dəf etmək və mülki əhalinin təhlükəsizliyini təmin etmək, hərbi təcavüzə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün əks-hücuma keçmək əmri verdi.
Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olundu.
Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata uyğun olaraq, hərbi müstəvidə əldə edilən qələbənin növbəti fazası siyasi müstəvidə davam etdirildi və nəticədə 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində Ağdam, Kəlbəcər, Laçın bir güllə atılmadan, qan tökülmədən Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu.
Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması və hərbi infrastrukturunun zərərsizləşdirilməsi, azad edilmiş ərazilərə qayıdan dinc əhalinin, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilərin və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 2023-cü il sentyabrın 19-da lokal xarakterli antiterror əməliyyatı həyata keçirildi.
Beləliklə, Prezident İlham Əliyev Zəfərin nidasını qoyaraq Birinci və İkinci Qarabağ müharibələri şəhidlərinin qanını yerdə qoymadı, tarixi ədaləti, beynəlxalq hüququ və haqqı, Azərbaycanın dövlət suverenliyini və Konstitusiya quruluşunu təmin etdi.
Ali Baş Komandan ərazilərimizin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrin hərbi qulluqçularına yüksək ehtiramın əlaməti olaraq müxtəlif orden və medallarla təltif edib. “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin təsis olunmuş 15 medal Vətən müharibəsində qələbəmizi təmin edən igidlərə verilən ali dəyərin rəmzlərindən biridir.
Dövlət başçısının 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Anım Günü kimi qeyd edilməyə başladı ki, bu da Zəfər salnaməmizi xalqımızın və gələcək nəslin milli yaddaşında daimləşməsini təmin etməkdədir.
Azərbaycanın qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi yaradıldı. 10 hektar ərazidə salınan Zəfər Parkının girişində hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı və muzey ötən ilin noyabrında istifadəyə verilib.
Münaqişə bitib və artıq Azərbaycan və Ermənistan sülh gündəliyinin son akkorduna – dayanıqlı barış, regional əməkdaşlıq və rifah cəmiyyətinin qurulmasına yönələn qətiyyətli səylər nümayiş etdirir. Avqustunda 8-də Vaşinqtonda sülh sazişi mətninin paraflanması tarixi anlaşma olmaqla uzunömürlü regional sabitlik, iqtisadi inkişaf və təhlükəsizlik sahələrində yeni imkanlar açmaqdadır.
30 il səmərəsiz fəaliyyəti ilə etimadsızlıq təsisatına çevrilmiş ATƏT-in Minsk qrupunun ləğv olunması da Azərbaycan və Ermənistan arasında dinc qonşuluq mühitində münasibətlərin yeni mərhələyə keçdiyini təsdiqləyir.
Prezident İlham Əliyevin təkrarolunmaz unikal siyasi zəkası və sarsılmaz qətiyyəti, dəmir iradəsi sayəsində Azərbaycan qazandığı Zəfəri siyasi mübarizə meydanında da qalibiyyətlə bitirərək regiona sülh və sabitlik, beynəlxalq hüquqa isə ədalətlilik prinsiplərini gətirdi.
Ramid Namazov,
Milli Məclisin deputatı