44 günlük Vətən müharibəsi dövründə Gəncə şəhərinə ümumilikdə 5 dəfə raket və ağır artilleriya ilə hücum edilmişdir ki, bunun da nəticəsində 26 nəfər şəhid olmuş, 142 nəfər yaralanmış, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəymişdir
2020-ci ilin 27 sentyabrı xalqımızın yaddaşından heç vaxt silinməyəcək bir taixidir. Çünki həmin tarixdən başlayaraq 200 illik erməni təcavüzünə son qoyuldu. Bu, həm də Zəfərin başlanğıc tarixi oldu. Həmin gün başlanan haqq savaşımız xalqımızı böyük qələbəyə apardı. 44 günlük müharibənin əks-sədası bütün dünyaya səs saldı. Rəşadətli Azərbaycan Ordusu qısa vaxt ərzində Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müasir hərb tarixinə əsl qəhrəmanlıq dastanı yazdı. Yüz illərlə ermənilər tərəfindən təcavüzə məruz qalan Azərbaycan işğal olunmuş torpaqlarını azad etdi. Lakin Vətən müharibəsi dövründə davam edən Ermənistanın növbəti cinayətləri, mülki əhaliyə qarşı törədilən terror aktları çirkin siyasətin məntiqi davamı idi. Döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistanın cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə alması dünya ictimaiyyətinin gözü önündə baş verirdi. Azərbaycan isə əməliyyat zamanı yalnız hərbi obyektləri hədəfə alır, ancaq Qarabağ bölgəsindəki ərazilərdə əməliyyat həyata keçirirdi. Amma Ermənistan Gəncəni, Mingəçeviri, Bərdəni, mülki əhalinin yaşadığı digər yerləri hədəfə alırdı. Əlbəttə ki, əsas məqsəd panika, xaos və qorxu yaratmaq idi. Dövlətimizin sarsılmaz iradəsi, güclü ordumuzun məntiqi nəticəsi idi ki, bu hücumlar bizi hədəfimizdən uzaqlaşdırmadı.
Həmin dövrlər Ermənistan silahlı qüvvələri cəbhə bölgəsindən xeyli aralıda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncəni 5 dəfə ayrı-ayrı vaxtlarda raket atəşinə tutdu. Oktyabrın 4-də birinci dəfə atılan raketlərin törətdiyi dağıntılara görə Azərbaycan tərəfi məsuliyyəti Ermənistanın daşıdığını bildirsə də, qarşı tərəf bu ittihamı qəbul etmədi. Hücuma görə məsuliyyəti keçmiş Qarabağdakı separatçı rejimin rəsmiləri öz üzərlərinə götürdülər. Onlar hədəfin insanlar yox, şəhərdə olan hərbi təyinatlı binalar, habelə Gəncə Beynəlxalq Hava Limanı olduğunu bildirdilər. Halbuki Gəncədə ümumiyyətlə, hərbi təyinatlı binalar yox idi. Həmin gün atılan üç raket zərbəsi nəticəsində bir nəfər həlak olmuş, 36 nəfər müxtəlif bədən xəsarətləri almışdır. Şəhərin Nəriman Nərimanov, Əziz Əliyev, Əli Nəzmi və digər küçələrində yerləşən evlər tamamilə dağılmış, nəqliyyat vasitələrinə ciddi ziyan dəymişdir.
İkinci hücum: Oktyabrın 5-də Ermənistan tərəfindən atılan növbəti raketlər Gəncənin “Grand Qafqaz” Ticarət Kompleksinə düşdü. Səhər saatlarında atılan 3 raket zərbəsi nəticəsində 3 nəfər müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirildi. Şah İsmayıl Xətai prospektində yerləşən ticarət mərkəzinə külli miqdarda ziyan dəydi. Bundan başqa, “İmamzadə” dini kompleksində də dağıntılar oldu. Oktyabrın 8-də ermənilər Gəncəyə üçüncü raketi atdılar. İnsanların şirin yuxuda olduğu vaxt endirilən zərbə nəticəsində ölən və yaralanan olmasa da, evlərə və nəqliyyat vasitələrinə ciddi ziyan dəydi. Gecə saat 3 radələrində atılan raket Həsən Əliyev və Pərviz Səmədov küçələrində yerləşən qeyri-yaşayış sahəsində xeyli dağıntı törətdi, bir avtomobil tamamilə yararsız hala düşdü. Bundan başqa, 1887-ci ildə xeyriyyə vəsaiti ilə inşa edilmiş Aleksandr Nevski Rus Pravoslav Kilsəsinə də ziyan dəydi.
Oktyabrın 11-də yerli vaxtla saat 02:00-da atılan raketlər şəhərdə böyük dağıntılar törətdi. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, şəhər Ermənistanın Berd rayonunda yerləşən erməni silahlı qüvvələri tərəfindən “Skad” tipli ballistik raketlərlə atəşə tutulmuşdur. Raketlər yaşayış ərazisinə düşmüş və ətrafda olan bütün binaları dağıtmışdır. Böyük dağıntılar törədən raket 31 mənzili tamamilə uçurmuş, hadisə yerində və onun yaxınlığındakı obyektlərə ciddi ziyan vurmuşdur. Hücumdan ümumilikdə 205 nəfərin yaşadığı 95 mənzil qəzalı vəziyyətə düşmüşdür. 10 nəfər həlak olmuş, 34 nəfər yaralanmışdır. Beşinci dəfə, 17 oktyabrda, təxminən yerli vaxtla 01:00-da ermənilər yenə “Skad” ballistik raketləri ilə Gəncəni atəşə tutdular. Aida İmanquliyeva və Samir Xasıyev küçələrinə düşən raket zərbələri nəticəsində böyük dağıntı oldu. Çünki raketlər əhalinin sıx yaşadığı əraziyə düşmüşdü. Bu zaman xeyli sayda müxtəlif yaşayış evləri və digər tikililər ziyan gördü. Hadisə zamanı 20 ev dağıldı, xeyli sayda mülki şəxs dağıntının altında qaldı. Hücum nəticəsində 15 nəfər həlak oldu, 54 nəfər yaralandı.
Beləliklə, Gəncə şəhərinə atılmış raket zərbələri nəticəsində 6-sı uşaq və yeniyetmə olmaqla, ümumilikdə 26 nəfər həlak olmuş, 29-u uşaq olmaqla, ümumilikdə 142 dinc sakin müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Bu hadisələr zamanı 3 ailənin üzvü olan 4 uşaq hər iki valideynini itirmişdir.
Göründüyü kimi, erməni faşistləri insanlığa sığmayan bu cür əməlləri ilə beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməlləri törətmişdir. Buna baxmayaraq, törətdiyi cinayət hadisələrini ört-basdır etməyə çalışan Ermənistan KİV-də, eləcə də sosial şəbəkələrdə bu cinayətləri pərdələməyə, həmin əməllərdən boyun qaçırmağa yönələn xəbərlər yaymağa başlaşdı. Lakin hadisə yerlərindən yerli və xarici medianın yaydığı foto və videogörüntülər bu yalanları ifşa etdi. Bütün xalqımız, o cümlədən gəncəlilər də yaxşı başa düşürdülər ki, Azərbaycanın haqq davasında ermənilərin törətdikləri bu cinayətlər suda boğulanın saman çöpündən yapışmasıdır. Məhz buna görə Ermənistanın Gəncəni raket atəşinə tutması sakinlər arasında ruh düşgünlüyü yaratmadı. Əksinə, xalqımız bir daha əmin oldu ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu tezliklə düşmən üzərində qəti qələbə qazanacaq.
Qeyd etdiyimiz kimi, Gəncəyə atılan raketlər nəticəsində çoxsaylı insan tələfatı olmuşdur. Onların arasında məktəblilər də var idi. Həlak olmuş 35 nəfərdən 10 nəfəri məktəbli idi. 32 nömrəli məktəbin 2-ci sinif şagirdləri Ömər Mehdiyev və Dinarə Muradova, 3-cü sinif şagirdləri Murad Cavadov və Hüseyn Əliyev, 6-cı sinif şagirdi Sevinc Rəhimova, 11-ci sinif şagirdi Səlim Mustafazadə, 20 nömrəli məktəbin 10-cu sinif şagirdi Arzu Əliyeva, 25 nömrəli məktəbin 6-cı snif şagirdi Şəfa Şirinova və 7-ci sinif şagirdi Şəmiddin Şirinov isə yaralanmışdılar. Raket atəşi nəticəsində dağılan evlərdə 29 nömrəli məktəbin 4 şagirdi həlak olmuş, 9-cu sinif şagirdi Amin Əsgərov isə ağır yaralanmışdır.
Gəncədə dinc sakinlərin raket atəşinə tutularaq qətlə yetirilməsi düşmənin nə qədər qəddar və məkrli olduğunu bir daha sübut etdi. İşğalçılar beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyasının müddəalarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozmaqla dinc əhalini hədəfə almış, yaşlılara və azyaşlı uşaqlara qarşı soyqırımı törətmişlər. Humanitar atəşkəsin imzalandığı vaxtdan cəmi 14 gün sonra Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə uzaqvuran ballistik raketlərin atılması nə müharibə qanunlarına, nə də insanlığa sığan bir cinayət idi. Amma o da məlum idi ki, Ermənistanın bu əməlləri cəbhədəki uğursuzluqlarının nəticəsidir. 44 gündə müzəffər Azərbaycan Ordusu irəlilədikcə, döyüşlərdə qələbələr qazandıqca düşmən öz məkrli niyyətini bu yolla həyata keçirməklə məğlubiyyətlərini ört-basdır etməyə çalışırdı. 44 günlük müharibə haqqında dünyanın bir çox nüfuzlu KİV-i Azərbaycanın haqq işi ilə əlaqədar çoxsaylı məqalələrlə çıxış etmişlər. Türkiyə, Argentina, Xorvatiya, İsrail, Malayziya, İndoneziya, Pakistan və s. ölkələrin kütləvi informasiya vasitələrində Qarabağın işğaldan azad olunmasında Azərbaycan Ordusunun qazandığı uğurlardan, eləcə də Ermənistanın dinc əhaliyə qarşı apardığı terror aktlarından bəhs edən materiallar verilmişdir.
Bu gün Gəncə şəhərində aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri uğurla davam edir. Prezident İlham Əliyev sentyabrın 27-də - Anım Günündə Gəncə Memorial Kompleksinin açılışında iştirak etdi. Ölkə başçısı Anım Günü ilə əlaqədar Gəncə Memorial Kompleksində saat 12:00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdi. Sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlətimizin başçısına kompleks barədə ətraflı məlumat verdi. Prezident İlham Əliyevin 2022-ci ilin yanvarında təməlini qoyduğu bu kompleks İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın raket hücumlarının qurbanı olmuş günahsız insanların əziz xatirəsini əbədiləşdirmək və müharibənin acı reallıqlarını gələcək nəsillərə çatdırmaq məqsədi daşıyır. Bildirildi ki, Memorial məhz həmin zərbələrdən birinin endirildiyi ərazidə – yaşayış binalarının yerində inşa olunub və 4 hektar sahəni əhatə edir. Orijinal memarlıq həlli ilə seçilən abidə spiralvari forması ilə raketin yerdə buraxdığı iz – krateri simvolizə edir. Kompleksin açıq meydanında isə dağıdılmış binaların qalıqları xüsusi instalyasiya şəklində qorunub saxlanılıb. Ekspozisiyanın son hissəsi uzun illər davam edən haqsızlıqlara baxmayaraq, mübarizliyini qoruyan Azərbaycan xalqının əzmkarlığının və qələbə əzminin təntənəsinə həsr olunub. Sonra Prezident İlham Əliyev Gəncə Memorial Kompleksində Ermənistanın raket hücumu zamanı hər iki valideynini itirən Nilay Əliyeva və onun babası Zahid Babazadə ilə görüşdü.
Qeyd edək ki, bu Memorial yalnız bir abidə deyil, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış çağırışdır. Gəncə Memorial Kompleksi həm də gələcək nəsillər üçün tariximizin canlı yaddaş salnaməsi olacaq bir məkandır. Bu şərəfli tarixi isə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı yazdı.
Xatırladaq ki, müharibə dövründə Qarabağdakı erməni separatçılarının başçısı Araik Arutunyanın özü Gəncə şəhərinə raket hücumu əmrini verdiyini etiraf etmişdi. Hazırda Araik və digər separatçılar, günahsız insanların qatilləri Bakıda həbsxanadadırlar və tezliklə layiq olduqları cəzanı alacaqlar.
Sevinc Azadi, “İki sahil”