Əsl müəllim sadəcə öyrədən deyil, həm də yol göstərən olmalıdır
Cəmiyyətin gələcəyini formalaşdıran gənclərin taleyində müəllimin izi danılmazdır. Onların hər bir sözü, hər bir davranışı şagirdin yaddaşında iz buraxır, bəzən bir insanın həyat yolunu dəyişdirir. Məhz buna görə də müəllimlik məsuliyyətli olduğu qədər də şərəfli missiyadır. 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü müəllimlik sənətinin nə qədər şərəfli və məsuliyyətli olduğunu bir daha yada salır. Bu gün yalnız bir peşənin yox, bütöv bir həyat yolunun, gənclərin gələcəyinə həsr olunmuş ömrün bayramıdır. Biz də bu əlamətdar gün ərəfəsində 9 illik pedaqoji fəaliyyəti ilə həm şagirdlərinin uğurlarına töhfə verən, həm də müəllim yoldaşlarının hörmətini qazanan Bakının Nəsimi rayonundakı Abdulla Rəhimov adına 247 nömrəli tam orta məktəbin riyaziyyat və informatika müəllimi Nərgiz Məmmədova ilə həmsöhbət olduq.
Nərgiz Məmmədova Bakı Dövlət Universitetinin Riyaziyyat və İnformatika müəllimliyi fakültəsini bitirib, 2017-ci ildən pedaqoji fəaliyyətə başlayıb. Onun şagirdləri Respublika Fənn Olimpiadasından tutmuş “Bebras”, “Hakaton”, “Bil Bacar”, “SASMO” kimi nüfuzlu beynəlxalq müsabiqələrə qədər müxtəlif yarışlarda nailiyyətlər qazanıb, “Sabahın alimləri” layihəsinin finalına yüksəliblər. Müəllim, həmçinin “Microsoft” sertifikatlı pedaqoq kimi beynəlxalq təlimlərdə iştirak edib, “Yaradıcı müəllim” layihəsində çıxış edib və müəllim yoldaşlarına rəqəmsal bacarıqların inkişafı ilə bağlı müxtəlif təlimlər keçib.
-Müəllimlik peşəsini seçməyinizin əsas səbəbi nə olub?
-Mən özümü həyatını gənclərə həsr etmiş bir insan kimi təqdim edərdim. Hər kəsin həyat yolunda müəyyən bir çağırışı olur. Mənim çağırışım müəllimlik idi. Uşaqlıqda sinif yoldaşlarıma çətin mövzuları başa salanda və onların üzündəki “aha” hissini görəndə içimdə qəribə bir sevinclə qarşılaşırdım. O an anlamırdım, amma illər keçdikcə başa düşdüm ki, bu, sadəcə sevinclə bitmir – bu, mənim yolumdur. Müəllimlik yolunu seçməyimin əsas səbəbi, gələcəyimizi formalaşdıran gənclərə biliklə yanaşı, insanlıq dəyərlərini ötürmək istəyimdir. Mənim üçün müəllimlik həyat tərzidir, nəfəs kimidir – özünü onsuz təsəvvür edə bilmirəm.
-Sizcə, əsl müəllim kimdir və müəllimlik peşəsini digər peşələrdən fərqləndirən əsas cəhət nədir?
-Əsl müəllim dərs deyən adam deyil, şagirdlərinin ürəyinə yol tapan insandır. Əsl müəllim sadəcə kitabdan danışmır, həyatın özünü öyrədir. Onun sözü şagirdin zehnində qalmaqla yanaşı, davranışında da iz buraxır. Müəllimliyi digər peşələrdən fərqləndirən əsas cəhət isə budur: digər peşələr bir sahəyə xidmət edir, müəllimlik isə bütöv insana xidmət edir. Məsələn, bir mühəndis körpü tikir, bir həkim bədəni sağaldır, amma müəllim həm ürəkləri, həm də beyinləri yoğurur.
-Özünüzü yaxşı müəllim hesab edirsinizmi?
-Yaxşı müəllim olmaq iddiası böyük məsuliyyətdir. Mən özümü “yaxşı müəllim” adlandırmaqdan çox, “çalışan müəllim” adlandırıram. Mənim üçün yaxşı müəllimlik meyarı budur: şagird dərsə həvəslə gəlirsə, sual verirsə, düşünürsə, mən uğurluyam. Mənə ən böyük qiyməti şagirdlərim verib – “Müəllim, sizdən öyrəndiyimiz təkcə fənn olmadı, həyat dərsi də oldu” deyiblər. Bu cümlə mənim üçün hər hansı mükafatdan daha dəyərlidir.
-Əgər müəllim olmasaydınız, hansı sahəni özünüzə yaxın görərdiniz və niyə?
-Əgər müəllim olmasaydım, yəqin ki, yazıçı və ya psixoloq olardım. Çünki hər ikisi də insan ruhuna toxunmağı bacarır. Yazıçı sözü ilə, psixoloq anlayışı ilə, müəllim isə həm söz, həm də davranışı ilə insanı dəyişdirir. Mən insanlara təsir etməyi, onların iç dünyasını anlamağı sevirəm.
-İlk dərs gününüz yaddaşınızda necə qalıb, o günün həyəcanını necə təsvir edərdiniz?
-İlk dərs günümdə sanki ürəyim döş qəfəsimdən çıxmaq istəyirdi. Şagirdlərin gözləri üzümə zillənmişdi. Mən danışdıqca onların maraqlı baxışlarını görmək həm məsuliyyət, həm də qürur hissi yaşatdı. O gün anladım ki, müəllim olmaq sadəcə bilik vermək deyil, bu günün şagirdlərindən düşüncələrində bir ömür boyu xatırlanacaq iz qoymaqdır.
-Gənclərə vermək istədiyiniz ən önəmli mesaj nədir?
-Mən gənclərə hər zaman deyirəm: “Siz özünüzə inanmasanız, heç kim sizə inanmaz.” İnsan həyatda hər şeyini itirə bilər, amma ümidini və özünə inamını itirməməlidir. Mənim gənclərə əsas mesajım budur: zəhmət, səbir və inam sizi istədiyiniz zirvəyə aparacaq.
-Müəllim olmaq arzusu ilə yaşayan gənclərə nə kimi tövsiyələr verərdiniz?
-Onlara tövsiyə edərdim ki, müəllimliyi ürəklə seçsinlər. Əgər müəllim sinifə yalnız maaş üçün girirsə, bu yolda uğur qazana bilməyəcək. Müəllim olmaq istəyən gənclərə deyirəm: uşaqları sevin, çünki sevgisiz müəllimlik olmaz. Hər şagirdin qəlbinə yol tapmağı bacarın.
-Müasir gənclikdə sizi ən çox sevindirən xüsusiyyətlər və narahat edən məqamlar nələrdir?
-Məni sevindirən onların açıqfikirliliyi, dünyaya inteqrasiya etmə bacarığı və texnologiyadan yaradıcılıqla istifadə etmələridir. Amma narahat edən məqam da var. Bu, bəzi gənclərin səbirsizliyi və ənənəvi dəyərlərə laqeydliyidir. Mən istəyirəm ki, onlar müasir olsunlar, amma köklərini də unutmasınlar.
-Şagirdlərinizə daim aşılamaya çalışdığınız əsas dəyər və prinsiplər hansılardır?
-Mən şagirdlərimə dürüstlük, əməksevərlik, insanlığa hörmət və Vətən sevgisi aşılayıram. Onlara deyirəm ki, savadlı olmaq mütləqdir, amma vicdanlı olmaq daha vacibdir. Çünki vicdansız savad təhlükəlidir.
-Peşə fəaliyyətiniz dövründə heç vaxt unutmadığınız bir hadisəni bölüşə bilərsinizmi?
-Bir gün dərs gedirdi. Hava açıq idi, uşaqlar sakitcə yazılarını yazırdılar. Birdən sinifin pəncərələri cingildədi, lövhə tərpəndi. Hamı başa düşdü ki, zəlzələdir. Uşaqların bəziləri qorxudan qışqırmağa başladı, bəziləri qaçmaq istədi. Mən isə ani olaraq səsimi qaldırıb dedim:
– Uşaqlar, qorxmayın! Hamı sakit olsun, mənim dediklərimi edin!
Onları tez pəncərədən uzaqlaşdırdım, partaların altına girmələrini tapşırdım. Ən çox da balaca, çəlimsiz uşaqlar qorxmuşdu, titrəyirdilər. Mən onlara yaxınlaşıb əllərini tutdum, dedim: – Mən buradayam, heç kimə heç nə olmayacaq!
O an sanki vaxt dayanmışdı. Zəlzələ davam etsə də, uşaqlar mənə inanıb sakitləşdilər. Bir neçə dəqiqədən sonra titrəyiş dayandı. Biz məktəbin həyətinə çıxdıq.Hamı sağ-salamat idi.Ən çox yadımda qalan isə bir şagirdimin sözləri oldu. O, qorxudan ağlayırdı, amma həyətə çıxanda göz yaşlarını silib dedi:
– Müəllim, siz yanımızda olduğunuz üçün qorxmadıq.
O məqamda anladım ki, müəllim təkcə dərs öyrətmir. Müəllim bəzən şagirdinə həyatın ən çətin anlarında dayaq və güvən yeri olur.
-Müəllim sənətinin sahibi olan insanlar çiyinlərində hansı məsuliyyət yükünü daşıyırlar? Bu yükün böyüklüyü sizi nələrə vadar edir?
-Müəllim çiyinlərində yalnız dərs yükünü yox, gələcəyin taleyini daşıyır. Bu məsuliyyət o qədər böyükdür ki, bəzən insanı qorxudur. Çünki bir sözünüz bir uşağın taleyini dəyişə bilər. Bu yük məni daim öz üzərimdə işləməyə vadar edir. Mən heç vaxt “artıq kifayət qədər öyrənmişəm” demirəm.
-Sizin fikrinizcə, gələcəyin müəllimi hansı yeni bilik və bacarıqlara sahib olmalıdır?
-Gələcəyin müəllimi texnologiyanı mükəmməl bilməli, psixoloji yanaşma bacarmalı, yaradıcı olmalıdır. Şagirdlər artıq yalnız dərs kitabından bilik götürmürlər, müəllim onları düzgün istiqamətləndirməlidir. Yəni, əsl müəllim sadəcə öyrədən deyil, həm də yol göstərən olmalıdır.
-Dövlətin müəllim hazırlığına və ümumilikdə təhsil sahəsinə verdiyi dəstəyini necə qiymətləndirirsiniz?
-Son illərdə müəllimlərin həm sosial vəziyyəti, həm də nüfuzu daha çox diqqətə alınır. Təhsil sahəsinə qoyulan sərmayə həm müəllimlərə stimul verir, həm də şagirdlərin keyfiyyətli təhsil almasında özünü göstərir. Ən önəmlisi isə müəllimlərin cəmiyyətdə nüfuzunun artmasıdır. Bu, şagirdlərin gözündə müəllim obrazını daha uca edir.
-Son dərs gününüzü necə təsəvvür edirsiniz, bu an sizdə hansı duyğuları oyadacaq?
-Mən son dərs günümü təsəvvür edəndə həm sevinirəm, həm kədərlənirəm. Sevinirəm, çünki ömrümü şərəfli bir yola həsr etmiş olacağam. Kədərlənirəm, çünki həyatımın ən mənalı illəri arxada qalacaq. Amma bir ümidim var: o gün mənə şagirdlərim deyəcəklər ki, “Müəllim, siz bizim həyatımızda ən böyük iz qoyan insansınız.”
-Son sualım. Özünüzü necə müəllim hesab edirsiniz və “əsl müəllim” sizin üçün kimdir?
-Mən özümü öyrənməkdən yorulmayan, daim inkişaf etməyə çalışan bir müəllim hesab edirəm. Mənim üçün əsl müəllim – öyrətdikləri ilə yanaşı, şəxsiyyəti ilə də örnək olan insandır. Əsl müəllim ömrünü özünə yox, başqalarına həsr edir. Mən də bütün gücüm və sevgimlə belə bir müəllim olmağa çalışıram.
Yaqut Ağaşahqızı, “İki sahil”