29 sentyabr 2025 19:33
146

Azərbaycanla bağlı saxta xəbər kampaniyası - Ankara niyə susur?

Son aylarda Türkiyə mediasında Azərbaycanla bağlı yayılan saxta və təhrif olunmuş xəbərlərin sayı artmaqdadır. Artıq bu işin təsadüf, hansısa media qorqanının şəxsi təşəbbüsü olmasına inanmaq çox çətindir. Əvvəllər bunun hansısa media quruluşunun özünün, yaxud müəyyən qüvvələrin təxribatı hesab edirdiksə, indi bu vasitə ilə məqsədyönlü məşğul olunduğuna inanırıq.

Çünki davamlı təkziblərə, Azərbaycan tərəfinin açıqlamalarına baxmayaraq, saxta xəbərlərin tirajlanması davam edir.

Azərbaycanın rəsmi bəyanatları

Bu ilin əvvəlindən başlayaraq, müxtəlif vaxtlarda Türkiyə mediasında Azərbaycanla bağlı saxta xəbərlər yayılmağa başladı. Bu ayın əvvəlindən isə “saxta xəbər kampaniyası” daha da güclənib. Türkiyənin bəzi media subyektlərində və sosial media hesablarında Azərbaycan dövləti adından “Eurovision 2026"da İsrail yoxdursa, biz də yoxuq” başlığı ilə saxta xəbərlər tirajlanmağa başladı. Əvvəlcə bu məlumat Türkiyənin çox oxunmayan, tirajı zəif saytlarında yayıldı. APA agentliyi xəbərə reaksiya verdi və məlumatın saxta olduğunu yazdı.

Amma Türkiyədəki həmkarlarımız sakitləşmədilər. Bu saxta xəbər daha tirajlı saytlara, daha sonra isə televiziya müzakirələrinə daşındı. Azərbaycanın Media Agentliyi açıqlama yaydı və bildirdi ki, bu, saxta xəbərdir.

Türk həmkarlarımız yenə də davam etdilər. Bu dəfə Avroviziya Uşaq Yarışmasının mətbuat konfransında Azərbaycan mediasının sualına cavab olaraq Təşkilat Komitəsi bir daha bəyan etdi ki, nə belə müzakirə olub, nə də bu cür qərar. Bu, saxta xəbərdir!

Bu açıqlamadan sonra isə Türkiyənin “Hürriyyət” və “Sabah” qəzetləri yenidən eyni yalanı təkrarladılar. Azərbaycan Media Agentliyinin direktor müavini Natiq Məmmədli APA-ya verdiyi müsahibədə bildirdi ki, bu cür məlumatlar ikitərəfli münasibətlərimizə və ortaq media platforması anlayışına ziddir: “Azərbaycan tərəfi dəfələrlə bildirib ki, bu xəbərlər feykdir”.

Türkiyədə də, Azərbaycanda da, yəqin elə dünyada da “Sabah” və “Hüriyyət” qəzetlərinin, o cümlədən bu feyk xəbəri müzakirə edən televiziyaların hazırkı Türkiyə hakimiyyətinə yaxın olduğunu hamı bilir.

BMT görüntüləri və dezinformasiya

Təəccüblüsü odur ki, yenidən daba bir baş verməmiş məsələyə dair – BMT-də bütün dünyanın gözü qarşısında yaşanmış hadisə Türkiyə mediasında təhrif edildi. Türkiyənin bəzi media və sosial şəbəkə seqmentlərində yayılan məlumatda bir sıra ölkələr tərəfindən BMT Baş Assambleyasında çıxışı boykot edilən İsrail baş naziri Netanyahunu dinləyənlər arasında Azərbaycanın rəsmi nümayəndə heyətinin olduğunu iddia edən saxta foto və xəbər yayıldı. Halbuki BMT-nin müzakirələri canlı yayımlanır, BMT-nin saytında da bunlara baxmaq mümkündür. Hər kəs izləyə bilər. Eyni zamanda BMT sessiyasında bütün dünya mediası iştirak edib, yalnız Türkiyə mediası yox. Orada Azərbaycan da böyük bir media heyəti ilə təmsil olunub. Azərbaycanın aparıcı agentlikləri və televiziya kanalları Prezidentin səfərini Nyu Yorkdan işıqlandırıblar. Belə açıq bir tədbirdə, hər kəsin gözü qarşısında necə olur ki, bu cür saxta xəbərlər hazırlanıb yayıla bilir? Hər kəs Netanyahu çıxış edəndə zalda Azərbaycan nümayəndə heyətinin olmadığını görüb. Bu şəkilləri montaj edib saxta foto ilə xəbər yaymaq Türkiyə mediasına nə üstünlük qazandıra bilər?

Türkiyə rəsmiləri niyə susur?

Türkiyədə Prezident Administrasiyası nəzdində dezinformasiyaya qarşı mübarizə aparamaq üçün yeni qurum yaradılıb. Bundan əlavə, Türkiyədə Basın Yayın və İnformasiya qurumu (Basın-Yayın ve Enformasyon Genel Müdürlüğü) fəaliyyət göstərir. Bu qurumların mövcudluğu onu göstərir ki, Türkiyə hakimiyyəti saxta xəbər məsələsinə həssas yanaşır. Amma necə olur ki, Türkiyənin daxilində adi bir saxta xəbər və ya foto ilə bağlı dərhal açıqlama verən bu qurumlar Azərbaycanla bağlı yayılan saxta məlumatlara münasibət bildirmirlər? Üstəlik, Azərbaycanın rəsmi qurumlarının və etibarlı mediasının bununla bağlı yaydığı açıqlamalara da məhəl qoyulmur?

Yeri gəllmişkən, APA Türkiyənin bu qurumlarına son vaxtlar baş vermiş saxta xəbərlər və onlara reaksiya verilməməsinin səbəbi ilə bağlı sorğu ünvanlaylb. Hələlik sorğuya heç bir cavab verilməyib.

Ortaq media platformasına ehtiyac qalırmı?

Azərbaycan və Türkiyə informasiya mübadiləsi, hər iki ölkənin media qurumlarının daha sıx əməkdaşlığı və SAXTA XƏBƏRLƏRƏ qarşı birgə mübarizə aparmaq üçün ortaq media platforması yaradıb. Bu platformanın əsas məqsədi iki ölkə mediasının üçüncü ölkələrin media vasitələrinə ehtiyac olmadan informasiya mübadiləsi etmək üçün fəaliyyət göstərmək, beləliklə də saxta xəbərin və informasiya diversiyalarının qarşısını almaqdır. Əgər feyk xəbərlər Türkiyə mediasının özü tərəfindən davamlı yayılacaqsa, Azərbaycan mediasının yaydığı açıqlamalar da nəzərə alınmayacaqsa, onda ortaq media platformasının əhəmiyyətindən danışmağın mənası qalmır.

İran və Rusiya mediasından sonra Türkiyə mediası

Türkiyə mediasının Azərbaycanda öz nüfuz dairəsini itirmək istəyinin nə ilə bağlı olması sual doğurur. BMT-nin tədbirini işıqlandıran hər bir media qurumunun qeydlərində də əks olunub ki, Netanyahu çıxış edərkən Azərbaycan nümayəndə heyəti zalda olmayıb. Eləcə də “Eurovision”la bağlı saxta xəbərlər.

Belə olan halda Türkiyə mediasının Azərbaycanla bağlı yaydığı yalan xəbərlər ölkədə onlara olan inamı itirir. Rusiya və İran mediası kimi etibarsız mənbə status alır. Çünki bu gün Rusiya və İran mediasında yazılanların bizim üçün heç bir əhəmiyyəti yoxdur. Demək olar ki, onlara istinad edilmir. Beləliklə, Türkiyə mediası da nüfuzunu itirir və Azərbaycan cəmiyyətində ona etimad qalmır. Sual budur: bu Türkiyə mediasına niyə lazımdır?

Qırmızı xətlərə hörmət

Azərbaycan mediasının bildikləri, araşdırmaq istəyərkən əldə etdikləri həmişə sensasiya yarada bilir. Bu gün Azərbaycan mediası xarici mənbələr üçün özü müstəqil istinad mənbəyidir.

Bu media İsrail və Türkiyənin Aralıq dənizindəki daşımaları və maraqları, iqtisadi əməkdaşlıq maraqları, bəzi hallarda regional məsələlərdəki qeyri-rəsmi dialoqları barədə yaza, araşdıra bilər. Bu, heç də çətin deyil. Necə ki, biz Rusiya, İran və Fransa ilə bağlı Kremldə, Yeliseydə, Tehranda müzakirə olunan araşdırmalar, xəbərlər ortaya qoya bilmişik. Ankaraya da səs salmaq olar.

Amma Azərbaycan həmişə həm dövlət, həm də media siyasətində qırmızı xətləri qorumağı bacarıb. Tövsiyə olunan odur ki, Türkiyə də bu məsələyə həssas yanaşsın. Əks halda, heç bir əsası olmayan, saxta xəbərlərlə Türkiyə mediası Azərbaycanda mövqeyini tamamilə itirə bilər. (APA)