Prezident İlham Əliyevin sentyabrın 25-də BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı Azərbaycanın həm tarixi ədaləti bərpa edən, həm də qlobal və regional məsələlərdə fəal rol oynayan bir dövlət kimi mövqeyini nümayiş etdirir. Bu çıxış ölkəmizin ərazi bütövlüyünün bərpası, dövlət suverenliyinin qorunması və regionda sülhün təmin edilməsi istiqamətində atdığı əhəmiyyətli addımları vurğulayır. Həmçinin, ölkənin beynəlxalq əməkdaşlığa və qlobal çağırışlara olan sadiqliyini bir daha sübut edir. Cənab İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra ilk dəfə BMT tribunasından çıxış edirdi. Prezident İlham Əliyevin Baş Assambleyadakı çıxışı tarixi bir an idi. Çünki ölkə Prezidenti vaxtilə ölkəmizin işğal, təcavüz və ədalətsizliyə məruz qaldığını bəyan etdiyi tribunada indi işğala necə son qoyduğumuzu və sülhü siyasi vasitələrlə necə təmin etdiyimizdən danışdı. 30 ilə yaxın davam edən sülh danışıqlarının nəticəsiz qalması Azərbaycanı 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməyə məcbur edib. Ermənistanın hərbi təcavüzü şəhərlərə və kəndlərə ballistik raketlərin atılması, kasetli mərmilərlə bombalanma və 100-dən çox günahsız mülki vətəndaşın qətlə yetirilməsi kimi faciələrlə nəticələnib. Azərbaycan Silahlı Qüvvələri isə müharibəni beynəlxalq humanitar hüquqa riayət etməklə apararaq mülki infrastrukturu hədəfə almayıb.
Bu il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladılar. Həmin gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar. ABŞ Prezidenti Donald Tramp da buna şahid qismində imza atdı. Bundan əlavə, Azərbaycan və Ermənistan artıq sülh prosesinə aidiyyəti olmayan köhnəlmiş mexanizm kimi ATƏT-in Minsk qrupunun və əlaqədar strukturlarının bağlanması üçün birgə müraciət ünvanladılar. Beləliklə, sentyabrın 1-də ATƏT bu strukturların birdəfəlik bağlanması barədə qərar qəbul etdi. Azərbaycanla Birləşmiş Ştatlar arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında iki hökumət arasında Anlaşma Memorandumunu cənab İlham Əliyev ilə Prezident Donald Tramp imzaladı. Bu, siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlər açır. Prezident Donald Trampın 1992-ci ildə Azadlığa Dəstək Aktına 907-ci düzəliş şəklində Azərbaycana qarşı tətbiq olunmuş sanksiyaların icrasını dayandırması qərarı da tarixi addım kimi dəyərləndirildi. ABŞ Konqresinin 907-ci düzəlişi birdəfəlik ləğv etməsi ikili standartların mirasına son qoymaqla, Azərbaycanın qlobal təhlükəsizlik və sabitliyə töhfə verdiyi bir dövrdə etimad və əməkdaşlığı möhkəmləndirərdi.
Cənab İlham Əliyev BMT Baş Assambleyasının tribunasından dünyaya çağırış etdi. Bildirdi ki, gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünyanı quraq. Azərbaycan Prezidenti, həmçinin bu tribunadan ölkəmizin baxışlarını, prioritetlərini bəyan etdi. Bir daha vurğulandı ki, bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıqdır. Dövlətimizin başçısının BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında vurğuladığı kimi, biz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsip irəli sürdük, sülh müqaviləsi layihəsini təqdim etdik: “Daha sonra layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər davam edən danışıqlar prosesi bizim təşəbbüsümüzlə başladı. Müxtəlif təxribatlara baxmayaraq, danışıqlar yalnız ikitərəfli əsasda aparıldığına, hər hansı bir kənar müdaxilə olmadığına görə müsbət nəticələr verdi.Azərbaycan, həmçinin qlobal çağırışlara cavab olaraq inklüziv, ədalətli və ümumbəşəri həll yollarının təşviqində fəal rol oynayır. COP29-a ev sahibliyi etməsi və qlobal iqlim maliyyələşdirilməsində göstərdiyi uğurlu fəaliyyət ölkəmizin bu sahədə lider mövqeyini nümayiş etdirir. Eyni zamanda, Azərbaycan regionda yaşıl iqtisadiyyatın inkişafı və davamlı enerji layihələrinin həyata keçirilməsi ilə nümunəvi təşəbbüslər göstərir. Bu fəaliyyətlər həm də qlobal iqlim siyasətinə böyük töhfə verməklə dövlətin beynəlxalq nüfuzunu daha da möhkəmləndirir.
Ümumilikdə avqust ayında cənab İlham Əliyevin ABŞ-a səfəri zamanı əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət daşıyır. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açdığına, münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək qərarına və Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə dəstəyinə görə ABŞ Prezidenti Donald Trampa təşəkkürünü bildirdi.Vaşinqton razılaşmaları regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsini şərtləndirəcək ki, bu da öz növbəsində yeni əməkdaşlıq formatlarının yaradılmasına imkanlar açacaqdır.
Ayaz Cəbrayılov,
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri