30 sentyabr 2025 17:52
91

BMT Qəzzaya humanitar yardımın həcmini artırmağa hazırdır

BMT ABŞ-nin sülh planının həyata keçirilməsi çərçivəsində mümkün qədər Qəzza zolağına humanitar yardımın həcmini artırmağa hazır olduğunu bildirib.

“İki sahil” bu barədə "Times of Israel"ə istinadən xəbər verir.

Məlumata görə, son aylarda BMT agentlikləri və onun tərəfdaşları tərəfindən yardım tədarükü bir qədər məhdudlaşdırılıb.

"Ümumdünya təşkilatı sülh səyləri ilə bağlı müxtəlif tərəflərlə əlaqə saxlayır. Biz istənilən vasitəçiliyi alqışlayırıq",- BMT-nin Cenevrədəki mənzil-qərargahının mətbuat xidmətinin rəhbəri Alessandra Velluççi qeyd edib.

BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin nümayəndəsi Yens Lerke bildirib ki, BMT fürsət yaranan kimi və belə təchizatın təhlükəsizliyi və müdafiəsi təmin ediləcəyi təqdirdə Qəzzaya humanitar yardım tədarükünü artırmağa hazır və qadirdir.

ABŞ-nin Prezidenti Donald Trampın planında qeyd edilib ki, humanitar yardım göndərişləri İsrail və ya HƏMAS-ın müdaxiləsi olmadan BMT və onun agentlikləri, tərəflərin heç biri ilə əlaqəsi olmayan digər beynəlxalq qurumlar vasitəsilə həyata keçiriləcək.