İkinci Qarabağ müharibəsinin başa çatmasından beş il vaxt keçsə də Ermənistanda itkin düşmüş hərbçilərin valideynləri hələ də onların yolunu gözləyirlər. Hələ demirik ki, I Qarabağ müharibəsində də itkin düşənlərin sayı daha çox idi. Əvvəllər Ermənistan hakimiyyəti döyüşlərdə öldürülənlərin cəsədlərini morqlarda gizlədərək ictimaiyyətə təsəlliverici fikirlər söyləyir, döyüşlərdə olənləri dəfn olunmaq üçün aylarla gözləyən valideynlərinə və qohumlarına təhvil vermirdilər. İtkin düşənlər barədə yaydıqları söz-söhbətlərdə isə onların axtarılıb tapılması haqqında yalançı uydurmalar iddia olunurdu. Bu, ağır məğlubiyyətin miqyasını kiçiltmək və əhalini panikaya düşməmək və sakitləşdirmək məqsədi ilə edilirdi ki, emosiyaya qapılmış kütlə hakimiyyətə qarşı ayağa qalxmasın. Ancaq zaman keçdikcə əsl həqiqət ortaya çıxdı. Məlum oldu ki, müharibədə itkin düşənlərin də sayı az deyil. Lakin hakimiyyət orqanları onların axtarılıb tapılmasında acizdir. Bu səbəbdən cəsədi tapılmayanları da itkinlərin siyahısına yazırlar ki, öldürülənlərin sayı “azalsın”.
Bu günlərdə Ermənistan Müdafiə Nazirliyinin qarşısında keçirilən aksiyada müharibədə itkin düşən əsgərlərin yaxınlarından biri - Arsen Qukasyan bildirib ki, onlara düzgün məlumat verilməsə son çarəyə əl atacaqlar. Arsen Qukasyan deyib: “Xalq bizi bağışlasın, amma biz kollaps yaradacağıq, əsas yolları bağlayacağıq. Çünki bizə dəqiq vaxt deyilməyib və artıq 5 ildir gözlədiyimiz üçün vaxt itirmək istəmirik”.
Məlumdur ki, “miatsum” ideyasından əl çəkməyən, Türk xalqları ilə düşmənçiliyi qızışdıran bir qrup daşnak, revanşist və kilsə xadimi Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırlaşan, Türkiyə ilə münasibətləri qaydasına salmağa tələsən baş nazir Nikol Paşinyanı devirməklə öz məqsədlərinə çatmağı planlaşdırıblar. Onların əsl niyyəti ölkəni əvvəlki vəziyyətinə qaytarmaq, əhalini baş nazirə qarşı qaldırmaq, itaətsilik yaratmaq, rəhbərliyi ələ keçirmək və Azərbaycanla yeni işğalçı müharibəyə başlamaqdır. Nikol Paşinyan onların bu məkrli planlarını bildiyi üçün əks tədbirlər görür. Keçən müharibələrdə oğulları, qohumları həlak olanlar, bu gün də onların cənazəsini axtaranlar təbii ki, yeni müharibəyə qətiyyətlə “yox” deyirlər. Əlbəttə, sadə adamlar yeni ölüm-itimlərə razı olmazlar. Onlar dəfələrlə daşnakların və revanşistlərin müharibə çağırışlarını rədd ediblər. Bu məqamı tutan baş nazir Nikol Paşinyan cəmiyyətə açıq mesaj verir ki, hakimiyyət də müharibə istəmir, istəyənlər isə onları yeni müsibətlərə sürükləmək niyyəti güdənlərdir. Yəni, baş nazir sadə insanları bədbəxtliyə aparanların yırtıcı simasını hay cəmiyyətinə göstərir. Bu səbəbdən idi ki, II Qarabağ müharibəsində biabırçılıqla uduzmasına baxmayaraq Nikol Paşinyana yenidən etimad göstərib, ona səs verdilər.
Haqqında danışdığımız olay da gələnilki parlament seçkilərində qələbə qazanmağa hesablanıb. İnam var ki, Ermənistanı müstəqil görməyə, qonşu dövlətlərlə ədavətə son qoymağa, ölkəyə rifah gətiməyə çalışan Nikol Paşinyan rəqibləri üzərində qələbə çalmağa daha şanslıdır. Siyasi oyunlar, işğalçı müharibədə oğullarını kimlərinsə iddiasına qurban vermək bir parça çörək qazanmaq istəyində olan sadə erməniləri qətiyyən maraqlandırmır və bəri başdan rədd edirlər. Üstəgəl, cəmiyyətin böyük bir hissəsi keçən müharibələrdə düçar olduğu müsibətlərin acısını bu gün də çəkməkdədir. Heç şübhəsiz ki, əzilmiş haylar fitnəyə uyub müharibə istəməzlər. Ona görə də 2026-cı il parlament seçkilərində onların Nikol Paşinyanın platformasına “hə” deyəcəkləri daha real görünür.
Vəli İlyasov, “İki sahil”