01 oktyabr 2025 01:25
141

Tarix yazan Lider

1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkiləri müstəqil Azərbaycanın tarixində əlamətdar bir dönüş nöqtəsi oldu. O dövrdə ölkədə hökm sürən dərin siyasi böhran, sosial gərginlik və idarəolunmazlıq şəraitində xalq çıxış yolunu axtarırdı. Azərbaycanı xaosdan, parçalanmadan və vətəndaş qarşıdurmasından xilas edəcək liderə ehtiyac vardı. Xalq bu ağır, taleyüklü məqamda müdrik və uzaqgörən bir qərar verərək, böyük etimadla Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Bu seçim sadəcə bir prezidentin seçilməsi deyildi. Bu, ölkənin gələcəyini müəyyən edən, sabitliyə və inkişaf yoluna aparan tarixi bir addım idi. Məhz belə bir həssas və təhlükəli mərhələdə xalqın Heydər Əliyevə üz tutması təsadüfi deyildi.

Müstəqilliyinin ilk illərində Azərbaycan böyük sınaqlarla üzləşdi. Səriştəsiz və təcrübəsiz rəhbərlik nəticəsində ölkədə siyasi, sosial və hərbi sahələrdə ciddi böhranlar yarandı. Əgər həmin çətin dönəmdə dövlətin idarərtmə sükanı  Ulu Öndər Heydər Əliyev kimi uzaqgörən və qətiyyətli bir şəxsiyyət olsaydı, xalqımız qanlı toqquşmalardan, müharibə faciələrindən və dərin sosial-iqtisadi çətinliklərdən qoruna bilərdi. Təəssüf ki, əvvəlcə Vəzirov, sonra Mütəllibovun hakimiyyəti  dövründə, daha sonra isə Xalq Cəbhəsi-Müsavat iqtidarı zamanında bu həqiqət qəbul olunmadı. Heydər Əliyev yolunun alternativsizliyini dərk etməyənlər Azərbaycanı dərin siyasi və sosial böhranlara sürüklədilər.  Nəticədə dövlətçilik təhlükə altına düşdü və idarəçilikdə aciz qalan həmin şəxslər Azərbaycanı fəlakət girdabında qoydular.

Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli  tələbi ilə yenidən hakimiyyətə gələrkən  bəyan etmişdi ki, Azərbaycan bu ağır çətinlikləri geridə qoyacaq, vətəndaşlar isə güclü və qüdrətli bir dövlətin vətəndaşı olmaqdan qürur duyacaqlar: “Belə bir yüksək məsuliyyətli vəzifəni öz üzərimə götürərkən, birinci növbədə Azərbaycan xalqının zəkasına, müdrikliyinə, qüdrətinə güvənirəm, arxalanıram. Azərbaycan xalqının mənə bəslədiyi ümidlər məni bu vəzifəni üzərimə götürməyə məcbur edibdir. Əmin etmək istəyirəm ki, bu ümidləri doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm.”

1993-cü ildən etibarən Azərbaycan Respublikasının demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşaraq möhkəm təməllər üzərində inkişaf etməsi, sosial-iqtisadi həyatın bütün sahələrini əhatə edən dərin islahatların və köklü dəyişikliklərin həyata keçirilməsi bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1993-2003-cü illərdə ölkəyə rəhbərlik etdiyi dövr müasir Azərbaycan tarixində həlledici mərhələ oldu. Məhz həmin illərdə milli dövlətçiliyin möhkəm əsası qoyuldu, ölkənin daxili və xarici siyasət kursunun strateji istiqamətləri müəyyənləşdirildi.

Ulu Öndər qısa müddətdə ölkədə baş alıb gedən hərc-mərclik və anarxiyanı aradan qaldırdı. Ölkədə qanunun aliliyi təmin olundu, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiyamız qəbul edildi, müasir idarəetmə sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu, iqtisadi tərəqqini şərtləndirən qlobal layihələr reallaşdırıldı.

Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanmış Ulu Öndər kimi qalıb və hər zaman da qalacaq. Onun dərin mənalı və müdrik kəlamları bu gün də xalqımıza yol göstərir. Ulu Öndərin bu tarixi sözləri isə əbədi yaddaşlarda yaşayır: “Nə qədər ki, Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam.”

Ulu Öndər Heydər Əliyevin xalqına sonsuz bağlılığı yalnız sözlərində deyil, gördüyü misilsiz işlərdə, həyata keçirdiyi islahatlarda da öz əksini tapdı. Ulu Öndər qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran, müasir və innovativ inkişaf modelinin reallaşdırılmasına nail oldu. Bu model özəl mülkiyyətçiliyə, sahibkarlığa və sərbəst rəqabətə yol açan, liberallığı ehtiva edən və sosial yönümlü mahiyyət daşıyan iqtisadi sistem idi. “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır”- deyən Ulu Öndər  demokratik düşüncə və həyat tərzinin bütün dünyada diktə etdiyi bu meyarlara hər zaman sadiqlik göstərmiş, milli inkişaf naminə bu yolun alternativsizliyi fikrini ictimai rəyə aşılamışdır. 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan sözün əsl mənasında müstəqil həyat yaşayır. Ulu Öndər Prezident olduğu illərdə dövlətçiliyin əsaslarını qoydu, müstəqil dövlətin Konstitusiyası qəbul edildi, milli ideologiyamız formalaşdı, siyasi islahatların aparılmasına başlandı, demokratik inkişafla bağlı önəmli qərarlar və qanunlar qəbul olundu. İqtisadi sahədə liberallaşma siyasətinə start verildi və bazar iqtisadiyyatına keçid məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirildi. Müasir Azərbaycan dövlətinin formalaşması Ümummilli Lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Elə bir sahə yoxdur ki, bu dahi şəxsiyyətin orada misilsiz xidmətləri olmasın. Ulu Öndər uzaqgörən daxili və xarici siyasəti ilə Azərbaycanın beynəlxalq nüfuzunu artırmış, ölkənin hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini isə əbədi və dönməz etmişdir. 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi” Ulu Öndərin neft strategiyasının bariz nümunəsi olaraq Azərbaycanın dünya iqtisadi sistemində mövqeyini müəyyənləşdirdi və ölkəmizin uzunmüddətli inkişafının əsasını qoydu. Onun təşəbbüsü və qətiyyəti ilə həyata keçirilən beynəlxalq iqtisadi layihələr “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri  Azərbaycanın iqtisadi inkişafına güclü təkan verdi. Xüsusilə qeyd edək ki, Ulu Öndərin nəsillərə nümunə olan həyat yolu xalqa fədakarlıqla xidmət prinsipi üzərində qurulmuşdur. O, təkcə müstəqil Azərbaycan dövlətinin əbədiliyini təmin etməklə kifayətlənməyib, həm də milli dövlətçiliyin təməlini qoyaraq müasir idarəçilik məktəbinin əsasını yaradıb. Dahi Lider öz əzmi və uzaqgörənliyi ilə qurub-yaratdığı şah əsəri hesab olunan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı  cənab İlham Əliyevə etibar etmişdir.

Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi və müdrik sərkərdəliyi ilə Azərbaycanın ərazi bütövlüyü bərpa olunmuşdur. Bu tarixi Zəfər Ümummilli Liderin  ən böyük arzusu olan Qarabağın düşmən işğalından azad edilməsi ilə gerçəkləşmişdir. Dahi şəxsiyyət illər öncə böyük uzaqgörənliklə bildirirdi: “Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır.”

Böyük Liderin illərlə həsrətlə gözlədiyi o şanlı an nəhayət ki, 2020-ci ilin noyabrında yetişdi. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və qoyduğu möhkəm təməl sayəsində Azərbaycan dövləti ildən-ilə gücləndi, siyasi, iqtisadi və hərbi sahələrdə mühüm nailiyyətlər əldə etdi. Beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan ölkəmiz öz suverenliyini və milli maraqlarını qorumaq gücünə malik, qüdrətli bir dövlətə çevrildi. Məhz bu strateji yanaşmanın və ardıcıl siyasətin nəticəsində Azərbaycan müasir, döyüş qabiliyyətli ordu formalaşdırdı. 44 günlük Vətən müharibəsində xalq-ordu-dövlət birliyi bütün dünyaya nümunə oldu və nəticədə Azərbaycanın ərazi bütövlüyü təmin edildi, torpaqlarımız işğaldan azad olundu.

Məhz ölkəmizin artan iqtisadi gücü və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində rəşadətli Azərbaycan Ordusu düşməni torpaqlarımızdan qovub çıxardı. Üçrəngli Bayrağımız yenidən doğma Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi sayılan Şuşada qürurla dalğalanmağa başladı. Xalqımız bu tarixi Zəfəri eyni zamanda, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin və möhkəm dövlətçilik təməllərinin məntiqi nəticəsi kimi dəyərləndirir.

Bu gün ölkə olaraq, xalq olaraq tam əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu uzaqgörən siyasət və Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” kimi tarixi bəyanatı artıq reallığa çevrilib. Azərbaycanın şanlı Bayrağı artıq Qarabağın bütün bölgələrində dalğalanır. 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Qələbə və cəmi 23 saat 43 dəqiqə ərzində peşəkar şəkildə həyata keçirilmiş lokal antiterror tədbirləri sayəsində Azərbaycan dövləti öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Qətiyyətli siyasi iradə, güclü ordu, xalq-iqtidar birliyi və beynəlxalq hüquqa söykənən ədalətli mövqe sayəsində ölkəmiz təkcə regionda deyil, bütün dünyada haqqın və ədalətin qalib gəlməsinin nümunəsinə çevrildi.

Şəmsiyyə Əliqızı, “İki sahil”