Prezident İlham Əliyev: “Müstəqilliyimizin tarixində 1993-cü il müstəsna əhəmiyyətə malikdir. O zaman, mürəkkəb durumda xalqımız çox müdrik və tarixi bir seçim etmiş, Heydər Əliyevi ölkənin Prezidenti seçmişdir. Böyük nüfuza və şöhrətə malik olan bu siyasi xadim Azərbaycanda inkişafın təməlini qoymuşdur”
Təsadüfi deyil ki, Azərbaycanın müasir tarixində xalqın ədalətli seçimini, gələcək taleyini müəyyən edən əlamətdar günlər görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil dövlətçiliyimizin həyatında belə günlərdən biri də 1993-cü ilin 3 oktyabr günüdür. Həmin gün keçirilən prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndərimiz 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, çoxlarına əfsanə kimi görünən qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb. Ümummilli Lider andiçmə mərasimindəki nitqində bu barədə deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”.
Bu, eyni zamanda belə deməyə əsas verir ki, 1993-cü ilin 3 oktyabr seçimi həm də xalqın müstəqil Azərbaycanın gələcəyini müdrik rəhbərə həvalə etmək istəyinin təcəssümü idi. Daxili və xarici qüvvələrin Azərbaycanın dövlətçiliyini sarsıtmaq istiqamətində əlbir iş gördükləri bir vaxtda hakimiyyətə qayıdan görkəmli dövlət xadimi Heydər Əliyevin səyi nəticəsində ictimai-siyasi sabitliyi pozan qanunsuz silahlı dəstələr ləğv edilib, ölkəmizdə möhkəm ictimai-siyasi sabitlik yaradılıb. Bu barədə danışan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Müstəqilliyimizin tarixində 1993-cü il müstəsna əhəmiyyətə malikdir. O zaman, mürəkkəb durumda xalqımız çox müdrik və tarixi bir seçim etmiş, Heydər Əliyevi ölkənin Prezidenti seçmişdir. Böyük nüfuza və şöhrətə malik olan bu siyasi xadim Azərbaycanda inkişafın təməlini qoymuşdur”.
Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, bugünkü müstəqil, qüdrətli Azərbaycan dövləti də olmayacaqdı
Tariximizə faciə və tənəzzül dövrü kimi daxil olan 1990-1993-cü illərdə Azərbaycan məqsədli şəkildə xaos, anarxiya girdabına, vətəndaş qarşıdurmasına sürüklənirdi. Regionda strateji marağı olan güc mərkəzləri tərəfindən ölkəmizin parçalanması planı artıq çoxdan cızılmışdı. İndi siyasi baxışlarından və dünyagörüşündən asılı olmayaraq hər kəs etiraf edir ki, əgər bu həlledici mərhələdə tarixə Milli Qurtuluş Günü kimi daxil olmuş əlamətdar hadisə baş verməsəydi, xalqın istəyi və tələbi ilə 1993-cü il iyunun 15-də Ulu Öndərimizin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, hər zaman tərəqqi edən, yeniləşən və demokratikləşən Azərbaycan dövlətindən danışa bilməzdik. Ümummilli Liderimizin siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdəki özbaşınalığa, anarxiyaya, xaosa son qoyulub, Azərbaycan 1969-cu ildən başlanan quruculuq xəttinə qaytarılıb.
Dahi şəxsiyyət ölkədə formalaşan siyasi sabitliyin davamlılığını təmin etmək üçün özünün elmi əsaslara söykənən sosial-iqtisadi inkişaf strategiyasını irəli sürüb və mərhələlərlə onun icrasına nail olub. Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkə iqtisadiyyatında tənəzzül prosesinin qarşısı alınıb, büdcə, vergi və pul-kredit siyasətində tarazlıq əldə olunub, inflyasiyanın səviyyəsi minimal həddə endirilib. Ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, “Əsrin müqaviləsi”nin imzalanması, vaxtilə çoxlarının əfsanə hesab etdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinin reallaşdırılması Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına, yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan verib. Ulu Öndərimizin 1969-cu ildən başladığı quruculuq xəttini 1993-cü ildən sonra davam etdirməsi hərtərəfli inkişaf edən, müasir, demokratik, regionda lider ölkəyə çevrilən Azərbaycan dövlətinin yaradılmasına səbəb olub.
Ulu Öndərimizin siyasi kursu bütün istiqamətlərdə Azərbaycanın inkişaf etdirilməsi prinsipinə söykənir
Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biri də dövlət quruculuğunun hüquqi bazasının yaradılmasıdır. 1995-ci ildə qəbul olunmuş Konstitusiya ilə Azərbaycan Respublikasının dövlət quruculuğunun əsası qoyulub. Ölkəmiz demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetlərini, hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçib. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri də ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır. Ulu Öndər Heydər Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrilib. Yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirir.
Heydər Əliyevin dövlətçilik konsepsiyasının uğurlu istiqamətlərindən biri də ölkəmizin 2001-ci il yanvarın 25-də Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasıdır. Ümumiyyətlə, Heydər Əliyev siyasi kursu bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsipinə söykənir. Hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən işlər bütünlüklə müstəqillik amilinin praktiki baxımdan bərqərar olmasına yönəlib.
Ulu Öndər Heydər Əliyev siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev bütün fəaliyyətini insanlara qayğı və diqqət üzərində qurub.
Heydər Əliyevin dövlətçilik irsi həm də Azərbaycan cəmiyyətinin vahidliyinin təmin olunmasını özündə ehtiva edir. Bu baxımdan Ulu Öndərin əsasını qoyduğu siyasi xəttin davam etdirilməsi zamanın tələbidir. Ötən illər ərzində keçirilən bütün seçkilər də bir daha təsdiqlədi ki, Azərbaycan xalqı Ümummilli Liderin siyasi kursuna sadiqdir və bu kursun dövlətçiliyin təhlükəsiz, sabit inkişafına imkan verən yeganə strateji seçim olduğunu tam mənada dərk edir.
Prezident İlham Əliyev böyük uzaqgörənliklə Ulu Öndərin yolunu daim davam etdirəcəyini bildirərək deyib: “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir... Bütün bunları etmək üçün Azərbaycanda çox iş görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyev siyasəti davam etdirilməlidir”.
Dövlətimizin başçısı bütün fəaliyyətini Heydər Əliyev siyasəti, insanlara qayğı və diqqət üzərində qurub, sosialyönümlü siyasət strategiyası həyata keçirib və bütün bunları bu gün də əzmlə davam etdirir. “Əsl siyasət real, konkret iş görməkdən ibarətdir”, – deyən Prezident İlham Əliyev cəmiyyətin bütün gözləntilərini gerçəkləşdirməyə çalışmaqla hər bir fərdin marağına cavab verən çevik və qətiyyətli qərarlar qəbul edib. Ölkə başçısı ötən illər ərzində Azərbaycanda möhkəm təməllərə söykənən və dinamik sosial-iqtisadi tərəqqini təmin edən siyasi sabitliyin qorunub saxlanılması, ölkənin beynəlxalq arenada nüfuz və mövqelərinin möhkəmləndirilməsi, ictimai həyatın bütün sahələrində yeni dövrün tələblərinə uyğun islahatlar aparılması, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması, regionların inkişafı, yeni istehsal müəssisələrinin açılması istiqamətində mühüm addımlar atıb.
1994-cü ildən həyata keçirilən yeni neft strategiyasının müasir tələblər çərçivəsində davam etdirilməsi, Azərbaycanı regionda böyük nüfuz sahibinə, aparıcı dövlətə çevirən qlobal enerji və kommunikasiya layihələrinin ardıcıl surətdə həyata keçirilməsi, bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, investisiyaların regionların inkişafına yönəldilməsi, ölkədə münbit biznes mühitinin formalaşdırılması kimi vacib məqamlar dövlət başçısının siyasətinin prioritet istiqamətləri sırasında xüsusi yer tutur. Bunun nəticəsidir ki, Azərbaycanda bütün sahələr üzrə inkişaf sürətlə gedir.
Bu gün dünyanın müxtəlif ölkələrində yaşanan gərginlik, iqtisadi böhranlar göstərir ki, düzgün siyasət aparılan zaman bütün sosial və iqtisadi məsələlər uğurla öz həllini tapa bilər. Ümummilli Liderimiz Heydər Əliyevin tarixin çətin sınaq məqamlarında böyük xilaskarlıq missiyasını həyata keçirərək qoruyub saxladığı və gələcək inkişaf proqramını müəyyən etdiyi müstəqil Azərbaycan hazırda Ulu Öndərimizin adına və arzularına layiq şəkildə inkişaf etdirilir.
Bir sözlə, görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçilməsi ölkəmizin tarixində mühüm və əlamətdar hadisədir. Məhz bu tarixdən sonra müstəqil dövlətçiliyimizin qorunması, ölkəmizin sürətli inkişafı, xalqın rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər davamlı xarakter alıb, respublikamız yerləşdiyi regionda və dünyada söz sahibinə çevrilib. Bu gün əldə etdiyimiz bütün nailiyyətlərin əsası da məhz 1993-cü il oktyabr 3-dən qoyulub.
Bu çətin və şərəfli missiyanı onun siyasi davamçısı Müzəffər Ali Baş Komandan İlham Heydər oğlu Əliyev qətiyyət və ləyaqətlə davam etdirir
44 günlük Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində ermənilərin zəbt etdiyi şəhər və qəsəbələrimiz bir-birinin ardınca işğaldan azad olunmuşdur: Füzuli şəhəri, Horadiz qəsəbəsi, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları... Nəhayət, alınmaz qala, Qarabağın ürəyi, gözəl və qədim Şuşa da düşməndən azad edildi. Müzəffər Azərbaycan Ordusu düşmənin ən möhkəm istehkamlarını qəhrəmancasına darmadağın edərək Qarabağ dağlarının zirvəsini - milli kimliyimiz, qürurumuz, qeyrət və mənliyimizin simvolu olan, 28 il həsrət qaldığımız qədim Şuşamızı, Cıdır düzünü, İsa bulağını, xarı bülbülümüzü öz canı və qanı bahasına yenidən və əbədi olaraq fəth etdi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kurs milli birliyimizin güclənməsini və Vətən müharibəsində mühüm amilə çevirilməsini şərtləndirdi. 44 günlük Vətən müharibəsində qazanılan qələbə Azərbaycanın müasir tarixinin ən şanlı səhifəsidir. Təbii ki, bu qələbəni şərtləndirən amilləri sadaladığımız zaman bir mühüm məqama - əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfəindən qoyulan milli birliyimizə, milli həmrəyliyimizə xüsusi önəm verməliyik. Milli - mənəvi dəyərlər Azərbaycan xalqının milli sərvətidir.
Bu böyük hərbi qələbə münasibətilə Ali Baş Komandan İlham Əliyev Şəhidlər Xiyabanına gedərək, xalqa müraciət etdi. Şuşanın alınması münasibətilə xalqımızı təbrik edən Ali Baş Komandan İlham Əliyev bu məsələyə də toxunmuşdur: “...Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”
Bu yerdə ümummilli lider Heydər Əliyevin tarixi kəlamı yada düşür. “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, əbədi olması ondan da çətindir.” Bu çətin və şərəfli missiyanı onun siyasi davamçısı Müzəffər Ali Baş Komandan İlham Heydər oğlu Əliyev qətiyyət və ləyaqətlə davam etdirir.
Cəlal Əliyev,
YAP Masallı rayon təşkilatının Köhnə Alvadı ərazi partiya təşkilatının sədri