Azərbaycanda keçirilən III MDB Oyunları çərçivəsində avtobuslarla 7 700-dən çox idmançı və nümayəndə heyəti daşınıb.
“İki sahil” bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadla xəbər verir.
Bildirilib ki, 24-30 sentyabr tarixlərində 84 reys həyata keçirilib, 1 441 idmançı və nümayəndə heyətinin aeroportlardan oyunların keçirildiyi şəhərlərə daşınması təmin edilib.
İndiyədək həmin avtobuslarla şəhərdaxili daşımalarda 1 550 reys həyata keçirilib, 6297 idmançı və nümayəndə heyəti tədbirlərin keçirildiyi məkanlara rahat və təhlükəsiz şəkildə çatdırılıb.
Qeyd edək ki, Azərbaycana gələn qonaqların həm Heydər Əliyev Beynəlxalq Aeroportu, həm də Gəncə Beynəlxalq Hava Limanından oyunların keçirildiyi şəhərlərə daşınması şatllarla həyata keçirilir. Hava limanı daşımaları üçün 40 "Neoplan" markalı avtobus cəlb edilib.
Həmçinin tədbirlərin keçiriləcəyi şəhərlər üzrə iştirakçıların yarış və digər məkanlar arasında daşınması üçün 93 "Yutong" və "Neoplan" markalı avtobus ayrılıb.
Xatırladaq ki, III MDB Oyunları ilə əlaqədar AYNA gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir. Agentliyin əməkdaşları Oyunların Təşkilat Komitəsi ilə birgə tədbirlərin keçirildiyi şəhərlərə tam heyətlə cəlb olunublar.