SOCAR regionun aparıcı və dünyanın tanınmış enerji şirkəti olaraq ölkə iqtisadiyyatında çox mühüm rol oynayır. Şirkət Azərbaycanın sərhədləri daxilində, dənizdə və quruda yerləşən neft və qaz yataqlarının axtarışı, kəşfiyyatı və işlənməsi, neftin, qazın və qaz kondensatının hasilatı, emalı və nəqli, neft və neft-kimya məhsullarının, qazın daxili və xarici bazarlarda satışı, həmçinin ölkə ərazisində sənayenin və əhalinin təbii qaz təchizatı ilə də məşğul olur. Bundan başqa, SOCAR-ın Azərbaycanda və xaricdə “yaşıl enerji”, aşağı karbonlu və bərpaolunan enerji layihələrinin həyata keçirilməsi və effektiv idarə edilməsi, bu sahədə təcrübəli beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanlarının genişləndirilməsi, habelə neft-qaz əməliyyatlarında dekarbonizasiya proseslərinə dəstək göstərməsi kimi hədəfləri vardır. Bütün bu işləri həyata keçirmək üçün şirkət, yeni texnika və texnologiyaları, nano-texnoloji məsələlərlə bağlı mövzuları həll edərək istehsalata tətbiq etməyə qadir olan yüksək ixtisaslı mühəndis və fəhlə kadrları yetişdirir və onların fəaliyyəti nəticəsində dünyada nüfuzu daim artır.
SOCAR-da çalışan mütəxəssislərdən 1 nəfər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi, 2 nəfər müxbir üzvüdür. Neft sənayesinin qarşısında duran problemlərin həllinə yönəldilən araşdırmalarda və istehsalata tətbiqində 18 nəfər elmlər və 208 nəfər isə fəlsəfə doktoru kimi çalışır ki, onların da hər birinin şirkətin uğurlarında müstəsna əməyi vardır. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Azərbaycan Milli Aviasiya Akademiyası (AMAA) arasında bağlanan memorandumlar əsasında SOCAR-ın müvafiq olaraq “Elm Fondu” və “Elmi Tərəqqi Fondu” fəaliyyət göstərir. Bu fondların təsis edilməsində məqsəd təbiət və texniki elmlər sahəsində fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələrini, ölkədə neft, qaz və neft-kimya sənayesi ilə əlaqədar elmi araşdırmaları daha da inkişaf etdirmək, alimlərin elmi fəaliyyətini stimullaşdırmaq, onlara əlavə yaradıcılıq imkanları yaratmaqdır.
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli 1769 nömrəli “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Fərmanına əsasən dəqiq, təbiət və texnika profilli, o cümlədən neft və qaz sənayesinin inkişafı ilə bağlı tədqiqatlar aparan elmi müəssisələrin Elm və Təhsil Nazirliyinin (ETN) tabeliyinə verilməsi səbəbindən SOCAR və AMEA arasında təsis edilmiş “Elm Fondu” ilə yanaşı, SOCAR və ETN arasında analoji - SOCAR-ın “Elm və Təhsil Fondu”nun da təsis edilməsi gözlənilir. SOCAR-ın “Elm Fondu” tərəfindən indiyədək 7 layihə müsabiqəsi keçirilib.
2023-cü ildə SOCAR-ın “Elm Fondu” tərəfindən maliyyələşdirilməsinə 2,5 milyon manat qrant vəsaiti nəzərdə tutulan layihələr üzrə 7-ci müsabiqəyə 84 layihə təqdim edilib, Fondun Əsasnaməsinə və Müsabiqə qaydalarına uyğun olaraq qeydiyyatdan keçmiş həmin layihələrin ekspertizası təşkil edilib. Müsabiqənin gedişi və ekspertizası ilə bağlı Müsabiqə Komissiyasının (MK) bir neçə iclası keçirilib. Ekspertizanın nəticələri Müsabiqə Komissiyasında müzakirə olunub və müsbət rəy almış 35 layihə Fondun Əsasnaməsinin 3.4-cü bəndindən irəli gələrək təsdiq olunması üçün MK tərəfindən Fondun İdarə Heyətinə təqdim edilib və SOCAR-ın “Elm Fondu”nun İdarə Heyəti tərəfindən 31 layihə təsdiq edilib. 2024-cü ilin sonunda layihələr tamamlanıb və hesabatlar müvafiq qaydada SOCAR-a təhvil verilib.
“Elmi Tərəqqi Fondu”nun indiyədək 6 layihə müsabiqəsi keçirilib. 2023- cü ildə SOCAR-ın “Elmi Tərəqqi Fondu” tərəfindən qrant vəsaiti nəzərdə tutulan layihələr üzrə 6-cı müsabiqəyə 28 layihə təqdim edilib, Fondun Əsasnaməsinə və Müsabiqə qaydalarına uyğun olaraq qeydiyyatdan keçmiş layihələrin ekspertizası təşkil edilib, nəticələr Müsabiqə Komissiyasında müzakirə olunub və Fondun İdarə Heyəti tərəfindən müsbət rəy almış 16 qalib layihə təsdiq edilib. 2024-cü ildə layihələr üzrə işlər davam etdirilib.
SOCAR-ın nəzdində SOCAR müəssisələrinin və kənar təşkilatların sifarişlərinə əsasən, neft-qaz yataqlarının mənimsənilməsi, işlənməsi və abadlaşdırılması, quyuların qazılması və istismarı, neft-kimya və neft-qaz emalı üzrə elmi-tədqiqat, layihə-konstruktor kimi işləri həyata keçirən “Neftqazelmitədqiqatlayihə” İnstitutu fəaliyyət göstərir. SOCAR, eyni zamanda, respublikanın digər neft, qaz və kimya sənayesi ilə əlaqəli olan elmi müəssisələr ilə də daim əməkdaşlıq edir. “Neftqazelmitədqiqatlayihə” İnstitutu 2024-cü ildə elmi-tədqiqat və layihə-axtarış-konstruktor işləri üzrə 32069,466 min manat həcmində, o cümlədən (SOCAR-ın müəssisələri üzrə 30913,162 min manat + Xarici təşkilatlar üzrə 1156,304 min manat) iş həcmi yerinə yetirib.
Elmi-tədqiqat işləri üzrə 2024-cü ildə institut tərəfindən 8009,548 min manat həcmində 102 mövzu üzrə (bunlardan: SOCAR-ın müəssisələri üzrə 7405,092 min manat + xarici təşkilatlar üzrə 604,456 min manat) iş icra edilib.
SOCAR-ın müəssisələri üçün ümumi 7405,092 min manat həcmində 92 mövzu üzrə iş yerinə yetirilib. Bunlardan “Azneft” İB üçün 6269,974 min manat həcmində 81 mövzu, SOCAR-ın digər müəssisələri üçün isə 1135,118 min manat həcmində 11 mövzu üzrə iş yerinə yetirilib. SOCAR-a daxil olmayan digər müəssisələr üzrə 604,456 min manat həcmində 10 mövzu üzrə iş yerinə yetirilib.
2024-cü il ərzində “Azneft” İB-nin NQÇİ-ləri üzrə keçirilməsi nəzərdə tutulan 11 tətbiq işindən beşi tam, altısı isə müəyyən səbəblərdən qismən yerinə yetirilib, 157 quyuda əməliyyat keçirilərək müsbət nəticələr əldə edilib. “Neft Daşları”, “Bibiheybətneft” və Ə.Əmirov adına NQÇİ-lərdə quyudibi zonanın bərkidilməsi, aqressiv mühitdə qum və su təzahürünün qarşısının alınması, duz çöküntülərinə qarşı KD-2A-4 reagentinin tətbiqi üçün işlər həyata keçirilib, “Bibiheybətneft”, “28 May”, “Abşeronneft”, “Neft Daşları” və “Siyəzənneft” NQÇİ-lərdə layların geoloji-litoloji xassələrinə uyğun orqanik turşuların seçilməsi və tətbiqi, “Abşeronneft” və “Neft Daşları” NQÇİ-də hidrostatik qumtəmizləyici qurğunun tətbiqi, “28 May” NQÇİ-də quyuların əsaslı və cari təmirində istifadə olunan tutucu və köməkçi alətlərin tətbiqi işləri yerinə yetirilib. Beləliklə, “Azneft” İB-nin yataqlarında 2023-cü ildən keçən və 2024-cü ilin 12 ayı ərzində yerinə yetirilən işlərdən ümumilikdə 32,9 min ton əlavə olaraq neft hasil edilib.
Nanotexnologiyalar sahəsində görülmüş işlər SOCAR-ın Baş ofisinin Elm, Ttexnika və Nanotexnologiyalar Departamentində 2013-cü ildən başlayaraq neft və qaz sahəsində aktual problemlərin həlli istiqamətində nanosistemlər işlənir, tədqiq edilir və istehsalata tətbiq olunur. Bu texnologiyaların tətbiqi neft vermə əmsalının artırılmasına və işlənmə proseslərinin daha effektiv aparılmasına imkan yaradır. Tətbiqin əvvəlindən “Azneft” İB-nin Neft və qazçıxarma idarələrində və “Hasilatın pay bölgüsü” çərçivəsində fəaliyyət göstərən Əməliyyat şirkətlərində 148 quyuda 227 nanotexnoloji tədbir həyata keçirilib, 22 557 tondan artıq əlavə neft hasil edilib. Tətbiq sahələri üzrə quyuların təmirarası müddəti artıb, quyuiçi avadanlıqların və kollektorların istismar müddəti uzanıb, boşdayanmalarla bağlı vaxt və neft itkisinin qarşısı alınıb.
Tədbirlərin iqtisadi səmərəsi 7400000 manat təşkil edib. Qazmada mürəkkəbləşmələrə qarşı işlənmiş nanosistemlər anomal alçaq lay təzyiqli geoloji kəsilişlərlə səciyyələnən 48 quyuda ayrı-ayrı intervallar üzrə tətbiq edilib. Nanosistemləri qazma məhluluna əlavə etməklə məhlulların reoloji göstəriciləri yaxşılaşıb, bahalı kimyəvi reagentlərə xeyli qənaət olunub. Tətbiq nəticəsində quyu divarının dayanıqlığının qorunması və məhsuldar layların çirklənməsinin qarşısının alınması təmin edilib, quyular qəza və mürəkkəbləşmələr olmadan layihə dərinliyinə çatdırılıb. 2024-cü ildə Departamentdə yeni nanosistemlərin işlənməsi və mövcud texnologiyaların təkmilləşdirilməsi istiqamətində laborator və elmi-analitik tədqiqatlar yerinə yetirilib, istehsalat sahələrində tətbiqi həyata keçirilib. Bu məqsədlə Departament tərəfindən işlənmiş texnologiyalar əsasında müxtəlif ölçülərdə metal nanohissəcikləri və su mühitində modifikasiya edilmiş çoxlaylı karbon nanoboruları (MÇKNB) istehsal olunub, onların əsasında laydan gələn qum axınının qarşısının alınması, avadanlıqların korroziyaya qarşı davamlılığının artırılması, kənar və lay sularının izolyasiyası və digər istiqamətlərdə nanosistemlər hazırlanıb. İşlənmiş nanosistemlərin sınaq-tətbiq işləri 12 quyuda həyata keçirilib və tətbiq sahələri üzrə gündəlik 50%-dək əlavə neft hasil edilib, təmirlərarası müddət (TAM) bir neçə dəfə artırılıb. Hesabat ilində Almaniyanın “Schlenk” şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində yüksək fiziki-mexaniki göstəricilərə və kollektorluq xüsusiyyətlərinə malik sement daşı yaradılıb. Bu göstəricilər əsasında laydan gələn quma qarşı işlənmiş texnologiya təkmilləşdirilib, quyularda mədən-sınaq işləri həyata keçirilib. Tətbiq nəticəsində TAM əvvəlki illərlə müqayisədə dəfələrlə artıb, 65%- dən çox əlavə neft hasil edilib.
Həmçinin ştuserlərin yeyilməyə dayanıqlığını artı rmaq məqsədilə Departamentdə nanohissəciklərin tətbiqi ilə tədqiqatlar aparılıb, “Azneft” İB-nin Dalma qurğularının təmiri və kirayəsi üzrə eksperimental istehsalat müəssisəsində daha möhkəm və aqressiv mühitin təsirinə davamlı nanostrukturlu ştuserlər hazırlanıb. Müxtəlif diametrlərdə hazırlanan bu ştuserlər NQÇİ-lərdə uğurla tətbiq edilir.
Metal məmulatların korroziyaya qarşı davamlılığını artırmaq məqsədilə Departament tərəfindən işlənmiş nanostrukturlu mühafizə örtüyü texnologiyasının istehsalata tətbiqi davam etdirilib. Hasilat quyularına endirilən elektrik dalma nasoslarının avadanlıq hissələri yığılarkən protektor-nasos birləşməsinə bağlanan sancaq və qaykalar nanoörtüklü boya ilə cilalanıb və quyular istismara verilib. Nanoörtüklü boyanın tətbiqi nəticəsində metal konstruksiyalarda mühafizə effekti 3,7 dəfədən çox artıb, korroziya sürəti 6 dəfəyədək azalıb, işlək metal avadanlıqlar 4,3 dəfəyədək az yeyilməyə və aşınmaya məruz qalıb. Tətbiq edilmiş quyularda TAM orta hesabla 120%-dən çox olub.
Hesabat ilində, həmçinin “Yağlayıcı soyuducu maddələrin (YSM) keyfiyyətinin yaxşılaşdırılmasında MÇKNB-lərin tətbiqi” adlı layihə işlənib. İşlənmiş yeni növ YSM-in sınaq-tətbiq işləri “Azneft” İB-nin Dalma qurğularının təmiri və kirayəsi üzrə eksperimental istehsalat müəssisəsində metalların emalı prosesində həyata keçirilib, nəticələr müsbət dəyərləndirilib. Belə ki, MÇKNB əsaslı nanosistemin tətbiqi ilə YSM-lərin soyutma effektivliyi əhəmiyyətli dərəcədə yüksəlib, mikroorqanizmlərə qarşı davamlılığı 44%-dən çox artıb. Bu isə emal olunan metal səthlərdə istilik gərginliyinin azalmasına və istehsalat proseslərində istifadə olunan avadanlıqların xidmət müddətinin uzadılmasına şərait yaradır.
2024-cü ildə Departamentdə beynəlxalq əlaqələrin qurulması və birgə fəaliyyət sahəsində bir sıra işlər görülüb, mövcud əməkdaşlıqlar inkişaf etdirilib. Almaniyanın Karlsrue Texniki Universiteti (KİT) ilə imzalanan Anlaşma Memorandumu çərçivəsində süxurların kollektor xüsusiyyətlərinə nanosistemlərin təsirinin öyrənilməsi istiqamətində işlər davam etdirilib, Departament tərəfindən işlənmiş metal nanohissəcik və karbon nanoborular əsaslı nanosistemlər müasir tipli avadanlıqlarda tədqiq olunub. Almaniyanın Frayberq Texniki Universiteti (TUBAF) ilə əməkdaşlıq edilib, MÇKNB əsaslı yeni nanoörtüklərin və digər nanokompozitlərin hazırlanması üzrə birgə tədqiqatlar aparılıb.
Həmçinin “SOCAR Türkiyə”nin “Ar-Ge” şirkəti ilə “Karbon nanoborularının və metal nanohissəciklərinin polimerlərin antibakterial və mexaniki xassələrinin yüksəldilməsi ilə yeni spesifik polimerlərin sintezi” mövzusunda birgə tədqiqat işləri davam etdirilib. Nəticələr göstərir ki, modifikasiya edilmiş çoxlaylı karbon nanoboruları əlavə edildikdən sonra polimerin mexaniki möhkəmlik həddi əhəmiyyətli dərəcədə artır. Bundan əlavə, 2024-cü ildə yeni nanosistemlərin işlənməsi və tətbiqi istiqamətində Almaniyanın “ENY-Mobility”, “Carbon Network”, “Carl Zeiss” və “Schlenk” şirkətləri, Türkiyənin İstanbul Texniki Universiteti, Rusiyanın Ufa Dövlət Neft Texniki Universiteti və Qazaxıstan-Britaniya Texniki Universiteti ilə qurulmuş əməkdaşlıq çərçivəsində birgə tədqiqatlar aparılıb. Almaniyanın “BalticNet-PlasmaTec” klasterinin nümayəndələri ilə “yaşıl” hidrogenin istehsalında metal nanohissəciklərin və karbon nanoborularının tətbiqi ilə bağlı layihələr müzakirə edilib, birgə tədqiqat proqramı hazırlanıb. “Yaşıl” hidrogenin alınmasında istifadə olunan materialların keyfiyyətini artırmaq üçün karbon nanoborularının istifadəsi ilə ilkin təcrübələr həyata keçirilib.
Ənənəvi olaraq SOCAR 2024-cü ildə də Azərbaycanda və müxtəlif ölkələrdə keçirilmiş beynəlxalq konfrans, sərgi, forum və bu kimi tədbirlərdə iştirak edib. Bu tədbirlərdə iştirak edilməsinin əsas məqsədi SOCAR-da və Azərbaycanda neft və qaz sənayesində baş vermiş hadisələri, uğur və yenilikləri beynəlxalq ictimaiyyətə çatdırmaq, aparıcı şirkətlərin yeni texnika-texnologiyaları ilə tanışlıq və əlaqələrin qurulması, innovativ və qabaqcıl texnologiyaların SOCAR-ın neft-qaz əməliyyatları həyata keçirən müəssisələrində tətbiq edilməsinə nail olmaqdır.
SOCAR 2024-cü ilin 14-16 may tarixlərində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində 26-cı Beynəlxalq “Özbəkistanın Nefti və Qazı - OGU-2024” sərgi-konfransında, 03-05 iyun tarixlərində Bakı şəhərində “Bakı Enerji Forumu” çərçivəsində keçirilmiş 29-cu Beynəlxalq Xəzər Neft və Qaz Sərgi-Konfransında, 26-28 avqust 2024-cü il tarixlərində Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilmiş 31-ci “Neft, qaz və neft-kimya” forum-sərgisində, 04-07 noyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində keçirilmiş “ADIPEC-2024” enerji sənayesi sərgisində iştirak edib. 2024-cü ilin 13-15 noyabr tarixlərində SOCAR-ın mütəxəssisləri İtaliyanın Roma şəhərində keçirilən “Qabaqcıl Nanomateriallar və nanotexnologiyalar” beynəlxalq sərgi-konfransında iştirak ediblər.
Tədbirlərdə SOCAR-ın nanotexnologiyalarını əks etdirən stend nümayiş etdirilib, karbon nanoboru və polimer nanokompozit əsaslı yeni nanosistemlərin alınması və tətbiqi barədə panel müzakirələri olub. Həmçinin 2024-cü ildə SOCAR-ın mütəxəssisləri Moskva şəhərində Rusiyanın “Qazprom” şirkətinin təşkilatçılığı ilə keçirilən konfransda iştirak ediblər. Konfransda SOCAR-da ərsəyə gəlmiş nanotexnologiyaların tətbiqi ilə işlənmənin səmərəliliyinin artırılması və neftvermə əmsalının yüksəldilməsi istiqamətlərində təqdimatlar olunub, maraq doğuran sahələr üzrə geniş fikir mübadilələri aparılıb.
Orxan Vahidoğlu, “İki sahil”