Prezident İlham Əliyevin ölkəmizdə səfərdə olan italyan universitetlərinin rəhbərləri, İtaliya-Azərbaycan Universitetinin professorları və tələbələri ilə görüşündə qeyd etdiyi kimi, energetikadan başlamış sənaye istehsalına qədər uzanan və bu gün təhsil sahəsini əhatə edən əməkdaşlıq, sözün əsl mənasında, strateji xarakter daşıyır
Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu bugünkü reallıqlarımızda özünün aydın ifadəsini tapır. Dövlətimizin xarici siyasəti açıq və çoxşaxəlidir. İstər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilində əlaqələrin qurulmasında və yeni prioritetlər üzrə inkişafında maraqlı olan ölkəmiz bunu atdığı real addımları ilə təsdiqləyir. Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri yeni dostlar, tərəfdaşlar qazanmasında stimulverici amildir. Belə ki, Azərbaycan böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr qurur, heç bir dövlətin daxili işinə müdaxilə etmir, öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir. Dünyada etibarlı və arzuolunan tərəfdaş kimi dünyanın diqqətindədir. Bunu qarşılıqdı səfərlər, eyni zamanda, Azərbaycanın ev sahibliyi etdiyi, yaxud başqa ölkələrdə keçirilən və dövlət başçısı İlham Əliyevin fəxri qonaq qismində qatıldığı tədbirlərin say tərkibi də təsdiqləyir. İkitərəfli əlaqələrdə Avropa istiqamətinin xüsusi yeri vardır. İtaliya Prezidenti Sercio Mattarellanın sentyabrın 30-da ölkəmizə rəsmi səfəri bunun bariz nümunəsidir. İtaliya və Azərbaycan strateji tərəfdaşlardır. İki ölkə arasında Strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında «İtaliya Prezidenti cənab Mattarella Azərbaycanda ikinci dəfədir. Birinci rəsmi səfər 7 il bundan əvvəl baş vermişdir. Bugünkü səfər onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq. Bizim görüşlərimiz tez-tez baş verir. Keçən il mən Prezident Mattarellanın qonağı idim və görüş zamanı onu Azərbaycana yenidən rəsmi səfərə dəvət etdim. Şadam ki, o, mənim dəvətimi qəbul edib və bu gün bizimlə birlikdədir» söyləyərək onu da əlavə etdi ki, bizim strateji tərəfdaşlığımız həm rəsmi sənədlərdə, həm həyatda, praktik işlərdə özünü büruzə verir. Hesab edirəm ki, bir-birindən uzaqda yerləşən ölkələr arasındakı münasibətlərin qurulması bizim timsalımızda bir örnək ola bilər.
Azərbaycan və İtaliya liderlərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafında əsas amillərdən biridir. Ulu Öndər Heydər Əliyevin 1997-ci ilin sentyabrında İtaliyaya ilk rəsmi səfəri iki dövlət arasında bütün sahələrdə münasibətlərin inkişaf etdirilməsi üçün əhəmiyyətli addım olub. İtaliya rəhbərləri Ümummilli Lider Heydər Əliyevlə söhbət zamanı Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə və Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına tərəfdar olduqlarını bildirmişdilər. Ulu Öndərin İtaliyaya səfəri nəticəsində iki dövlət arasında siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalanıb. Beləliklə, qarşılıqlı münasibətlər və əlaqələr artan xətt boyu inkişaf etməyə başlayıb, bir sıra səfərlər həyata keçirilib.
Ümumiyyətlə, ölkələr arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlər əhəmiyyətli rol oynayır. Hər bir səfər münasibətlərin sonrakı inkişafında yeni mərhələnin başlanğıcı olur. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin İtaliyaya səfərindən sonra intensiv xarakter alan qarşılıqlı səfərlər ölkələrimiz arasında münasibətlərin hazırkı inkişaf səviyyəsinə gəlib çıxmasına stimul verdi. Hazırda Azərbaycan və İtaliya prezidentlərinin qarşılıqlı səfərləri dinamikliyi ilə diqqətdədir. Bu məqam hər iki ölkənin dövlət başçılarının mətbuata bəyanatlarında xüsusi qeyd olunur. İtaliya Prezidenti «Mən cənab Prezident İlham Əliyevə Azərbaycana yenidən səfər etmək üçün dəvətinə görə minnətdaram. Mənə və nümayəndə heyətimə göstərilmiş qonaqpərvərliyə görə də minnətdaram» söyləyərək qeyd etdi ki, aramızda böyük dostluq, qarşılıqlı, tam şəkildə təşəkkül tapmış anlaşma var və İtaliya-Azərbaycan arasında münasibətlər inkişaf edir. Çox sağ olun ki, Siz mənə yeddi il əvvəl etdiyim səfərimi bir daha xatırlatdınız. Bu da əslində, çox böyük rəmzi xarakter daşıdı və təşəkkür edirəm ki, bu dəfə də məni ölkənizə dəvət etdiniz, səfərə gəldim.
İki ölkə arasında əlaqələrin inkişafında enerji amili əsas rol oynayır. Cənub Qaz Dəhlizi layihəsi bu əlaqəlrin yüksələn xətlə inkişafında öz sözünü deyir. Belə ki, Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TAP ikitərəfli enerji əməkdaşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amildir. Ölkəmizlə Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır. Təbii ki, bu həcmin Avropaya çatdırılmasında Cənub Qaz Dəhlizinin bir hissəsi olan TAP da mühüm rol oynayacaq. Azərbaycanın şaxələndirilmə məsələsinə ilk yol açan ölkə rolunu Avropa İttifaqı, həmçinin bu quruma üzv dövlətlərin rəsmiləri daim yüksək qiymətləndirirlər. Keçirilən görüşlərdə də Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələr yüksək dəyərləndirilir. Azərbaycan və İtaliya prezidentlərinin mətbuata bəyanatları zamanı cənab İlham Əliyev bildirdi ki, energetika sahəsində bir çox önəmli layihələr icra edilmişdir. Xüsusilə Azərbaycan neftini və qazını İtaliyaya ixrac etməklə dünya bazarlarına geniş həcmdə öz təbii resurslarımızı göndərə bilmişik. Eyni zamanda, bir çox ölkələrin enerji təhlükəsizliyinə də öz töhfəmizi vermişik. Prezident Mattarella ilə söhbət əsnasında onun keçən səfərini xatırladıq. O vaxt TAP layihəsinin icrası məsələsi gündəlikdə idi. Müxtəlif problemli məqamlar mövcud idi və Prezident Mattarellanın səfərdən sonra şəxsən bu məsələyə müdaxilə etməsi, bu məsələnin tənzimlənməsi imkan verdi ki, TAP layihəsi uğurla icra edildi. 2020-ci ildən başlayaraq bu layihə vasitəsilə İtaliyaya Azərbaycan qazı ixrac edilir. Bu gün Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 14 ölkəyə təbii qazı ixrac edir. İldən-ilə əhatə dairəmiz artır və bu gün boru kəmərləri ilə ixrac edilən təbii qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. Azərbaycan nefti İtaliyanın neft balansında birinci yerdə, Azərbaycan qazı isə ikinci yerdədir. Yəni, bu əməkdaşlıq həm güclü tərəfdaşlıqdan xəbər verir, həm də uzun illər etibarlı tərəfdaşlar kimi bir-birimizi dəstəkləmişik. Əgər bu səmimi münasibətlər olmasaydı, qarşılıqlı inam olmasaydı, bu layihələrin həyata keçirilməsi mümkün olmazdı.
Azərbaycanla Avropa İttifaqının, bu quruma üzv dövlətlərin əlaqələri yüksələn xətlə inkişaf edir. Quruma üzv olan ölkələrin 9-u ilə Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb. Ölkəmiz hazırda bu təşkilatın bir çox proqramlarında fəal iştirak edir. Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur. Qurumla Azərbaycan arasında əlaqələrin hazırkı səviyyəsinə işıq salan “Tərəfdaşlıq prioritetləri” sənədində də qeyd olunmuşdur ki, əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə qarşılıqlı maraq və birgə dəyərlərə əsaslanaraq Azərbaycan və Avropa İttifaqı tərəfindən birgə tərəfdaşlıq prioritetləri razılaşdırılıb. Azərbaycanın enerji təhlükəsizliyinin təminatına veridiyi töhfələr yüksək dəyərləndirilir.
Avropa İttifaqına daxil olan dövlətlərin maraqlarına uyğun olan Azərbaycanın enerji siyasəti bölgədə regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatdır. Dövlət başçısı İlham Əliyev 2022-ci ildə İtaliyaya işgüzar səfəri çərçivəsində Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunun “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda plenar iclasında, eyni zamanda, 2024-cü ildə “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyadakı çıxışışında Azərbaycanın uğurlu enerji siyasətindən və əldə edilən uğurlardan geniş bəhs etmişdir. Qeyd etmişdir ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Boru kəmərinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır. Ancaq marşrut boyu mövcud olan əlavələr və interkonnektorlar sayəsində bu kəmər geniş Avropa və Avrasiya coğrafiyasını əhatə edir. Burada da artım üçün güclü potensial var.
Reallıq budur ki, enerji strategiyamız mərhələlərə bölünür. 1994-cü ildə ilkin mərhələdə Azərbaycan dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə oldu. Qısa zamanda Azərbaycan Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildi. Uzun illərdir ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. Lakin açıq dənizə çıxışı olmayan ölkə olaraq Azərbaycanın ixrac boru kəmərlərinə ehtiyacı var idi. Ölkəmiz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərinə götürdü. Biri Türkiyənin Aralıq dənizi, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər uzanır.
2022-ci ildə Bakıda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə dövlət başçısı İlham Əliyev Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzaladılar. Bu, ölkəmizin enerji resurslarının daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addım idi. Cənab İlham Əliyev bu sənədi gələcək fəaliyyətimizin yol xəritəsi adlandırdı. Bu sənədə uyğun olaraq Azərbaycan Avropaya təbii qaz ixracını iki dəfə artırmağı planlaşdırır. Dövlətimizin başçısı İlham Əliyev enerji sektorunda qazanılan uğurlara, Azərbaycanın malik olduğu potensiala əsaslanaraq bu hədəfə də nail olacağımızı bildirir. Hazırkı dövrün əsas çağırışları sırasında TANAP-ın və TAP-ın genişləndirilməsi də xüsusi yer tutur. Əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişləndirilməsi, bu əlaqələrin regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması, ən əsası iqtisadi münasibətlərin qurulmasında maraqlı olan dövlətlərin sayının artması bu hədəfin də reallığa çevriləcəyinə böyük əminlik yaradır.
Qarşılıqlı səfərlər zamanı keçirilən görüşlərdə Azərbaycanın iqtisadi imkanlarına diqqəti yönəldən, enerjinin nəql olunması sisteminin şaxələndirilməsində ölkəmizin rolunu xüsusi vurğulayan, gerçəkləşməsi çoxlarına əfsanə kimi görünən layihələrin reallaşması üçün təşəbbüskarlığını artıran Prezident İlham Əliyev bu mövqeyi açıqlayır ki, Azərbaycanın tərəfdaş, müəllif və təşəbbüsçü kimi iştirak etdiyi bütün layihələrdə xalqın milli maraqları, dövlətin mənafeyi hər şeydən üstün tutulmalıdır. Prezident İlham Əliyev ölkəmizin daim marağında olan enerji layihələrinin şaxələndirilməsi prinsipinin diqqətdə saxlanılacağını vurğulamaqla qeyd edir ki, Avropa Azərbaycan qazı üçün mühüm bazara çevriləcək, eyni zamanda, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyinə xidmət edəcək önəmli layihədir.
Dünya enerji bazarında mövqeləri möhkəmlənən, investisiya imkanları artan Azərbaycanın təşəbbüsləri dəstəkləndiyi kimi, mövqeləri də möhkəmlənməkdədir. Neft siyasətinin məntiqi davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafına dövlətimizin göstərdiyi diqqət və qayğı Prezident İlham Əliyevin bu və ya digər ölkələrə, həmçinin digər ölkələrin dövlət başçılarının Azərbaycana səfərləri zamanı keçirilən görüşlərdə də xüsusi olaraq vurğulanır. İtaliya Azərbaycanın öz iqtisadiyyatını şaxələndirməsinə çox böyük önəm verir və bu əminlik ifadə edilir ki, İtaliya şirkətləri Azərbaycanda energetika sahəsindən başqa digər sahələrdə də öz fəaliyyətini qura bilər. Azərbaycan İtaliya üçün, İtaliya Azərbaycan üçün çox etibarlı tərəfdaşdır. Qaz təchizatına görə Azərbaycan İtaliya bazarında ikinci, neft təchizatına görə birinci yerdədir.
Hər bir səfər əməkdaşlığın inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. İtaliya Prezidentinin ölkəmizə rəsmi səfəri münasibətlərdə yeni mərhələnin əsasını qoymaqla yanaşı, Avropa İttifaqı ilə möhkəmlənən əlaqələrimizə də yeni əlavələr edəcək. Eyni zamanda, Azərbaycan reallıqlarının təqdimatına öz töhfəsini verən ikitərəfli əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə də öz müsbət təsirini göstərir. İtaliya işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərində fəal iştirak edən ölkələrdən biridir. İtaliya biznesi üçün işğaldan azad edilmiş ərazilərdə getdikcə daha çox imkanlar yaranır. Bu mühüm məqamı da xysusi qeyd edək ki, tarixi Zəfərimiz bərpaolunan enerji sektorunda əlaqələrin qurulmasını da sürətləndirdi. Ölkəmizin bu sahədə böyük potensiala malik olması beynəlxalq səviyyədə də qeyd edilir. Ötən il ölkəmizin ev sahibliyi etdiyi dünyanın mötəbər tədbiri-COP29 yeni əməkdaşlıq formatlarının yaradılmasına geniş imkanlar yaratdı. İtaliya Prezidenti Sercio Mattarella COP29-un ölkəmizdə yüksək səviyyədə keçirildiyini vurğulayaraq, həmin tədbirdə qəbul edilmiş qərarların əhəmiyyətinə toxundu. Qonaq, eyni zamanda, Vaşinqtonda Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyi ilə bağlı əldə olunmuş nəticələr münasibətilə dövlətimizin başçısını təbrik etdi.
Azərbaycan-İtaliya əlaqələrinin möhkəmləndirilməsində Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri var. Bu əlaqələr xalqlarımızın, dövlətlərimizin bir-birinə yaxınlaşmasında da əhəmiyyətli rol oynayır. Azərbaycan-İtaliya münasibətləri hazırda yeni inkişaf mərhələsini yaşayır, strateji tərəfdaşlığa əsaslanan əlaqələrin möhkəmlənməsi üçün yeni səhifələr açılır. Hər bir səfər çərçivəsində keçirilən görüşlər, müzakirə olunan məsələlər münasibətlərimizin gələcək inkişafını şərtləndirir.
Onu da qeyd edək ki, İtaliya Avropada azərbaycanlı tələbələrin ali təhsil aldığı əsas ölkələrdən biridir. 2022-ci ildə Bakıda ADA Universitetinin kampusunda İtaliya-Azərbaycan Universitetinin təməlqoyma mərasimi keçirildi. Bu universitet ölkələrimiz arasında təhsil sahəsində əlaqələri daha da gücləndirəcək. Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, İtaliya-Azərbaycan Universitetinin açılışını qeyd edəcəyik. Yəni, bu dinamika, bu əməkdaşlıq çərçivələrinin genişləndirilməsi ilk növbədə bizim səmimi münasibətlərimizdən xəbər verir. Yəni, energetika, sənaye sahəsindəki əməkdaşlıq humanitar sahədəki əməkdaşlığa da yol açdı. Artıq İtaliya-Azərbaycan Universitetində yüzlərlə tələbə oxuyur və bu, bizim üçün yeni bir təhsil ocağı olacaq. Burada təhsil alan və alacaq tələbələr həm yüksək biliklərə malik olacaqlar, eyni zamanda, təbii olaraq İtaliyanın Azərbaycandakı, Azərbaycanın İtaliyadakı elçilərinə çevriləcəklər. Yəni bu, bizim dostluğumuzu daha da gücləndirəcək. Oktyabrın 1-də Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışında iştirak etdilər. Bu layihənin icrası ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi olmaqla səmimi münasibətlərimizdən xəbər verir. Bu, həmçinin İtaliya təcrübəsindən istifadə etməklə Azərbaycan təhsilinin inkişafına töhfədir. Tədris binalarında yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı, birinci xanım və İtaliya Prezidenti ölkəmizdə səfərdə olan italyan universitetlərinin rəhbərləri, İtaliya-Azərbaycan Universitetinin professorları və tələbələri ilə görüşdülər. Görüşdəki çıxışında «Bu gün İtaliya-Azərbaycan əlaqələrinin tarixində çox əlamətdar bir gündür, biz İtaliya-Azərbaycan Universitetinin binalarının açılışını qeyd edirik. Mən keçən il Romada Prezident Mattarella ilə görüşərkən ona bu haqda məlumat vermişdim və onu Azərbaycana rəsmi səfərə dəvət etmişdim. Şadam ki, cənab Prezident mənim dəvətimi qəbul edib Azərbaycana ikinci dəfə rəsmi səfərə gəlib. Biz səfər çərçivəsində bu gözəl təhsil ocağının açılışını birlikdə qeyd edirik. Əslində, Prezident Mattarellanın rəsmi səfər proqramına bu tədbirin salınması onu göstərir ki, həm İtaliya, həm də Azərbaycan bu sahədəki əməkdaşlığa çox böyük əhəmiyyət verir» söyləyən cənab İlham Əliyev bu əminliyi ifadə etdi ki, universitetin gələcəyi çox parlaq olacaq. Bu, nəinki Azərbaycanda, dünya miqyasında öz layiqli yerini tutacaq, universitetin məzunları isə Azərbaycanın inkişafına öz töhfələrini verəcəklər. Burada oxuyan və oxuyacaq tələbələr gələcəkdə Azərbaycanın inkişafına çox böyük dəstək verəcəklər. Çünki sirr deyil ki, hər bir ölkənin inkişafı onun elmi və təhsil potensialından qaynaqlanır. İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu ölkələri inkişaf etmiş ölkələr edən məhz biliklərdir, təhsildir, texnologiyalardır. Bugünkü dünyada texnoloji inkişaf hər bir ölkənin uğurunu müəyyən edir. Təbii resurslarla zəngin olan ölkələr kimi Azərbaycan, ilk növbədə, təbii resurslardan gələn gəlirləri insan kapitalına yönəltməyə çalışmışdır. Çünki biz gələcəyə baxmalıyıq. Neft, qaz, təbii resurslar hələ o demək deyil ki, bu ölkələr uzunmüddətli dayanıqlı inkişafa malik olacaqlar. Bu inkişaf qısamüddətli ola bilər. Uzunmüddətli dayanıqlı inkişaf məhz biliyin, texnologiyanın, təhsilin səviyyəsinin üzərində qurulur. Ona görə biz Azərbaycanda bu sahəyə böyük diqqət yetirərək artıq uzun illər ərzində bir çox önəmli proqramlar icra etmişik. Dövlətimizin başçısı belə bir əminliyi də ifadə etdi ki, bu təhsil ocağı İtaliya-Azərbaycan dostluq ocağı olacaq. İtaliya Prezidenti beynəlxalq səviyyədə bu cür əhəmiyyətli nümunə göstərdiyimizi önə çəkərək vurğuladı ki, əməkdaşlığın dərinləşməsi və inkişafı, istedadlı gənclərimizin təhsili təmin edilir. Ağır münaqişə və toqquşmalarla səciyyələnən hazırkı beynəlxalq vəziyyət fonunda biz məmnuniyyətlə əməkdaşlıq edirik, nəinki iqtisadiyyat, sənaye sahələrində, o cümlədən mədəniyyət, gənclərin təhsili, onların formalaşdırılması sahəsində çalışırıq. Bəşəriyyət isə hər zaman bu yolda olmalıdır. Bəşəriyyəti irəliyə aparan yalnız gənclər olacaq. Qlobal səviyyədə çox işlər görmüşük. Mədəniyyət, təhsil və tədqiqatların dərinləşməsi olmadan bu çağırışlar qarşısında dayanmaq mümkün olmayacaq. Bu amal İtaliya-Azərbaycan Universiteti tərəfindən dəyərləndirilir və onun üçün əməkdaşlıq aparılır.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan ilə İtaliyanı möhkəm dostluq ənənələrinə və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq birləşdirir. İtaliya Azərbaycanın xarici siyasətində xüsusi yer tutur və Aİ ölkələri arasında onun əsas tərəfdaşıdır. Əməkdaşlığımız strateji xarakter daşıyır, qısamüddətli deyil, uzunmüddətlidir. Eyni zamanda, əməkdaşlıq çərçivələrinə ildən-ilə yeni istiqamətlər əlavə olunur. Energetikadan başlamış sənaye istehsalına qədər uzanan və bu gün təhsil sahəsini əhatə edən əməkdaşlıq, sözün əsl mənasında, strateji xarakter daşıyır. Əminliklə demək olar ki, strateji tərəfdaş olan Azərbaycan ilə İtaliya arasındakı qarşılıqlı münasibətlər bundan sonra da uğurla inkişaf edəcək.
Yeganə Əliyeva, «İki sahil»