Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 1 Oktyabr – Ahıllar Günü münasibətilə Sosial Xidmətlər Agentliyinin tabeliyində fəaliyyət göstərən Çətin Həyat Şəraitində olan Şəxslər üçün Sosial Reabilitasiya Müəssisəsində tibbi aksiya təşkil olunub.
“İki sahil” xəbər verir ki, aksiya çərçivəsində müəssisədə yaşayan ahılların sağlamlıq vəziyyətinin yoxlanılması məqsədilə həkim-mütəxəssislər tərəfindən kardioloji, oftalmoloji, nevroloji və terapevtik müayinələr aparılıb. Müayinələr zamanı ahılların ürək-damar sistemi, göz və görmə qabiliyyəti, sinir sistemi, eləcə də ümumi sağlamlıq göstəriciləri diqqətlə yoxlanılıb. Həkimlər tərəfindən aparılan müayinələrin nəticələrinə uyğun olaraq vətəndaşlara fərdi məsləhətlər verilib, ehtiyac duyulan hallarda əlavə müalicə və profilaktik tədbirlərin görülməsi tövsiyə olunub.
Keçirilən aksiya ahılların sağlamlığının qorunması və onlara göstərilən qayğıya töhfə olmaq məqsədi daşıyır.