02 oktyabr 2025 02:15
132

Zəfərin ilk müjdəçisi - Cəbrayıl

Cəbrayılın işğalı təkcə bir rayonun deyil, bütün Azərbaycan xalqının yaddaşında dərin iz buraxdı. Lakin bu acıya mərdliklə dözən Cəbrayıl sakinləri heç vaxt ümidsizliyə qapılmadılar. Onlar doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözlədilər. Nəhayət, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində Cəbrayıl rayonu işğaldan azad edildi.

Bu mühüm qələbə müharibənin gedişində yeni mərhələnin başlanğıcı oldu. Cəbrayılın azad olunması ilə cəbhədə üstünlük qazanan ordumuz Xocavənd rayonunun cənub kəndləri və strateji baxımdan vacib olan Hadrut qəsəbəsi istiqamətində genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməyə başladı. Bu uğurlar Vətən müharibəsində qazanılan ümumi Zəfərin təməlini qoydu. Əldə olunan üstünlük nəticəsində Azərbaycan Ordusu ardıcıl şəkildə Zəngilan, Qubadlı və Laçın rayonlarının cənub hissəsini düşməndən azad etdi. Ən önəmlisi isə Laçın dəhlizi üzərində nəzarətin təmin olunması oldu ki, bu da Ermənistanla birbaşa təmas xətlərində üstün mövqe əldə etməyə imkan verdi. Beləliklə Cəbrayıl əməliyyatı təkcə bir rayonun azad olunması ilə yekunlaşmadı, bu, ümumi Zəfərin başlanğıc nöqtələrindən biri kimi tarixə düşdü və son nəticədə Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında həlledici rol oynadı.

Cəbrayıl şəhərinin işğaldan azad olunmasını Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev oktyabrın 4-də xalqa müraciətində elan etdi: “Bu gün Azərbaycan xalqı sevinc içindədir. Cəbrayıllılara və bütün Azərbaycan xalqına bu gün azad edilmiş yaşayış məntəqələrinin adlarını sadalamaq istərdim. Bu gün şanlı Azərbaycan Ordusu aşağıdakı yaşayış məntəqələrini azad edib: Cəbrayıl şəhəri, Karxulu kəndi, Şükürbəyli kəndi, Yuxarı Maralyan kəndi, Çərəkən kəndi, Daşkəsən kəndi, Horovlu kəndi, Decal kəndi, Mahmudlu kəndi, Cəfərabad kəndi.Bu kəndlərin sakinləri, sizə müraciət edirəm, sizin həsrətinizə son qoyulur və bizim digər bütün qaçqın, köçkün soydaşlarımız bilsinlər ki, biz onları da onların dədə-baba torpaqlarına qaytaracağıq. “

Beləliklə, Cəbrayıl 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ilk şəhər olub. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan Bayrağını ucaltması müasir tariximizdə böyük siyasi və tarixi hadisə kimi yadda qaldı. Bildiyimiz kimi, Xudafərin körpüsü sadəcə bir memarlıq abidəsi deyil, bu əsrlərlə Azərbaycan torpaqlarının suverenliyini, sivilizasiyalar arasında əlaqəni və milli kimliyimizi simvolizə edən tarixi keçid nöqtəsidir. İşğal dövründə bu abidə də mənəvi və fiziki baxımdan təcavüzə məruz qalmışdı. 2020-ci ilin oktyabrında körpünün yerləşdiyi ərazilərin işğaldan azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda mühüm bir mərhələ oldu. Bu hadisə həm ölkə daxilində, həm də beynəlxalq aləmdə Azərbaycanın öz torpaqları uğrunda apardığı haqq mübarizəsinin rəmzinə çevrildi. Tarixi və mədəni dəyərlərin qaytarılması ilə xalqın milli qüruru, ədalətə olan inamı və dövlətə bağlılığı daha da gücləndi. Prezident İlham Əliyevin də dediyi kimi, Böyük Qayıdış Cocuq Mərcanlı ilə başlayıb və Vətən müharibəsindəki ilk ciddi uğur Cəbrayıl şəhəri ilə bağlıdır. Araz çayının sahilində qərar tutan Cəbrayıl rayonunun azad edilməsi ilə 130 kilometr Azərbaycan-İran sərhədi işğalçılardan təmizləndi.

2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Rayonun azad olunması uğrunda gedən döyüşlərdə fədakarlıq göstərən hərbçilərin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirildi, 22 min 775 əsgər və zabitimiz Prezidentin Sərəncamına əsasən, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.  Bu gün işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Cəbrayıl rayonunda da yenidənqurma və bərpa işləri operativ və sistemli şəkildə davam etdirilir, sakinlərin öz ata-baba yurdlarında rahat və firavan yaşaması üçün bütün infrastruktur yaradılır. Həmçinin məşğulluğun yüksək səviyyədə təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilir. Dövlətimizin başçısı Cəbrayıl rayonuna mütəmadi səfərlər edərək görülən işlərlə yaxından tanış olur, təməlqoyma və açılış mərasimlərində iştirak edir, müvafiq tapşırıq və tövsiyələrini verir. Yaxın gələcəkdə Cəbrayıl ölkəmizin inkişaf etmiş rayonlarından birinə çevriləcək.

2023-cü il iyulun 31-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan Sərəncama əsasən, 4 oktyabr-Cəbrayıl Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd olunur.

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və inkişafı ölkəmizin müasir tarixində prioritet istiqamətlərdən biridir. İşğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində atılan ən önəmli addımlardan biri də “Araz Vadisi İqtisadi Zonası”nın yaradılmasıdır. Bu mühüm layihə həm Cəbrayıl rayonunun, həm də ümumilikdə regionun sosial-iqtisadi inkişafına ciddi təkan verməyi hədəfləyir. Prezident İlham Əliyevin 2021-ci il 4 oktyabr tarixli Fərmanı ilə Cəbrayıl rayonu ərazisində “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı təsis edilmiş və parkın idarə olunması İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) həvalə olunmuşdur. Sənaye parkının əsas fəaliyyət istiqamətləri geniş və çoxşaxəlidir. Burada logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük məntəqəsi, yanacaqdoldurma stansiyaları, eləcə də avtomobil və digər texnikaların təmiri xidmətləri nəzərdə tutulur. Bu infrastruktur Cəbrayılı nəqliyyat-logistika baxımından strateji mərkəzə çevirməyə imkan verəcək. Ümumi sahəsi 200 hektar olan bu iri layihə artıq real nəticələr verməkdədir. “Araz Vadisi İqtisadi Zonası” təkcə Cəbrayıl üçün deyil, bütün Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları  üçün inkişaf, məşğulluq və iqtisadi dirçəlişin mərkəzinə çevrilməkdədir.

Bu gün Böyük Qayıdış Proqramı çərçivəsində Cəbrayıl yeni dövrə qədəm qoyur. Prezident İlham Əliyevin tapşırığı ilə Cəbrayıla köç prosesi artıq intensiv şəkildə davam edir.  Azərbaycan dövləti bu əraziləri ağıllı kənd və şəhər modeli əsasında yenidən qurur. Bütün bu işlər tarixi ədalətin bərpası ilə yanaşı, həm də Cəbrayılın gələcəyinin müasir, dayanıqlı və ekoloji cəhətdən təmiz bir şəhər olaraq formalaşmasına xidmət edir.

Xatırladaq ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğal zamanı rayon inzibati cəhətdən 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət idi. 1050 kvadrat kilometr ərazini əhatə edən, 52 min 604 nəfər əhalisi olan bu rayon qısa zaman ərzində erməni vandalizminin hədəfinə çevrildi. İşğal nəticəsində Cəbrayıla ümumilikdə 13 milyard 928 milyon ABŞ dolları məbləğində maddi ziyan dəydi. Təkcə iqtisadi deyil, həm də mədəni və tarixi baxımdan rayon ağır itkilər verdi. 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 150-dək mədəniyyət ocağı və 132 tarixi abidə tamamilə dağıdıldı. 100-ə yaxın kənd yer üzündən silindi. Birinci Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil oldu. Bu torpaqlar uğrunda göstərilən qəhrəmanlıqlara görə 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü.

Şəmsiyyə Əliqızı, “İki sahil”