02 oktyabr 2025 14:10
148

4 Oktyabr – Cəbrayıl şəhəri günü: Zəfər tarixindən bərpa və quruculuq mərhələsinə

Azərbaycanın müasir tarixində 4 oktyabr xüsusi bir gün kimi xatırlanır. Bu gün 27 illik işğaldan sonra qəhrəman Azərbaycan Ordusunun şücaəti ilə azad edilmiş Cəbrayıl şəhərinin tarixi zəfər günü kimi qeyd olunur.

“İki sahil” xəbər verir ki, bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib. 

1993-cü ildə Cəbrayıl rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. İşğal nəticəsində rayonun bütün yaşayış məntəqələri dağıdıldı, infrastruktur məhv edildi, yüzlərlə tarixi, mədəni və dini abidə vandalizmə məruz qaldı. Qədim yurd yeri viran edilmiş, on minlərlə Cəbrayıl sakini doğma torpaqlarından didərgin düşərək məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdu. Cəbrayılın işğalı eyni zamanda strateji baxımdan da ağır nəticələr doğurmuşdu. Arazboyu ərazilərin düşmən tərəfindən zəbt edilməsi Azərbaycanın regiondakı təhlükəsizliyinə təhdid yaratmışdı.

Deputat dedi ki, uzun illər işğal altında qalan Cəbrayıl rayonunda yalnız Cocuq Mərcanlı kəndi 2016-cı il Aprel döyüşlərindən sonra yenidən dirçəlişə başladı. Lələtəpə yüksəkliyinin azad olunması Cocuq Mərcanlının bərpasına imkan yaratdı və bu kənd Vətən müharibəsindən öncə Cəbrayılın dirçəliş simvoluna çevrildi. 2020-ci il sentyabrında başlayan 44 günlük Vətən müharibəsinin ən mühüm mərhələlərindən biri məhz Cəbrayıl istiqamətində aparılan əməliyyatlar oldu. 4 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonun bir sıra kəndlərini işğaldan azad etdi. Bu, hərbi əməliyyatların gedişinə ciddi təsir göstərərək strateji üstünlük qazandırdı. Cəbrayıl əməliyyatı həm mürəkkəbliyi, həm də əhəmiyyəti ilə seçildi. Azərbaycan əsgərinin igidliyi nəticəsində düşmənin güclü müdafiə xətti yarıldı, işğalçı qüvvələr geri çəkilməyə məcbur edildi.

Mehriban Vəliyeva qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 4 oktyabr 2020-ci ildə xalqa müraciəti zamanı Cəbrayılın azad edilməsi xəbəri böyük ruh yüksəkliyi yaratdı. Noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi və bu qəhrəmanlıq tarixdə əbədiləşdirildi. Ən mühüm məqamlardan biri isə Azərbaycan bayrağının əsrlərin şahidi Xudafərin körpüsündə qürurla dalğalanması oldu. Bu, tarixi ədalətin bərpasının və milli iradənin təntənəsinin rəmzinə çevrildi. Zəfərdən sonra Cəbrayıl rayonunda genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanıldı. Prezident İlham Əliyevin dəfələrlə Cəbrayıl rayonuna səfərləri bərpa prosesinə xüsusi önəm verildiyinin göstəricisidir.
“Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun sosial-iqtisadi inkişafı üçün mühüm hadisədir. Hazırda rayonda elektrik təchizatı, yol infrastrukturu və digər zəruri sahələr sürətlə bərpa olunur.

“Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” təsdiqlənib. Bu plan çərçivəsində şəhərin müasir standartlara uyğun yenidən qurulması, yaşayış komplekslərinin salınması və əhalinin mərhələli şəkildə doğma torpaqlara qaytarılması nəzərdə tutulub. Artıq Cəbrayıl şəhərinə ilk köç karvanı çatıb. Yeni yaşayış kompleksi ilə yanaşı, Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı və digər kəndlərdə də bərpa işləri sürətlə aparılır. Bu isə yaxın gələcəkdə Cəbrayılın yenidən həyat dolu bir məkana çevriləcəyini göstərir.

M. Vəliyeva bildirdi ki, 4 oktyabr – Cəbrayıl şəhəri günü təkcə bir rayonun azad olunması deyil, bütövlükdə Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsi kimi dəyərləndirilir. Bu gün həm şəhidlərimizin müqəddəs xatirəsinə ehtiramın, həm də Böyük Qayıdışın başlanğıcının rəmzidir.
Cəbrayılın işğaldan azad olunması tarixi ədalətin bərpası idi, bu gün isə bərpa-quruculuq işləri Azərbaycanın gələcəyə inamla baxdığını göstərir.