02 oktyabr 2025 14:31
113

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Ankarada İslam Əməkdaşlıq Təşkilatının Statistika Komissiyasının 14-cü sessiyasında iştirak edir

2025-ci ilin oktyabrın 1-də Türkiyənin paytaxtı Ankara şəhərində İslam Əməkdaşlıq Təşkilatının İslam ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzinin (SESRIC) təşkilatçılığı ilə İslam Əməkdaşlıq Təşkilatının Statistika Komissiyasının 14-cü sessiyası öz işinə başlayıb. Tədbirdə ölkəmizi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov təmsil edir.

“İki sahil” xəbər verir ki, oktyabrın 3-dək davam edəcək sessiya zamanı Statistika Komissiyasının son bir il ərzində fəaliyyəti və 2026-2030-cu illər üçün fəaliyyət proqramı nəzərdən keçiriləcək, eyni zamanda məlumat əsaslı energetikaya keçidin təmin olunmasında milli statistika qurumlarının rolu, rəqəmsallaşma vasitəsilə milli statistika qurumlarının modernizasiyası, 4-cü Dayanıqlı İnkişaf Məqsədinin (Keyfiyyətli təhsil) göstəricilərinin monitorinqi və hesabatlılıq, digər aktual məsələlər üzrə müzakirələr aparılacaq, ölkə təcrübələri bölüşüləcəkdir.

Sessiyanın 2-ci günü Dövlət Statistika Komitəsinin Statistika işlərinin əlaqələndirilməsi və strateji planlaşdırma şöbəsinin müdiri Toğrul Əcəlov rəqəmsallaşma vasitəsi ilə milli statistika sisteminin modernizasiyasına dair təqdimat edib, Komitə tərəfindən göstərilən elektron xidmətlər, məlumat yayımı prosesinin rəqəmsallaşdırılması, inzibati məlumatlardan istifadənin genişləndirilməsi, rəsmi statistikada iri həcmli və peyk təsviri  məlumatlarından istifadə, kənd təsərrüfatı siyahıyaalınmasının rəqəmsallaşdırılması sahəsində görülmüş işlər barədə tədbir iştirakçılarına geniş məlumat verib.