03 oktyabr 2025 00:00
85

MİLLİ QÜRUR TARİXİMİZ

3 oktyabr 1993-cü ildə bugünkü müasir müstəqil, qalib, bütövləşən Azərbaycanın təməli qoyuldu   

1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə ölkəyə səriştəsiz və qeyri-peşəkar şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. O illərdə hadisələri düzgün qiymətləndirə bilməyən iqtidar xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Ulu Öndər  Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənən və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarının özü də xilas üçün sonda Ümummilli Lider Heydər Əliyevdən imdad istədi. Azərbaycan xalqı qanı və canı bahasına qazandığı müstəqilliyin qorunması üçün onun  əldə olunmasına ən çox töhfə vermiş əvəzsiz lideri Heydər Əliyevi hakmiyyətə  dəvət etdi.

Bu reallıq hər zaman önə çəkilir ki, hər bir ölkənin tarixində onun bu gününü və gələcəyini müəyyənləşdirən, həyatında əhəmiyyətli rol oynayan  dönüş nöqtələri olur. Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə 15 iyun 1993-cü ildə hakimiyyətə qayıdışı ilə yanaşı,  1992-ci il 21 noyabr tarixində bu gün ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan, milyonların sevgisini qazanan, sıralarında 750 minə yaxın üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının yaradılması da  həmin dönüş nöqtələrindən biridir. Bu hadisə sonrakı hadisələrin, uğurların başlanğıcı oldu. Belə ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası xalqın sabaha ümidlərini bərpa etmək üçün üzərinə düşən  vəzifəni uğurla yerinə yetirdi. Dünya təcrübəsində ilkdir ki, bir partiya yaranmasından çox keçməmiş hakim partiyaya çevrilir. Yeni Azərbaycan Partiyası bu ilkə imza atdı. Partiyanın yaranmasından 7 ay sonra YAP-ın Sədri, Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Bu qayıdış Azərbaycanın, Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin əsasını qoydu. Təbii ki, partiyanın yaranmasında xalqın böyük əksəriyyətinin istəyini özündə ehtiva edən 91 nəfər ziyalının Ümummilli Lider Heydər Əliyevə ünvanladığı “Azərbaycan Sizin sözünüzü gözləyir” başlıqlı müraciət və bu müraciətə Ulu Öndərin “Yeni, müstəqil Azərbaycan uğrunda!” cavabı əhəmiyyətli rol oynadı. “91-lər”in müraciətində  belə bir əminlik ifadə edilirdi ki, Yeni Azərbaycan Partiyasına  bu gün rəhbərlik etməyə qadir olan yeganə  mütləq lider Heydər Əliyev ola  bilər.  Yalnız bu halda  yaranmaqda olan partiya  öz qarşısına qoyduğu  məqsədə çatar,  respublikanın bütün zümrələrindən olan xalq kütləsini öz ətrafında birləşdirərək  Azərbaycanın siyasi-iqtisadi həyatında mövcud olan  boşluğu doldurar, dövlət quruculuğu işlərinə layiqli töhfəsini verə bilər.  Əgər bu partiyanın bünövrəsini Heydər Əliyev  kimi güclü dövlət xadimi  qoyarsa, o, uzun  illər  xalqımızın bir necə nəsli üçün də siyasi yetkinlik məktəbi olar. Ulu Öndər Heydər Əliyev ziyalıların müraciətinə “Yeni, müstəqil Azərbaycan uğurunda!” cavabı ilə belə bir partiyanın yaradılmasına razılığını verməklə yanaşı, gələcəyinə böyük inamını ifadə etdi. Bildirdi ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və  fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində  müraciətdə göstərilən  Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv  zərurətdən doğur.  Belə bir partiya  Azərbaycanın siyasi-ictimai həyatında  fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında  tarixi rol  oynaya bilər. 

Faktiki olaraq 1992-ci il 21 noyabr tarixində  Yeni Azərbaycan Partiyasının yaradılması  gənc ölkəmizin həyatında yeni bir mərhələyə yol açdı. Ondan sonra  bir il keçmədi 1993-cü il 3 oktyabr tarixində keçirilən prezident seçkilərində  Ulu Öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident  seçildi və ölkəmizin böhrandan çıxma prosesi başladı. Dahi şəxsiyyət Heydər Əliyev xalqının Ümummilli Lideri adını  ölkədə apardığı siyasi, iqtisadi, sosial, hərbi islahatları ilə doğrultdu. Bu əminlik Ulu Öndərə, onun yenilməz siyasi iradəsinə və şəxsi nüfuzuna, idarəçilik təcrübəsinə dərin inamdan qaynaqlanırdı. Azərbaycan xalqı bilirdi ki, bu ağır və böhranlı dövrdə ölkəni vəziyyətdən çıxara biləcək yeganə müdrik şəxsiyyət Heydər Əliyevin zəkası, qətiyyəti ola bilər. Havadarlarının dəstəyinə arxalanan təcavüzkar Ermənistanla müharibənin davam etdiyi, torpaqlarımızın işğalının sürətləndiyi ağır günlərdə Azərbaycanı ağır vəziyyətdən yalnız Ulu Öndər kimi müdrik şəxsiyyətin çıxaracağına əmin olan xalqımız tarixin bu sınağından da ağlının, zəkasının qüdrəti ilə çıxdı. Çıxışlarında «Azərbaycan xalqı xoşbəxt həyata layiq idi. Azərbaycan xalqı 1991-1992-ci illəri, 1993-cü ilin əvvəllərini yaxşı xatırlayırdı. Azərbaycanı kimlər idarə edirdi? Hansı səviyyəsiz qüvvələr hakimiyyət başına gəlmişdilər? Əslində hakimiyyəti zorla zəbt etmişdilər. O, tariximizin qara səhifələridir. Səriştəsizlik, bacarıqsızlıq, mədəniyyətsizlik, cəsarətsizlik, qorxaqlıq, riyakarlıq - bu idi o vaxt Azərbaycan rəhbərliyini əks etdirən epitetlər. Azərbaycan xalqı istəmirdi ki, yenə o qara günlər qayıtsın. İstəyirdi ki, insanlar rahat yaşasınlar, ölkəmiz inkişaf etsin, sabitlik pozulmasın. Düzgün seçim edərək bir daha Heydər Əliyev siyasətinə səs verdi və əminəm, bu gün bütün Azərbaycan xalqı bir daha görür ki, nə qədər düzgün bir seçim edib» söyləyən Prezident İlham Əliyev Ulu Öndərin Azərbaycanın müstəqilliyi naminə fədakarlığını liderin xalqı qarşısında vətəndaş borcu kimi qiymətləndirir.

Prezident kimi fəaliyyətə başladığı ilk gündən ölkəni ağır vəziyyətdən çıxarmaq, siyasi sabitliyin yaranması üçün milli həmrəyliyi gücləndirən Ulu Öndər Heydər Əliyev yaxşı bilirdi ki, güclü iqtisadiyyat, nizam-intizamlı ordu yaratmadan Ermənistan kimi arxası böyük güclərə bağlı işğalçının qarşısını almaq mümkün olmayacaq. Odur ki, hakimiyyətə qayıdışından dərhal sonra ordu quruculuğu sahəsində islahatlara xüsusi diqqət göstərərək hələ Naxçıvanda başladığı ordu quruculuğu sahəsindəki islahatları əsas prioritet kimi davam etdirdi. Prezident kimi 1993-cü il oktyabrın 10-da keçirilən andiçmə mərasimindəki çıxışında söylədiyi «Azərbaycan Respublikası bir müstəqil dövlət kimi özünü müdafiə etməyə qadir orduya malik olmalıdır. Təəssüf ki, müstəqillik əldə ediləndən sonra keçən dövrdə bu sahədə az iş görülübdür. Lazım gələrsə, sülh yolunda addımlarımız nəticə verməsə, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün, respublikanı müdafiə etmək üçün qüdrətli bir ordunun yaradılması bizim əsas vəzifəmizdir» sözlərini əməli fəaliyyətində davam etdirdi. Ulu Öndər beynəlxalq arenadakı şəxsi nüfuzu, dövlətçilik təcrübəsi ilə ölkəmizdə qarışıqlıq yaratmağa çalışan daxili və xarici qüvvələrə sipər oldu. Dünyanın ən nüfuzlu şirkətlərini ölkəmizə dəvət etməklə Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının təməlini qoyan Ulu Öndərin qətiyyəti sayəsində 1994-cü il sentyabrın 20-də Azərbaycanın ən yeni tarixində dönüş nöqtəsi olan «Əsrin müqaviləsi» imzalandı. Bu saziş ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı, dünya xəritəsindəki mövqeyini möhkəmləndirdi. Respublikamız dünyada neft ölkəsi kimi tanındı. Azərbaycanın inkişafının sonrakı mərhələləri göstərdi ki, ölkəmizi dünyanın vacib aktorları sırasına müdrik siyasətçi Heydər Əliyevin şəxsi nüfuzu sayəsində qazanılan uğurlar çıxarıb.

Ermənistanın torpaqlarımıza təcavüzü nəticəsində evlərindən köçkün düşmüş soydaşlarımızın doğma yurdlarına dönəcəyini qətiyyətlə bildirən Ümummilli Lider şəhidlərimizin qanının yerdə qalmayacağını əminliklə söyləyirdi. Çox keçmədən ölkəmizdə ordu quruculuğu sahəsində ciddi addımlar atıldı. Ayrı-ayrı partiyalara xidmət edən könüllü silahları dəstələr ləğv edildi. Vahid komandanlığa tabe olan nizami ordu yaradıldı, Silahlı Qüvvələrimizin maddi texniki bazası gücləndirildi, ordumuz müasir silah və sursatla təmin olundu. Bütün sahələrdə Ermənistanı üstələyən Silahlı Qüvvələrimiz düşmən təxribatının qarşısını qətiyyətlə aldı və dünyaya Azərbaycan Ordusunun qüdrətini nümayiş etdirdi.

Ümummilli Lider yaxşı bilirdi ki, Azərbaycanın hüquqi, qüdrətli dövlət olması üçün ölkənin demokratiya yolu ilə inkişaf etməsi, çoxmillətli respublikamızda milli həmrəyliyin, xalq-iqtidar birliyinin gücləndirilməsi başlıca şərtdir. Ümummilli Liderin rəhbərliyi ilə  hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyri-şərtsiz təmin olunmasının bünövrəsini qoydu.  Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçdi. 1995-ci ildə müstəqil Azərbaycanın parlamentinə keçirilən ilk seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açdı. İşlək siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması dövlətçilik ənənələrinin inkişafına xidmət edən təşəbbüslər idi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fonunda ölkənin siyasi-hüquqi sistemində müsbət mənada əsaslı dəyişikliklər oldu. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin edildi. Dövlətin hüquqi bazasının möhkəmləndirilməsi istiqamətində növbəti addımlar atıldı: məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsi, Ombudsman və digər mühüm təsisatların yaradılması, ölüm hökmünün ləğvi və onlarla digər bu kimi islahat xarakterli demokratik təşəbbüslər bilavasitə Ulu Öndər Heydər Əliyevin gərgin əməyin nəticəsi idi.

Milli ideologiyanın yaradılması Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsindən biri idi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amil idi. Ulu Öndərin təşəbüsü ilə keçirilən Dünya Azəbaycanlılarının I Qurultayı istənilən nəticəni verdi. Ümummilli Lider bu çağırışı etdi ki, Vətən birdir, hamı bu Vətən üçün çalışmalıdır.  

Ulu Öndər Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxdı. Sabitliyi təmin etməklə iqtisadiyyatın dirçəlməsi üçün konseptual islahatların vacibliyini önə çəkən  Ulu Öndər ilk olaraq ölkəyə investisiya axınını şərtləndirən amillərə diqqəti artırdı. O, qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə nail oldu. Bu model sahibkarlığa, sərbəst rəqabətə yol açan, liberallığı özündə ehtiva edən və sosialyönümlü mahiyyət daşıyan iqtisadiyyat modeli idi. “Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat prinsiplərinin bərqərar olması, bazar iqtisadiyyatı və sahibkarlığın inkişafıdır” söyləyən Ümummilli Lider  Heydər Əliyev demokratik düşüncə və həyat tərzinin bütün dünyada diktə etdiyi bu meyarlara hər zaman sadiqlik göstərdi, milli inkişaf naminə bu yolun alternativsizliyi fikrinin ictimai rəyə aşılanmasına nail oldu. Azərbaycanın təbii ehtiyatlarının dünya bazarlarına çıxarılmasını ən optimal variant kimi dəyərləndirən Ulu Öndərin hazırladığı neft strategiyası həyati zərurətdən yaranan uzunmüddətli proqram kimi qlobal əhəmiyyəti ilə seçildi. Azərbaycana dünyanın ən iri neft şirkətlərini cəlb etmək böyük cəsarət, müdriklik, qətiyyət tələb edirdi. Bu çətin və məsuliyyətli vəzifənin öhdəsindən yalnız dünya siyasətçiləri arasında dövlətçilik təcrübəsi, zəkası ilə seçilən müdrik şəxsiyyət Heydər Əliyev gələ bilərdi. O illəri «1990-cı illərin ərəfəsində artıq neft hasilatı ilə bağlı problemlər yaradılmışdı. Müstəqilliyimizin ilk illərində bu problemlər daha da dərinləşdi. Müstəqilliyimizin ilk illəri bizim üçün çox ağır keçirdi, ölkə idarəolunmaz vəziyyətə düşmüşdü…Yenə də Heydər Əliyev öz tarixi missiyasını icra etdi. Azərbaycanı bu böyük bəlalardan qurtardı, Azərbaycana sabitlik gətirdi, Azərbaycan inkişaf yoluna qədəm qoydu. Məhz 1993-cü ildən başlayaraq Azərbaycan bu günə qədər inkişaf yolu ilə gedir» fikirləri  ilə xarakterizə edən,  «Əsrin müqaviləsi»ni, Ulu Öndərin müəllifi olduğu neft strategiyasını tarixi hadisə adlandıran Prezident İlham Əliyev vurğulayır ki, belə bir vəziyyətdə Azərbaycana xarici sərmayəni gətirmək doğrudan da böyük müdriklik və uzaqgörənlik tələb edirdi. 1994-cü ilin sentyabr ayının 20-də dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açdı, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk, 1999-cu ildə isə Bakı-Supsa neft kəmərləri ilə dünya bazarına çıxarıldı. Qlobal enerji layihələrinin reallaşması göstərdi ki, Ulu Öndərin neft strategiyası təkcə Azərbaycan iqtisadiyyatı üçün çıxış yolu olmadı. BTC, BTƏ, Cənub Qaz Dəhlizi, TANAP, TAP kimi neft-qaz kəmərləri Azərbaycanın enerji diplomatiyasının təntənəsi olmaqla, layihələrdə iştirak edən bütün tərəfdaşların milli müstəqilliyi ilə eyni səviyyədə əhəmiyyətli olan iqtisadi, enerji müstəqilliyinin də təməli oldu, çağırışlara cavab verdi. Dünyanın enerji xəritəsini dəyişdi. Neft ölkəsi kimi şöhrət qazanan Azərbaycan hazırda həm də Avropa dövlətlərinə  qaz ixrac edən ölkə  kimi tanınır. Hazırda Azərbaycan 14 ölkəyə qaz ixrac edir. Coğrafiya günbəgün genişlənir. Azərbaycan etibarlı və arzuolunan tərəfdaş kimi nüfuz qazanır.

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri də ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır. Ulu Öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu balanslaşdırılmış xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəldi. Ümummilli Liderin uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrildi. Yeni kollektiv sənədlərə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan özünün coğrafi mövqeyindən, təbii ehtiyatlarından, iqtisadi potensialından istifadə əsasında bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq edərək Böyük İpək Yolunun bərpası, Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini səmərəli şəkildə həyata keçirir. Ulu Öndər Heydər Əliyev Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirdi. Onun tərəfindən əsası qoyulan xarici siyasət kursunun mühüm prioritetlərindən birini Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil etmişdir. Məhz Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atıldı və məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Ulu Öndərin bir çox dünya dövlətləri ilə bu mövzuda danışıqlar apararaq beynəlxalq tədbirlərdə, o cümlədən sammitlərdə Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi və Ermənistanın işğalçılıq siyasətinin pisləndiyi qətnamələrin və bəyanatların qəbul olunmasına nail oldu.

Qurucu və xilaskar dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin miqyası o qədər genişdir ki, onları bir yazıda əhatə etmək qeyri-mümkündür. Bu fikri böyük inam və qürur hissi ilə qeyd edirik ki, 3 oktyabr 1993-cü ildən başlanan yol Azərbaycan xalqını  tarixi torpaqlarına qovuşdurdu.  Son 22 ildə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən cənab  İlham Əliyev 2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra andişmə mərasimində Ulu Öndərə müraciətində səsləndirdiyi “Sizin şah əsəriniz olan müasir müstəqil Azərbaycanı daha da möhkəmləndirəcək, zənginləşdirəcək, Zəfərlərə doğru aparacağıq”  çağırışını reallıqda təsdiqlədi. Azərbaycan 1993-2003-cü illərdə yaradılan möhkəm təməl üzərində daha da möhkəmləndi, qüdrətləndi, Zəfərə doğru inamla addımladı. 44 günlük İKinci Qarabağ müharibəsində tarixi Zəfərimiz,  bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpası Azərbaycanın bütün sahələrdə malik olduğu imkanları, eyni zamanda, xalqımızın birliyini, həmrəyliyini dünyaya nümayiş etdirdi. Dövlətimizin başçısı İlham Əliyev Ümummilli Liderin bütün arzularını, xüsusilə Qarabağın azad edilməsini reallığa çevirdi. Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısında ən böyük xidmətlərindən olan 1 oktyabr 2003-cü il tarixli müraciətində bu inam ifadə edilmişdi ki, Onun axıra çatdıra bilmədiyi işləri cənab İlham əliyev axıra çatdıracaq. Cənab İlham Əliyevə Özü qədər inanır. gələcəyinə böyük ümidlər bəsləyir.

22 ilin reallıqları bu inamın təsdiqidir. Bu gün Qarabağımız, Şərqi Zəngəzurumuz azaddır. Böyük Qayıdış Proqramı uğurla icra edilir. Soydaşlarımız mərhələli şəkildə doğma yurd-yuvalarına qayıdırlar. Qürurla qeyd edirik ki, bu gün azad edilmiş torpaqlarımız da iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi dünyanın diqqətindədir. Suverenliyimizin bərpası ilə Azərbaycan yeni dövrə qədəm qoydu. Müstəqilliyimiz, suverenliyimiz əbədidir, toxunulmazdır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, bu gün nəinki Azərbaycan vətəndaşları, bütün dünya azərbaycanlıları başını dik tutub. Bizim üzümüz ağdır, alnımız açıqdır. Biz müzəffər xalqıq, qalib dövlətik və bu, əbədi olacaq!

Azərbaycanın dünyaya Günəş kimi doğmasını reallığa çevirən Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tariximizin Zəfər səhifəsini yazaraq ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxtdir.

Yeganə Əliyeva, “İki sahil”