02 oktyabr 2025 16:58
123

Nizami rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib

2025-ci il “Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının və Türk Ağsaqqalları İctimai Birliyinin birgə təşkilatçılığı ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə “Azərbaycanın uğurlarının əsasında müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur” mövzusunda tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin, o cümlədən şəhid olmuş müəllimlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra 5 oktyabr - Beynəlxalq Müəllimlər Gününə həsr edilmiş video çarx nümayiş etdirilib.

Tədbirdə məşhur “91”lərin və Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Türk Ağsaqqalları İctimai Birliyinin sədri professor Südeyf İmamverdiyev, Azərbaycan Respublikası Milli Məclisi Elm və təhsil komitəsinin sədri, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, tarix elmləri doktoru, professor Anar İsgəndərov, Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsilin təşkili sektorunun aparıcı məsləhətçisi - Nizami rayonu üzrə kurator Gülnar Qədirova, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları çıxış ediblər, müəllimləri təbrik ediblər. “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirməsi, təhsil işçilərinin maddi vəziyyətini, rifahını yaxşılaşdırması xüsusi qeyd olunub.

Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinə göstərilən yüksək diqqət və qayğı bu gün də davam etdirilir. Eyni zamanda, ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətləri də diqqətə çatdırılıb.

Qeyd olunub ki, Azərbaycan müəlliminin tarixən xalqımızın intellektual potensialının formalaşdırılmasında böyük xidmətləri var. Bu mənada Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur. Dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin və mənəviyyatımızın kökündə dayanan müəllim daim cəmiyyətimizdə hörmət və ehtiramla əhatə olunub.

Əlavə olunub ki, Azərbaycan müəllimi gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, azərbaycançılıq məfkurəsinə sadiq və qloballaşan dünyada ölkəmizi layiqincə təmsil etməyə qadir vətəndaş yetişdirilməsi işində aparıcı qüvvədir.

O da vurğulanıb ki, artıq 5-ci ildir Azərbaycan müəllimi Beynəlxalq Müəllimlər Gününü qalib xalqın qalib övladı olaraq bayram edir.

Xatırladılıb ki, Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim düşmənə qarşı vuruşaraq qəhrəmanlıqlar göstərib. Bu müharibədə 20 təhsil işçisi döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə onların hər biri müxtəlif dərəcəli medallarla təltif edilib.

Çıxışlardan sonra mükafatlandırma mərasimi keçirilib. Mərasimdə təhsildəki uğurlarına və ictimai fəallıqlarına görə bir qrup müəllimə təşəkkürnamələr verilib. Həmçinin, bu il yubiley yaşını qeyd edən və partiya veteranı olan müəllimlər Fəxri fərmanla təltif olunublar. Eləcə də Yeni Azərbaycan Partiyasına üzv olmuş müəllimlərə və tələbələrə vəsiqələri təqdim edilib.

Tədbirə Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekun vurulub.

Zamin Məmmədov, "İki sahil"