02 oktyabr 2025 18:28
93

İtaliya- Azərbaycan münasibətləri: Tamhüquqlu strateji tərəfdaşlıq

Azərbaycan və İtaliya münasibətlərinin tarixi qədimdir. Belə ki, Şərqlə Qərbi birləşdirən Böyük İpək Yolundan bir çox ölkələrin tacirlərinin karvanları gedirdi. Sözsüz ki, Xəzər limanlarına tez-tez üz tutan İtaliya  tacirləri (o zamanlarda Venesiya və Genuya tacirləri) Bakı neftini haqqında məlumatlı idilər. Bu gün, müasir dövrdə İtaliya Azərbaycan neftinin ən böyük idxalçısı, aparıcı qaz alıcısı və ölkəmizin ən mühüm ticarət tərəfdaşlarından biridir. Cənub Qaz Dəhlizini tamamlayan TAP vasitəsilə İtaliya Xəzər qazının Avropaya əsas giriş nöqtəsinə çevrilib. Bu sadəcə boru kəməri deyil, eyni zamanda, Yunanıstan, Albaniya və Adriatik dənizi üzərindən uzanan geosiyasi arteriyadır. O, İtaliyaya, oradan isə bütün Cənubi Avropaya qaz tədarük edir. 

İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin təqribən 95 % Azərbaycanın payına düşür və Azərbaycan Cənub Qafqazda italyan məhsullarının əsas idxalatçısıdır. Bu əməkdaşlıq enerji, təhsil, müdafiə, sənaye, kənd təsərrüfatı və mədəniyyət sahələrini əhatə edir. Dövlətimizin başçısı iki ölkə arasındakı münasibətlərə toxunaraq  qeyd edib ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq. Belə ki, Azərbaycanla İtaliya arasında 2015-ci və 2020-ci illərdə Strateji Tərəfdaşlıq sənədi var. Bu illər ərzində ölkələrarası münasibətlər çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib. Siyasi əlaqələr ən yüksək səviyyədədir. Ciddi xarici təzyiqlərə baxmayaraq, məhz Romanın dəstəyi ilə TAP reallaşdırıldı. Prezident İlham Əliyev açıq şəkildə bildirdi ki, “Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP layihəsi böyük dərəcədə Prezident Mattarellanın şəxsi dəstəyi nəticəsində mümkün olmuşdur. Əgər o vaxt bu həll olunmasaydı, bu gün biz Avropa məkanına bu qədər təbii resurslar ixrac edə bilməzdik”.

Bu, zamanın sınağından çıxmış faktdır. Bu gün Azərbaycan qazı Avropa İttifaqının səkkiz ölkəsinin enerji təhlükəsizliyini təmin edir. Ölkə başçımızın da dediyi kimi, Prezident Mattarellanın dəstəyi  uzaqgörən siyasətin nümunəsi kimi tarixə düşdü. Kəmər İtaliyanın mövqeyini möhkəmləndirməklə yanaşı, həm də Azərbaycanı Aİ-nin strateji müttəfiqinə çevirdi. Hər iki ölkə çoxqütblü dünyanın tərəfdarıdır. Ermənistan Avropa Parlamentində anti-Azərbaycan qətnamələri üçün lobbiçilik etməyə cəhd edəndə məhz İtaliya çox vaxt balanslı mövqe nümayiş etdirərək, aşkar birtərəfli sənədlərin qəbuluna mane olurdu.

Səfər çərçivəsində İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpusunun açılışı  elm və təhsil sahəsində əməkdaşlıqda daha geniş məna daşıyır.  Bu Azərbaycan-İtaliya münasibətlərinin simvolik formulunu təmsil edir: Təhsil, ekologiya, mədəniyyət, dostluq və əməkdaşlıq. 

İtaliya-Azərbaycan Universitetinin yaradılması, həm də siyasi ölçüləri olan humanitar layihədir. Bu, təkcə bilik, elm və texnologiya deyil, həm də yumşaq güc, mədəni diplomatiya və Şərqlə Qərb arasında dialoq baxımından düşünəcək elitanın inkişafıdır. İtaliya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsü 2020-ci ildə Prezident İlham Əliyev tərəfindən İtaliyaya dövlət səfəri zamanı irəli sürülmüşdür. Layihəni həyata keçirmək üçün ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi - Luiss Guido Carli Universiteti, Sapienza Universiteti, Turin Politexnik Universiteti, Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında 2022-ci ildə akademik əməkdaşlıq sazişləri imzalanmışdır. İlk nəticələr ümidləri doğruldur. Universitetə tələbə qəbulu 2023-cü ildən magistr səviyyəsində həyata keçirilir. Hazırda burada tədris olunan 8 bakalavr və 2 magistr proqramında 538 tələbə bakalavr, 102-si isə magistr səviyyəsində təhsil alır. İxtisaslardan 3-ü ikili diplom proqramıdır. Tədris proqramları elektrik və elektronika mühəndisliyi, memarlıq, interyer və kommunikasiya dizaynı, şəhərsalma, kənd təsərrüfatı və qida texnologiyaları, heyvandarlıq və müxtəlif menecment ixtisaslarını əhatə edir. Bakalavr və magistr proqramlarından əlavə, peşəkarlar üçün mütəmadi ixtisasartırma və sertifikat proqramları da həyata keçirilir. Azərbaycanın gələcəyini formalaşdıracaq yeni mühəndislər, memarlar, dizaynerlər, fermerlər və menecerlər nəsillərini hazırlayan bu universitet artıq canlı bir orqanizm kimi fəaliyyət göstərir. Xüsusi ilə qeyd etmək lazımdır ki, hazırkı iqtisadi proseslərin və elmi texnologiyaların yaratdığı  reallıqlar fonunda belə bir təhsil  müəssisəsinin açılması əlamətdar bir hadisədir. Gənclərimizin rəqabətə dayanıqlı peşələrə yiyələnməsi, ölkə iqtisadiyyatının inkişafına töhfələr verməsi baxımından da  bu universitetin  mühüm əhəmiyyəti vardır.

Prezident İlham Əliyevin fikirləri xüsusi əhəmiyyət kəsb edir: "İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, bu ölkələri inkişaf etmiş ölkələr edən məhz biliklərdir, təhsildir, texnologiyalardır. Bugünkü dünyada texnoloji inkişaf hər bir ölkənin uğurunu müəyyən edir. Təbii resurslarla zəngin olan ölkələr kimi Azərbaycan, ilk növbədə, təbii resurslardan gələn gəlirləri insan kapitalına yönəltməyə çalışmışdır. Çünki biz gələcəyə baxmalıyıq. Yenə də deyirəm, neft, qaz, təbii resurslar hələ o demək deyil ki, bu ölkələr uzunmüddətli dayanıqlı inkişafa malik olacaqlar. Bu inkişaf qısamüddətli ola bilər. Uzunmüddətli dayanıqlı inkişaf məhz biliyin, texnologiyanın, təhsilin səviyyəsinin üzərində qurulur. Ona görə biz Azərbaycanda bu sahəyə böyük diqqət yetirərək artıq uzun illər ərzində bir çox önəmli proqramlar icra etmişik”. Prezident İlham Əliyev dəfələrlə vurğulayır ki, “qara qızılı insan kapitalına” çevirmək ideyası dövlət siyasətinin mühüm tərkib hissəsidir. Eyni zamanda,  2021-ci il tarixində təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində də rəqabətli insan kapitalı məsələsinə xüsusi önəm verildiyi, beş əsas prioriterdən birinə çevrildiyi qeyd olunur.  Bu istiqamətdə  ardıcıl və sistemli iş aparılır. 

Prezident İlham Əliyevin və Sercio Mattarellanın mətbuata verdikləri bəyanatları təsdiq edir ki, Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlıq formal bəyannamə deyil. Bu, əməli fəaliyyətlərdə, birgə layihələrdə, qarşılıqlı dəstəkdə özünü göstərir. Çoxşaxəli məsələləri əhatə edən əməkdaşlığın uzunmüddətli xarakter daşıması iki ölkə arasında münasibətləri davamlı və qarşılıqlı faydalı əməkdaşlıq modelinə çevirir. İtaliya üçün Bakı regionda mühüm tərəfdaşdır, Azərbaycan üçün isə Roma Avropa və Avro-Atlantik regionda etibarlı müttəfiqdir. Bu, Azərbaycanla bir çox digər aparıcı Avropa ölkələrinin qəbul edə biləcəyi qarşılıqlı faydalı əməkdaşlıq formatıdır.

Hicran Hüseynova,

Milli Məclisin komitə sədri, professor