02 oktyabr 2025 18:54
111

“SOCAR Midstream Gas Operations” “IPLOCA Keyfiyyət Mükafatı”nın təqdimetmə mərasimində təmsil olunub

Beynəlxalq Boru Kəmərləri və Dəniz Podratçıları Assosiasiyasının (IPLOCA) müxbir üzvü və SOCAR-ın törəmə şirkəti olan “SOCAR Midstream Gas Operations” (SOCAR MGO) İzmir şəhərində keçirilən “IPLOCA”nın 57-ci İllik Konvensiyası çərçivəsində təşkil olunmuş “IPLOCA Keyfiyyət Mükafat”ının təqdimetmə mərasimində təmsil olunub.

 

“İki sahil” xəbər verir ki, mərasimdə iştirak edən “SOCAR MGO”nun icraçı direktoru Polad Rüstəmov  “IPLOCA Keyfiyyət Mükafatı”nı təqdim edib.

Qeyd edək ki, 2024-cü ildən etibarən “SOCAR MGO”ya bu nüfuzlu mükafatı sponsor qismində təqdim etmək imkanı yaradılıb. “IPLOCA Keyfiyyət Mükafatı” boru kəməri sənayesində layihələrin dizaynı, materialların seçilməsi və icra proseslərində keyfiyyətin artırılması sahələrində nümunəvi nailiyyətlərə görə təqdim olunur.

Bu il “IPLOCA Keyfiyyət Mükafatı”nın qalibi “Consolidated Contractors Company” (CCC) olub. Digər namizədlər “Bonatti” və SICIM şirkətləri isə “Runners-up” statusu ilə fərqləndiriliblər.

Mənfəət məqsədi daşımayan beynəlxalq təşkilat olan “IPLOCA” dünyanın aparıcı “onshore” və “offshore” podratçı şirkətlərini, eləcə də əsas subpodratçılarını bir araya gətirərək təcrübə mübadiləsinə, innovasiyaların təşviqinə, həmçinin sağlamlıq, təhlükəsizlik, ətraf mühit və keyfiyyət üzrə ən yüksək standartların müəyyənləşdirilməsinə dəstək verir.

“SOCAR Midstream Gas Operations” beynəlxalq neft-qaz sektorunda əməkdaşlığın və innovasiyanın inkişafına töhfə verməkdən qürur duyur. “Keyfiyyət Mükafatı”na sponsorluq isə SOCAR-ın boru kəməri sənayesində keyfiyyət standartlarının və qabaqcıl təcrübələrin təşviqinə sadiqliyini bir daha nümayiş etdirir.