03 oktyabr 2025 13:41
153

SOCAR ilə Almaniyanın “Uniper” şirkəti arasında Əlaqələndirmə Komitəsinin 9-cu iclası keçirilib - FOTO

SOCAR ilə Almaniyanın “Uniper” şirkəti arasında Əlaqələndirmə Komitəsinin 9-cu iclası keçirilib.

“İki sahil” xəbər verir ki, iclasda ilk öncə SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovun, “Uniper SE”nin kommersiya üzrə direktoru Karsten Poppinganın və Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemannın çıxışları dinlənilib. Sonra SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva əsas məruzə ilə çıxış edib.

Çıxışlarda SOCAR ilə “Uniper” şirkəti arasında uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlığın uğurla davam etdirildiyi bildirilib, birgə həyata keçirilən layihələrin Avropa enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıdığı qeyd olunub. Şirkətlər arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində görülən işlər xüsusi vurğulanıb.

Daha sonra SOCAR–Uniper əməkdaşlığı, Cənub Qaz Dəhlizi üzrə mövcud vəziyyət, Avropa enerji siyasəti və yeni tendensiyalar, enerji keçidi, dayanıqlılıq və dekarbonizasiya, şirkətlərin kommunikasiya və ictimaiyyətlə əlaqələr, kadr siyasəti barədə təqdimatlar edilib, mövzular əsasında fikir mübadiləsi aparılıb. İclasda, eyni zamanda kommunikasiya və korporativ sosial məsuliyyət sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd olunub.

Sonda SOCAR ilə Almaniyanın “Uniper” şirkəti arasında 2025–2026-cı illəri əhatə edən Əməkdaşlıq Proqramı imzalanıb.