03 oktyabr 2025 14:30
118

Vətən müharibəsi zəfərinin qürur rəmzi - Cəbrayıl

Azərbaycan Ordusu 44 gün ərzində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Zəfər yürüşünü uğurla, şərəflə və qətiyyətlə davam etdirdi. Ordumuz daim irəli gedərək torpaqlarımızı addım-addım, qarış-qarış işğaldan qurtardı. Bu qələbə tarixi ədalətin bərpası olmaqla yanaşı, həm Azərbaycanın inkişafı, həm də bölgənin firavan gələcəyi üçün yeni perspektivlər açdı.

Cəbrayılın azadlığı - strateji nailiyyət

44 günlük Vətən müharibəsində Ordumuzun qazandığı parlaq qələbələr sırasında Cəbrayılın azadlığı xüsusi yer tutur. 27 il erməni işğalı altında qalan şəhərimiz 4 oktyabr 2020-ci ildə azad edildi. Bu tarixi hadisə həm böyük qürur, həm də növbəti zəfərlərin müjdəçisi oldu.

O gün Ali Baş Komandan İlham Əliyevin tviti Azərbaycan dövlətçiliyi tarixində yeni səhifə açdı: “Bu gün Azərbaycan Ordusu Cəbrayıl şəhərini və rayonun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

Cəbrayılın işğaldan qurtuluşu ilə Ordumuzun qətiyyətinə, xalqımızın birliyinə bir daha bütün dünya şahid oldu.

Postmüharibə dövrü və Böyük Qayıdış

Cəbrayılın azad edilməsindən dərhal sonra dövlətimiz genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva dəfələrlə rayona səfər edərək layihələrin icrasına şəxsən rəhbərlik etdilər.

2020-ci il, noyabrın 16-sı - Ali Baş Komandan işğaldan azad edilmiş Cəbrayılda və Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaltdı.

2021-ci il, oktyabrın 4-ü - şəhərin işğaldan azad edilməsinin ildönümündə Prezident Cəbrayılda olub, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının təməlini qoydu.

Sonrakı illərdə - yeni yollar, elektrik stansiyaları, su-kanalizasiya sistemləri, sosial obyektlər inşa edildi.

2023-cü ildə Hadrut-Cəbrayıl-Şükürbəyli avtomobil yolunun, 2024-cü ildə Karxulu və Maşxanlı kəndlərinin təməlləri qoyuldu. “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları istifadəyə verildi.

Prezident İlham Əliyev Cəbrayılın “ağıllı şəhər” konsepsiyası əsasında salınacağını bəyan etdi. Bu, şəhərin həm müasir standartlara cavab verəcəyini, həm də tarixi simasını qoruyacağını göstərir.

Böyük Qayıdış Proqramı və ilk köç

2022-ci ildə təsdiqlənmiş Böyük Qayıdış Proqramı Cəbrayılın inkişafını da əhatə edir. Proqram çərçivəsində:

yaşayış massivləri, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları tikilir,

“yaşıl enerji” layihələri həyata keçirilir,

sənaye və kənd təsərrüfatı zonaları yaradılır.

Artıq Cəbrayıla ilk köç mərhələsi reallaşıb, məcburi köçkün ailələri doğma yurdlarına dönüblər. Bu proses tədricən bütün Cəbrayıl əhalisini əhatə edəcək.

Qürur rəmzi və gələcəyə inam

Bu gün Cəbrayıl yalnız işğaldan qurtuluşun deyil, həm də dövlətimizin qətiyyətinin, xalqımızın birliyinin və Böyük Qayıdışın simvoludur. Hər il qeyd olunan Cəbrayıl günü xalqımız üçün sadəcə xatirə deyil, həm də qürur və gələcəyə inam bayramıdır.

Cəbrayılın azadlığı və bu gün burada həyata keçirilən quruculuq işləri Azərbaycan dövlətinin gücünü, xalqın iradəsini və gələcəyə inamını nümayiş etdirir.

Cəbrayıl şəhəri günü münasibətilə bütün həmvətənlərimizi təbrik edir, Böyük Qayıdışın davamlı olacağına və Cəbrayılın yaxın gələcəkdə regionun ən müasir və çiçəklənən şəhərlərindən birinə çevriləcəyinə əminlik bildiririk.

Siyavuş Novruzov,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri