Müasir dünyamızda gedən proseslər fonunda Azərbaycan çoxşaxəli xarici əlaqələr qurmuşdur. Bu əlaqələr həm regional, həm də qlobal müstəvidə mühüm əhəmiyyət daşıyır. Ölkənin balanslaşdırılmış və çoxvektorlu uğurlu xarici siyasəti onun dünyanın aparıcı güclərindən birinə çevrilməsi üçün geniş imkanlar açır.
Xarici siyasətində ayrı-ayrı ölkələrdə mehriban və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa çalışan Azərbaycan həyata keçirdiyi qlobal enerji layihələri ilə də həm region, həm də Qərb dövlətləri üçün mühüm tərəfdaşa çevrilib. Bu zəmində İtaliya ilə münasibətlər ölkəmiz üçün olduqca əhəmiyyətlidir. Azərbaycan-İtaliya münasibətləri xüsusi əhəmiyyət kəsb edən strateji tərəfdaşlıq səviyyəsindədir. Bu əlaqələr həm siyasi, həm iqtisadi, həm də mədəni sahələri əhatə edir. Ölkələrimiz arasında diplomatik əlaqələr 1992-ci ildə qurulub. Azərbaycanın Avropa İttifaqında ən mühüm tərəfdaşlarından biri olan İtaliya ilə qarşılıqlı imzalanan “Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” münasibətlərin yeni müstəvidə sürətli inkişafına təkan verib. Bu münasibətlər təkcə ikitərəfli əməkdaşlıq deyil, eyni zamanda qlobal tərəfdaşlığın ən uğurlu nümunəsinə çevrilib. Hər iki ölkənin rəhbərlərinin qarşılıqlı səfərləri əlaqələrin inkişafına böyük təkan verir. Prezident İlham Əliyev ölkəmizdə səfərdə olan İtaliya Prezidenti Sercio Mattarella ilə mətbuata birgə bəyanatında bildirib ki, bu illər ərzində münasibətlərimiz çox sürətlə və müxtəlif istiqamətlər üzrə inkişaf edib. Siyasi əlaqələr ən yüksək səviyyədədir. İqtisadi sahədə də İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır və ildən-ilə ticarət dövriyyəmiz artmaqdadır.
Azərbaycan İtaliyanın enerji təhlükəsizliyində aparıcı rol oynayır. Belə ki, İtaliya Azərbaycan qazının Trans-Adriatik Qaz Kəməri (TAP) vasitəsilə daxil olduğu əsas ölkədir. Azərbaycan neftinin də böyük hissəsi İtaliyaya ixrac olunur. Bu sahədə İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Bu əlaqələr ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolunu daha da gücləndirir.
Azərbaycanın xarici ticarət dövriyyəsində xüsusi paya malik olan bu qardaş ölkə həm də ciddi investor kimi çıxış edir. İnfrastruktur, kənd təsərrüfatı, tikinti və texnologiya sahələrində İtaliya şirkətləri Azərbaycanda fəaliyyət göstərir. Həmçinin Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işlərində də İtaliya şirkətləri yaxından iştirak edir.
Azərbaycan və İtaliya arasında qarşılıqlı etimad və maraqlar əsasında inkişaf edən siyasi, iqtisadi, texniki əməkdaşlıqla yanaşı, humanitar sahədə də əlaqələr günü-gündən güclənir. Bu sahədə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa iştirakı ilə həyata keçirilən çoxsaylı layihələr böyük rol oynayır. Hər iki ölkə başçısının iştirakı ilə oktyabrın 1-də Bakıda açılışı baş tutan İtaliya-Azərbaycan Universiteti bu əlaqələrin inkişafına töhfə verəcək. Azərbaycan və İtaliya arasında ali təhsil və əməkdaşlıq baxımından yeni olan bu layihə dünyanın aparıcı universitetləri ilə birbaşa əməkdaşlıq, tələbələrin beynəlxalq səviyyədə tanınan standartlara uyğun təhsil alması üçün geniş imkanlar açaraq beynəlxalq səviyyədə yüksək keyfiyyətli proqramlara çıxış imkanı və ölkədən kənara getmədən yüksək standartlarda təhsil almasına şərait yaradır. Universitetin açılışındakı çıxışında dövlətimizin başçısı İlham Əliyev deyib: “Prezident Mattarellanın rəsmi səfər proqramına bu tədbirin salınması onu göstərir ki, həm İtaliya, həm də Azərbaycan bu sahədəki əməkdaşlığa çox böyük əhəmiyyət verir. Əminəm ki, universitetin gələcəyi çox parlaq olacaq. Bu, nəinki Azərbaycanda, dünya miqyasında öz yerini tutacaq, universitetin məzunları isə Azərbaycanın inkişafına öz töhfələrini verəcəklər. Əminəm ki, burada oxuyan və oxuyacaq tələbələr gələcəkdə Azərbaycanın inkişafına çox böyük dəstək verəcəklər”.
İtaliya Azərbaycanın Avropadakı ən böyük iqtisadi tərəfdaşı və strateji müttəfiqlərindən biridir. Əsasən enerji əməkdaşlığına söykənən bu münasibətlər mədəni, siyasi və sosial istiqamətlərdə də inkişaf etməkdədir. İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri bir daha göstərdi ki, ölkələrimiz arasındakı münasibətlər qarşılıqlı maraqlar əsasında uğurla inkişaf edir.
Nuray Əliyeva,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
filologiya elmləri doktoru