04 oktyabr 2025 12:16
144

Cəbrayıl azad oldu, Vətən dirçəldi

Bu gün biz Azərbaycanın müasir tarixində ən şərəfli səhifələrdən biri olan Cəbrayıl şəhərinin işğaldan azad olunmasının 5-ci ildönümünü böyük qürur və iftixar hissi ilə qeyd edirik. 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi xalqımızın igidliyi, birliyi və dövlətimizin siyasi-iqtisadi qüdrətinin təntənəsi idi. Məhz həmin günlərdə 4 oktyabr 2020-ci ildə Cəbrayıl şəhəri və onunla birlikdə 9 kəndin işğaldan azad edilməsi qələbə yolumuzun möhtəşəm başlanğıcı oldu.

Cəbrayılın azad edilməsi bütöv bir xalqın 30 illik həsrətinin sona çatması demək idi. Bu qələbə düşmənin illərlə qurduğu istehkamların yarılması, mənəvi sarsıdılması və ordumuzun müzəffər yürüşünün davamı üçün strateji baza rolunu oynadı. Ardınca Hadrut, Zəngilan, Qubadlı, Laçın və nəhayət, Şuşa istiqamətində aparılan əməliyyatların uğuru məhz Cəbrayıl zəfəri ilə möhkəmləndi. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf strategiyası və bu siyasəti qətiyyətlə həyata keçirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu xalqımızın arzusunu reallığa çevirdi. 

Cəbrayılın işğaldan azad olunması uğrunda döyüşən minlərlə igid oğullarımızdan 22 797 nəfəri “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi. Onların qəhrəmanlığı bu torpaqlara əbədi möhür vurdu. Bu gün azad və abad Cəbrayılda dalğalanan üçrəngli bayrağımız şəhidlərimizin canı, qazilərimizin qanı bahasına ucaldılıb. Biz bu müqəddəs Zəfərin müəllifləri olan qəhrəman şəhidlərimiz qarşısında baş əyir, qazilərimizə sağlamlıq, uzun ömür diləyirik.

Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən, 4 oktyabr – Cəbrayıl şəhəri günü rəsmi olaraq təsis edilib. Bu qərar həm qələbə tariximizin əbədiləşdirilməsi, həm də gələcək nəsillərin azadlıq və müstəqilliyin dəyərini unutmaması baxımından mühüm əhəmiyyət daşıyır.
Bu gün Cəbrayıl artıq işğaldan sonrakı dağıntılarla deyil, yenidənqurma və böyük qayıdış proqramı ilə seçilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqəti sayəsində rayonda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması, yeni elektrik yarımstansiyalarının istifadəyə verilməsi, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi, kəndlərin və şəhərin baş planlarının təsdiqlənməsi artıq bölgəni Cənubi Qafqazın ən inkişaf etmiş mərkəzlərindən birinə çevirməyə yönəlib.

2024-cü ilin sentyabr ayında ilk köç karvanının Cəbrayıla yola salınması Böyük Qayıdışın yeni mərhələsini açdı. Artıq yüzlərlə ailə doğma yurduna dönüb, müasir infrastrukturla təmin olunan yeni evlərdə yaşayır. Yaxın illərdə isə minlərlə insanın Cəbrayıla qayıdışı təmin olunacaq.

Bu gün biz həm qürurlu, həm də məsuliyyətli bir dönəmdəyik. Azərbaycan xalqı qalib xalq olaraq öz tarixi torpaqlarında güclü dövlətini daha da möhkəmləndirir. Əminik ki, bərpa olunan Cəbrayıl yalnız iqtisadi-sosial inkişafın deyil, həm də milli birlik və əzmin rəmzi olacaq.

Hicran Hüseynova,

Milli Məclisin komitə sədri, professor