Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Dünya Sosial Təminat Forumunda iştirak edib. Nümayəndə heyəti nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov, Sosial Xidmətlər Agentliyinin (SXA) İdarə Heyətinin sədri Vüqar Behbudov, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari, həmçinin həmin qurumların əməkdaşlarından ibarət olub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”ə verilən məlumata görə, Malayziyanın Kuala Lumpur şəhərində keçirilən forum “Keçid dövründə sosial təminatın formalaşdırılması” mövzusuna həsr olunub.
Dünyanın 150-dən çox ölkəsindən sosial təminat qurumlarının rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri, ekspertlərin qatıldığı tədbirdə sosial müdafiə sistemlərinin dayanıqlılığı, rəqəmsal transformasiya, süni intellektin tətbiqi, sosial xidmətlərin inklüzivliyi və digər məsələlər müzakirə edilib.
Forumda səsvermənin nəticələri əsasında DSMF yenidən, DOST Agentliyi və SXA isə ilk dəfə olaraq BSTA-nın Avropa Şəbəkəsinin İdarəetmə Komitəsinin (2026–2028-ci illər üzrə) üzvləri seçiliblər.
Tədbirdə əməkdaşlıq sənədi - DSMF rəhbərinin sədri olduğu Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası ilə BSTA arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Forum çərçivəsində keçirilən interaktiv sessiyalarda Fərid Məmmədov panelçi və çıxışçı, Zəka Mirzəyev panelçi, Elnarə Ənsari çıxışçı qismində iştirak edib, həmçinin iştirakçıların suallarını cavablandırıblar. Ölkəmizdə son illər aparılan sosial islahatların uğurları barədə məlumat verilib, habelə DSMF-nin “Yaxşı idarəçilik meyarı üzrə BSTA Təlimatları”na dair təqdimatı nümayiş etdirilib.
Dünya Sosial Təminat Forumu nazirliyin qurumlarının mükafatlarla təltif edilməsi ilə də yadda qalıb: DOST Agentliyi “BSTA təlimatlarının uğurlu tətbiqinə görə Xidmət Keyfiyyəti Sertifikatı 2025-2028" mükafatına layiq görülüb.
Habelə Agentliyin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təcrübəsi əsasında hazırladığı “Dulusçu” filmi BSTA-nın VideoFest müsabiqəsində yüksək qiymət alaraq Fəxri Diplomla təltif edilib. DSMF isə sosial təminatın təşviqində töhfələrinə görə Fəxri Diploma layiq görülüb.
Forum çərçivəsində BSTA-nın prezidenti Məhəmməd Azman, Təşkilatın digər rəhbər şəxsləri, habelə bir sıra ölkələrin sosial müdafiə qurumlarının rəhbər şəxsləri ilə ikitərəfli görüşlər də keçirilib, gələcək əməkdaşlığa dair fikir mübadilələri aparılıb.