Bu gün Vətən müharibəsində qazanılmış böyük zəfərlərdən biri qeyd olunur. 2020-ci ilin 4 oktyabrında Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə peşəkarlıqla və dəqiq döyüş taktikaları ilə aparılan hərbi əməliyyatlar nəticəsində Cəbrayıl şəhəri və rayonun kəndləri işğaldan azad edildi. Bu gün böyük əhəmiyyətə malikdir. 1993-cü il avqustun 23-də Cəbrayılın erməni silahlı qüvvələrinin işğalına məruz qalması olduqca acı bir tarixi fakt idi. İşğal dövründə 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət olan Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdir. 1050 kv km-i əhatə edən 52000 nəfər əhalisi olan rayon ərazisi və bu ərazidəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı erməni vandalları tərəfindən vəhşicəsinə məhv edilmiş, on minlərlə Cəbrayıl sakini doğma torpaqlarından didərgin düşərək məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdu. Cəbrayılın işğalı eyni zamanda strateji baxımdan da ağır nəticələr doğurmuşdu. Arazboyu ərazilərin düşmən tərəfindən zəbt edilməsi Azərbaycanın regiondakı təhlükəsizliyinə təhdid yaratmışdı.
2020-ci il sentyabrında başlayan 44 günlük Vətən müharibəsinin ən mühüm mərhələlərindən biri məhz Cəbrayıl istiqamətində aparılan əməliyyatlar oldu. Cəbrayıl əməliyyatı həm mürəkkəbliyi, həm də əhəmiyyəti ilə seçildi. Azərbaycan əsgərinin igidliyi nəticəsində düşmənin güclü müdafiə xətti yarıldı, işğalçı qüvvələr geri çəkilməyə məcbur edildi. Bu zəfər təkcə bir torpağın deyil, xalqımızın qürurunun və birliyinin bərpası idi. Cəbrayılın azad edilməsi, Zəfər yolunun açılmasına səbəb oldu və Şuşa istiqamətində strateji üstünlük yaratdı.
Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarına daxil olan bütün rayonlarda olduğu kimi Cəbrayıl rayonunda da bərpa və quruculuq işləri sürətlə və planlı şəkildə davam etdirilir. Bunu cənab Prezident İlham Əliyevin Cəbrayıl rayonun ötən illərdəki səfərlərində əyani şəkildə görə bilərik. Bu səfərlərdə mühüm infrastruktur obyektlərinin təməqoyma mərasimləri olmuşdur. “Cəbrayıl şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan” təsdiqlənib. Bu plan çərçivəsində şəhərin müasir standartlara uyğun yenidən qurulması, yaşayış komplekslərinin salınması və əhalinin mərhələli şəkildə doğma torpaqlara qaytarılması nəzərdə tutulub. Artıq Cəbrayıl şəhərinə ilk köç karvanı çatıb. Yeni yaşayış kompleksi ilə yanaşı, Böyük Mərcanlı, Karxulu, Sarıcallı, Maşanlı və digər kəndlərdə də bərpa işləri sürətlə aparılır. Bu isə yaxın gələcəkdə Cəbrayılın yenidən həyat dolu bir məkana çevriləcəyini göstərir.
Sözsüz ki, tarixi Qələbə günlərinin əbədiləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub. Azərbaycan xalqı bu unudulmaz tarixləri bayram günü kimi qeyd edir. Bu münasibətlə xalqımızı təbrik edirəm. Tarixi torpaqlarımızın işğaldan azad olunmasında canından keçmiş şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm”
Anar Məmmədov,
Milli Məclisin deputatı