Prezident İlham Əliyevin son illərdə türk birliyinin siyasi gücə çevrilməsi istiqamətində atdığı addımlar artıq nəticə verir: Türk dövlətləri arasında iqtisadi əlaqələr dərinləşir, birgə müdafiə təşəbbüsləri müzakirə olunur, enerji və nəqliyyat layihələri ortaq strateji hədəfə çevrilir.
Oktyabrın 7-də Qəbələdə Türk Dövlətlər Təşkilatının Zirvə toplantısı keçiriləcək. Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında irəli sürülən müddəaları alqışlayırıq. Bu müddəalar Azərbaycanın yürütdüyü xarici siyasətin prioritetini təşkil edir, sülhü və əminamanlığı təmin etməkdə mühüm rol oynayacaq.
Türk Dövlətləri Təşkilatı uzun illər mədəni və iqtisadi əməkdaşlıq platforması kimi fəaliyyət göstərsə də, hazırkı mərhələdə təşkilatın gündəliyinə təhlükəsizlik, müdafiə və sərhəd sabitliyi kimi məsələlərin daxil edilməsi, onun siyasi mahiyyətinin dəyişdiyini göstərir. Bu təşkilatın əsası 16 il öncə, 2009-cu il oktyabrın 3-də qədim Azərbaycan torpağı Naxçıvanda qoyulub. Ötən 16 il ərzində Azərbaycanın da çox ciddi səyi nəticəsində TDT-nin sıraları genişlənərək dünya miqyasında güclənib və böyük nüfuz qazanmış quruma çevrilib. Azərbaycan türk dünyasının birliyinin gücləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək.
İki ay əvvəl Vaşinqtonda, Ağ Evdə Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması Cənubi Qafqazı sülh məkanına çevirəcək. Vaşinqton Zirvəsi çərçivəsində, eyni zamanda, ATƏT-in Minsk qrupunun və əlaqədar strukturların bağlanması üçün edilmiş birgə müraciətə uyğun olaraq, sentyabrın 1-də ATƏT tərəfindən qəbul edilmiş qərarla keçmiş münaqişənin bu qalıqları da aradan qaldırıldı.
Vaşinqton Zirvəsinin digər mühüm nəticələrindən biri də Zəngəzur dəhlizinin açılmasıdır. Zəngəzur dəhlizi həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası və ikinci marşrut kimi mühüm əhəmiyyət kəsb edir.
Sülh, regional bağlantılar və iqtisadi inkişafla əlaqəli olan digər mühüm istiqamət enerji təhlükəsizliyidir.
Neva Abdurahmanova,
YAP Qusar rayon təşkilatının sədr müavini