09 oktyabr 2025 00:13
99

Çaqqal tələyə gəlir…

Haqqında söhbət açacağımız şəxs neçə ildir ki, çaqqal kimi marığa yatıb bu məqamı gözləyirmiş. Ancaq indi “tələdə ət görüb”, ağzı sulanır və tamahını saxlaya bilmir. Ermənistanın ikinci prezidenti Robert Koçaryan öz cinayətkar komandası ilə 2026-cı ildə keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətində olduğunu açıqlayıb. Düşünür ki, “südümü mayalayım, tutar qatıq, tutmaz şorum əlimdədir.”

O, bu barədə keçirdiyi mətbuat konfransında bildirib: “2021-ci il seçkiləri göstərdi ki, mənim müəyyən təsir gücüm və seçicilərin bir hissəsini konsolidasiya etmək imkanım var. Təsəvvür edin ki, mən o zaman iştirak etməsəydim... Bizdə artıq 2018-ci ilin dekabr seçkiləri nümunəsi var. Nəticələrə baxın: parlament yaxşılaşıbmı?”

Lakin o, sadəcə seçki kampaniyasında iştirakının yetərli olmadığını bildirib. Sabiq prezident ölkədə real dəyişikliklərə gətirib çıxara biləcək digər siyasi qüvvələrin də meydana çıxacağına ümid etdiyini qeyd edib.

2008-ci ildə prezident seçkilərində ciddi səs saxtalaşdırılmasına görə İrəvanda böyük nümayiş oldu. Nümayişin dağıdılmasında silah tətbiqi nəticəsində 10 nəfər həlak olmuşdu. Öldürülənlərin iki nəfəri polis əməkdaşları idi. Həmin vaxt ölkənin prezidenti Robert Koçaryan idi. Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, prezident seçilən Serjik Sarkisyan hələ vəzifə başına keçməmişdi. Buna görə də nümayişin amansızca dağıdılmasında və konstitusiya quruluşunun devrilməsində  Koçaryan ittiham olunur. Bu iş üzrə Koçaryan artıq 2018-ci ilin dekabrından həbsdə idi, 2019-cu ilin fevralında isə ona qarşı 927 milyon dram (3 milyon dollara yaxın) rüşvət almaqla bağlı növbəti ittiham irəli sürüldü. 2018-ci ilin noyabrında Silva Hamparsumyanın ehtimal olunan rüşvəti verməsi ilə bağlı səsləndirdiyi bəyanat bu ittiham üçün əsas olub. Ancaq Robertə elə gəlir ki, bunlar keçib və özünü respublikanın baş ideoloqu və strateqi kimi aparmağa cəhd edir. Cəllad eks-prezident görün nələr deyir: “Gürcüstanda İvanişviliyə və ya Polşada Kaçinskiyə baxın - onlar namizədliyini irəli sürmədilər, amma dövlətin kursunu müəyyən etdilər. Nə yaxşıdır - anonim qalmaq, amma yenə də qərar vermək, yoxsa bu cür maskalanmalara əl atmamaq?”, - Koçaryan sual edib. Dəlidən doğru xəbər. Bəli, Koçaryan öz murdar sifətini hələ hakimiyyətə gəlməzdən əvvəl ona verilən maskanın dalında gizləyib. Ancaq buna da nail ola bilməyib, Nikol Paşinyanın xəbərgirləri onun ölkədən kənarda hansı deşiyə girib-çıxdığını öyrəniblər. Qoltuğa sığınmış bu adam tipik rəzil erməni sifətini yaradıb.

Keçmiş prezident seçkilərdə iştirakından danışaraq bildirib ki, daha çox səs toplaya bilsələr, başqa bir namizəd üçün kənara çəkilməyə hazırdır. Ay sən öləsən! Şərəfini 1998-ci ildə kresloya dəyişmiş bir adamın belə addım atacağına kim inanar? Çünki onun əlləri həm azərbaycanlıların,  həm də öz haylarının qanına batıb. Qarabağ müharibəsinin sülhlə bitməsinin qarşısını alanlardan biri də o olub. “Qarabağ klanı”nı təşkil edən bu kriminal şəxsin hansı hoqqalardan çıxmasına dair ölkə mətbuatında çox sayda məlumatlar verilib. Əgər günahı yox idisə onda niyə həbsxanaya salınırdı? İndi utanmadan yenə hayları aldadıb hakimiyyətə gəlmək istəyir. Ancaq eşşək palçığa bir dəfə batar...Haylar isə palçığa bir neçə dəfə batıblar. Ən avam hay belə onları yaman günə qoymuş bu avantürist və satqına səs verməz. Koçaryan hayların yaddaşında belə qalıb. Bunu əvvəlki rəy sorğuları da təsdiq edib.

“2021-ci ildə keçirilən rəy sorğuları açıq şəkildə göstərdi ki, mənim siyahım komandamızdakı hər hansı digər namizəddən daha çox dəstək alıb”, - o deyib.

Gözünün içinə qədər yalan deyir. İndiyədək keçirilən rəy sorğularında Robert Koçaryan ən aşağı reytinqə malik olub. O, Ermənistana hansı xoşbəxtliyi və ya uğuru gətirib ki, ondan ötrü hayların burunlarının ucu göynəsin?

Ölkəni narkotik plantasiyasına çevirən, gənc qızları və qadınları “istirahət evləri”hdə fahişəliyə cəlb edən, xaricdən axıdılan ianələri, qrant və yardımları mənimsəyən və digər maliyyə maxinasiyaları edən həmin bu Robert deyildimi? İndi qozbeli qəbir düzəldib?

Xatırladaq ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilin iyununda keçiriləcək. Qalib gələn partiya baş nazirliyə namizəd irəli sürmək hüququ qazanacaq. Heç şübhəsiz ki, seçkidə eks-prezident Robert Koçaryanın parlamentə irəli sürdüyü namizədlər biabırçı surətdə məğlubiyyətə uğrayacaq və rüsvay olacaqlar. Yəqin ki, bu, baş kürsüyə tamah salmış, siyasi səhnədə dələduzluq və cəlladlıq edən Robert Koçaryanın sonuncu parlament seçkisi olacaq.

Vəli İlyasov, “İki sahil”