09 oktyabr 2025 09:42
119

Meqem Konstantin: Çerniqovda Azərbaycan diasporu humanitar yardımlarda fəal iştirak edirlər

Son günlər ən çox və intensiv hava hücumuna məruz qalan bölgələrdən biri də Çerniqov vilayətidir. Rusiya və Belarusla sərhəd əhatəsində yerləşən Çerniqova təkrar hücum edilərək yenidən işğal riski artmaqda davam edir.

İki sahil”in məlumatına görə, Çerniqov vilayət Dövlət Administrasiyasının rəhbərinin birinci müavini Meqem Konstantin AZƏRTAC-a bildirib ki, Çerniqov vilayətinin Rusiya ilə 225 kilometrlik sərhəd bölgəsi var. “Təəssüf ki, hər gün oradan artilleriya, raket və dron zərbələrinə məruz qalırıq. Sözsüz ki, təkrar hücum riski mövcuddur. Buna görə də Ukrayna ordusu təhlükəsizlik tədbirlərinin gücləndirmək məqsədilə mühəndislik, fortifikasiya işlərini aparır”, - deyə Meqem Konstantin əlavə edib.

O həmçinin bildirib ki, Çerniqovda yaşayan etnik azərbaycanlılar 2022-ci ildən Ukraynanın müdafiə qüvvələrinə humanitar yardımlar edirlər. “Çerniqov vilayəti üzrə azərbaycanlıların konqresi var. Onlar daima Çerniqovda əhaliyə ərzaq yardımları edirlər. Çerniqovun bərpasında dəstəklərini əsirgəmirlər”, - deyə o bildirib.

Çerniqov Birləşmiş Azərbaycanlıları Konqresinin sədri İskəndər Vəliyev isə AZƏRTAC-a bildirib ki, hava hücumu zamanı burada yaşayan azərbaycanlıların da yaşayış evlərinə ziyan dəyib. Buna baxmayaraq, Çerniqovda yaşayan azərbaycanlılar ukraynalılarla çiyin-çiyinə humanitar aksiyalarda aktiv iştirak edirlər.