Dünyanın ədalətə söykənib münaqişəli məsələlərin bu prinsip əsasında nizamlanmasına dəstək olması zamanıdır
Bu gün yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycanın diplomatik mübarizədə qələbəsi, eyni zamanda iqtisadi tərəqqisi fonunda günbəgün qüdrətlənən, güclənən ordusu bu problemimizin də tezliklə öz ədalətli həllini tapacağına əsas yaradır. Münaqişənin həlli prosesinin uzanmasında işğalçı dövlətə himayədarlarından gələn dəstəklər əsas rol oynayır. Bu baxımdan hansı səviyyələrdə görüşlərin keçirilib, müzakirələrin aparılmasına baxmayaraq, əgər bəyanatlar kağız üzərində qalırsa, artıq irəliləyişdən danışmaq qeyri-mümkündür. Xatırlasaq, bu ilin aprel ayının əvvəllərində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaşananlardan sonra münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən Minsk qrupunun fəaliyyətində bir az canlanma müşahidə olundu. Amma çox keçmədi ki, yenə də missiya seyrçi mövqedə dayanmaqla tamamlandı.
Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında da bu kimi məqamlar xüsusi yer alır: “Aprel döyüşlərindən sonra vasitəçilər bir qədər fəallaşdılar. Bilirsiniz ki, may-iyun aylarında görüşlər keçirildi... Ermənistan öz çirkin taktikasını işə salaraq və erməni lobbisinin dəstəyinə arxalanaraq yenə də istəyir ki, bu məsələ dünya gündəliyindən çıxsın. Biz buna imkan verməməliyik və məsələ tezliklə həllini tapmalıdır. Amma siz də, Azərbaycan ictimaiyyəti də yaxşı bilir ki, bu məsələnin həll olunmaması təkcə Ermənistana görə deyil. Ermənistanın böyük himayədarları var, biri ona pul, biri silah verir, biri lobbi yaradır, biri təbliğ edir. Bax, budur məsələnin həll olunmamasının səbəbi. Ona görə bu məsələyə aydınlıq gətirilməlidir. Biz yaxşı bilirik ki, ikili standartlarla üzləşmişik və bu məsələnin həll olunmaması BMT Təhlükəsizlik Şurasına da şərəf gətirmir. Çünki onlar dörd qətnamə qəbul ediblər. Bu qətnamələr 20 ildən çoxdur ki, icra edilmir. Heç olmasa öz qərarlarına hörmət etsinlər. Artıq biz yaxşı görürük ki, Ermənistan beynəlxalq hüququ necə pozur. Biz həm iqtisadi, siyasi, həm də hərbi cəhətdən daha da güclü olmalıyıq və bu güc bizdə var. Sadəcə olaraq istəyirik ki, məsələ sülh yolu ilə həll edilsin və bu istiqamətdə ardıcıl siyasətimizi aparırıq.”
Bakıda “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri: Ermənistandan və Azərbaycandan baxış” mövzusunda beynəlxalq konfrans keçirildi. Mövzu münaqişənin 25 ildən artıqdır ki, nizamlanma prosesinin uzanmasına aydınlıq gətirir. Beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan, himayədarları tərəfindən mütəmadi qayğı ilə əhatə olunan Ermənistanın məsələnin həllində maraqlı olmadığı sirr deyil. Siyasətində müstəqil olmayan bir dövlətin münaqişənin həllində konkret mövqe ortaya qoyması qeyri-realdır. Tədbirdə Ermənistan tərəfdən iştirakçıların açıqlamalarından da bəlli olur ki, yalnız hakimiyyətdə təmsil olunanlar münaqişənin həllində maraqlı deyillər. Bunu da şərh etməyə ehtiyac yoxdur. Çünki Xocalı soyqırımında iştirakçı olduğunu utanmadan və çəkinmədən yüksək tribunalardan bəyan edən sarkisyanlar bu günə qədər hansısa təzyiqlə üzləşməyibsə, bu halda dünyada ədalətin, haqqın mövcudluğunu necə söyləmək olar? Görəsən, Ermənistandan olan iştirakçılar Xocalı abidəsini ziyarət etdiklərinə görə Sarkisyan tərəfindən necə “mükafatlandırılacaqlar”? Bu kimi tədbirlər münaqişənin həlli prosesində mövcud maneələrə, həmçinin çözüldüyü təqdirdə perspektivlərə işıq salmaq baxımından əhəmiyyət kəsb etsə də, reallıq budur ki, bütün dünya haqlı və haqsız, işğalçı və işğala məruz qalan tərəfin kim olduğunu yaxşı bilir, amma “nədənsə” susmağa üstünlük verərək, sanki ilk addımın kim tərəfindən atılacağı gözlənilir. Bu, günümüzün reallığıdır. Beynəlxalq hüquq normalarının icrası üçün konkret mexanizm yoxdursa və tətbiq olunmursa, keçirilən tədbirlərdə qəbul olunan qərarların həyata keçiriləcəyini düşünməyə dəyərmi?
1992-ci ildə problemin nizamlanmasında vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə ATƏT-in Minsk qrupu yaradılıb. Bizi o dövrdən ayıran 24 ildən artıq zaman kəsiyində həmsədrlərin bilavasitə fəaliyyəti ilə bağlı hansısa bir uğurlu nəticədən danışmaq mümkünsüzdür. Dövlətimizin başçısı İlham Əliyevin müsahibələrinin birində “Siz münaqişənin sülh yolu ilə həllində vasitəçilərin rolunu necə qiymətləndirirsiniz” sualını cavablandırarkən söylədiyi “...nəticə olmadığı halda, vasitəçilərin rolunu müsbət qiymətləndirmək, təbii ki, düzgün olmazdı. Digər tərəfdən, mən onların mümkün olan hər şeyi etmədiklərini də deyə bilmərəm. Buna görə də, biz ümid edirik ki, həmsədr ölkələr - onlar isə dünyanın aparıcı ölkələri, BMT Təhlükəsizlik Şurasının üç daimi üzvüdür- hər halda, işğalçı ölkəni zəbt olunmuş əraziləri azad etməyin zəruriliyinə inandırmaq üçün özlərinin nüfuzundan və siyasi resurslarından daha çox istifadə edəcəklər” fikirləri bir çox məqamlara, xüsusilə ATƏT-in Minsk qrupunun fəaliyyətinə açıqlama gətirir.
Məsələnin həllinin uzanmasında əsas amillərdən biri kimi daim dünyanın ikili siyasəti önə çəkilir. Tarixə nəzər salaq. Azərbaycan dövləti 2005-ci ildə işğal olunmuş ərazilərdə süni məskunlaşma faktını dəqiqləşdirmək üçün BMT-dən xüsusi Faktaraşdırıcı Missiyanın yaradılmasını tələb etdi. Rəsmi Bakının bu addımını ATƏT-in vasitəçiliyindən imtina kimi dəyərləndirən həmsədr dövlətlər bu missiyanın qurum tərəfindən yaradılmasının zəruriliyini bildirdilər. ATƏT-in Faktaraşdırıcı missiyası yaradıldı və süni məskunlaşma faktını dəqiqləşdirmək üçün həmin ərazilərdə oldu. Fakt təsdiqləndi. Maraqlı məqam budur ki, həmsədr dövlətlər bu siyasətin hansı dövlət tərəfindən həyata keçirildiyinin gizli saxlanılması təklifi ilə çıxış etdilər. Eyni fikirlər 2010-cu ildə ATƏT-in Qiymətləndirmə Missiyasının işğal olunmuş ərazilərimizə səfəri zamanı da səsləndirildi. BMT Təhlükəsizlik Şurasının isə Dağlıq Qarabağla bağlı qəbul etdiyi 4 qətnamədə erməni işğalçılarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasının vacibliyi bəyan edilir. Eyni zamanda bir əsas məqamı da unutmayaq ki, hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı BMT sənədlərində təsbit edilmiş beynəlxalq hüququn əsas prinsipidir.
Təmas xəttində tez-tez atəşkəs rejiminin pozulmasına münasibətdə də daim ikili yanaşma diqqətdən kənarda qalmır. Minsk qrupu həmsədrləri hər zaman bununla bağlı bəyanatlarında “narahatlıqlarını” ifadə etsələr də, işğalçı dövlətin problemin sülh yolu ilə nizamlanması haqqında götürdüyü öhdəliklərə məhəl qoymadığı, ən əsası 1994-cü ildə əldə olunan atəşkəs razılaşmasına əməl etmədiyi heç zaman dilə gətirilmir. Ümumi sözlərlə missiyalarını bitmiş hesab edən həmsədrlər 24 illik fəaliyyətləri dövründə bu reallığı qəbul etmək istəmirlər ki, işğalçı dövlətə hansısa bir təzyiq göstərilmədən, onu beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməyə məcbur etmədən hansısa müsbət nəticədən danışmaq qeyri-mümkündür.
Bu ilin aprelində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaşananlar dünyadan hadisələrə düzgün dəyər verməyi bir tələb kimi ortaya qoydu. İşğalçı dövlət sülh istəmədiyini bir daha nümayiş etdirdi. Azərbaycan Ordusunun düşmənə cavabı bu reallığı təsdiqlədi ki, münaqişənin həllində sülh danışıqları səmərə vermədiyi təqdirdə müharibə variantına üstünlük verilərsə, silahlı qüvvələrimiz işğal altında olan torpaqlarımızı azad etmək qüdrətindədir. Dövlətimizin başçısı İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında səsləndirdiyi bu bəyanatı xatırlayaq: “Biz münaqişənin həlli ilə bağlı öz prinsipial mövqeyimizdən dönməyəcəyik. Bununla bərabər, biz danışıqlara sadiqik, bundan sonra da çalışacağıq ki, bu münaqişə sülh yolu ilə öz həllini tapsın. Bununla bərabər, biz Ordumuzun gücünü daha da artıracağıq. Ona görə artıracağıq ki, bax, bu təxribatlar, erməni təxribatları cavabsız qalmasın. Hesab edirəm ki, bu gün - aprelin 2-si onlar üçün yaxşı dərs olacaqdır.”
Müstəqilliyi formal xarakter daşıyan Ermənistanın yaşadıqlarından və yaşananlardan dərs alması üçün himayədarlarından aldığı maddi və mənəvi dəstəklərə son qoyulması əsas şərtlərdəndir. Beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymayan bir dövlətin keçirilən tədbirlərdə əldə olunan ümumi razılaşmadan nəticə çıxarıb, konstruktiv mövqe nümayiş etdirəcəyini, “mən işğalçıyam” deyib, ədalətə qucaq açacağını düşünmək sadəlöhvlük olar. 25 ildən artıqdır susan dünyanın ədalətə, haqqa arxa durub, münaqişəli məsələlərin bu prinsip əsasında nizamlanmasına dəstək olması zamanıdır. Bunun üçün yeganə mexanizm ikili siyasətə son qoyub, kağız üzərində yazılanları reallıqda görməkdə maraqlı olmaqdır.
Yeganə Əliyeva, “İki sahil”
Kəlbəcər- azadlığın, dövlətçilik iradəsinin və yeni inkişaf mərhələsinin simvolu