10 oktyabr 2025 11:37
130

Düşənbədə Azərbaycan və Rusiya Prezidentlərinin görüşündən önəmli detallar

Oktyabrın 9-da Düşənbədə baş tutan Prezident İlham Əliyev və Prezident Vladimir Putinin görüşü təkcə MDB Dövlət Başçıları Şurasının iclası çərçivəsində iki liderin protokol təması olmadı. Bu görüş, ötən ilin dekabrında baş vermiş aviasiya qəzasından sonra müəyyən qədər sərinləşmiş münasibətlərə yenidən real və strateji baxış idi.

Azərbaycan Prezidenti bu görüşlə təkcə yaranmış emosional fonu aradan qaldırmadı, həm də qarşılıqlı münasibətlərin gələcək trayektoriyasını rasional əsaslara diqqətə çatdırdı.

Faciənin kölgəsində...

2024-cü ilin dekabrında “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Rusiya səmasında vurulması böyük rezonans doğurmuşdu. Hadisənin Rusiya hava məkanında baş verməsi və istintaqın nəticələrinin uzun müddət açıqlanmaması təbii olaraq münasibətlərdə müəyyən gərginlik yaratmışdı.

Düşənbədəki görüşdə ən diqqətçəkən məqam Rusiyanın kompensasiya ödəyəcəyi və məsul şəxslərin cəzalandırılacağı barədə Prezident Putinin açıq bəyanatı oldu.

Bu açıqlama, həm diplomatik baxımdan məsuliyyətin qəbul edilməsi, həm də faciənin yaratdığı gərginliyin aradan qalxması üçün real hüquqi zəmindir. Lakin prosesin bu mərhələyə çatmasında Azərbaycan tərəfinin təmkinli və uzaqgörən davranışı həlledici rol oynadı.

Təmkinli, prinsipial və qətiyyətli diplomatiya

Azərbaycan Prezidenti İlham Əliyevin cavab nitqində prinsipial tonla bildirdi: “Heç bir şübhəmiz olmayıb ki, istintaq bütün məsələləri obyektiv araşdıracaq.”

Prezident Əliyevin “Sizinlə dəfələrlə fikir mübadiləsi aparmışıq, komandalarımız daim təmasdadırlar” sözləri, faktiki olaraq, böhranın idarə olunmasında Azərbaycanın təşəbbüskar mövqeyini nümayiş etdirir.

Bu, diplomatik davranışda ən vacib amil-təzyiqsiz, amma nəticə yönümlü siyasətin həyata keçirilməsi oldu.

Azərbaycan tərəfi hislərə yox, məsuliyyət və ədalət meyarına əsaslanan yanaşmanı üstün tutaraq, hadisənin siyasi gərginliyə çevrilməsinə imkan vermədi. Bu da Prezident İlham Əliyevin formalaşdırdığı balanslı xarici siyasət kursunun bir nümunəsidir.

Strateji tarazlığın qorunması

Düşənbə görüşü, əslində, bir hadisənin izahından daha çox, müttəfiqlik münasibətlərinə yenidən qayıtmaq üçün Rusiya tərəfinin real müraciəti idi. 2022-ci ildə imzalanan Azərbaycan-Rusiya Müttəfiqlik Bəyannaməsinin ruhuna uyğun şəkildə, tərəflər münasibətlərin bütün sahələrində inkişaf meyillərini qoruyub saxladıqlarını təsdiqlədilər.

Prezident Putin görüşdə dedi: “İqtisadi-ticari əlaqələr inkişaf edib-keçən il 6 faiz, bu il isə 16 faizdən çox artım olub.”

Prezident İlham Əliyev isə bu dinamikanı belə xarakterizə etdi: “Bütün istiqamətlər üzrə heç bir yerdə geriləmə olmayıb, əksinə, yol xəritələri uğurla həyata keçirilir.”

Bu ifadə faktiki olaraq Azərbaycanın dövlətlərarası münasibətlərdə sabitləşdirici və rasional tərəf kimi çıxış etdiyini nümayiş etdirir.

Emosiyadan rasional əməkdaşlığa...

Düşənbə görüşü göstərdi ki, Azərbaycan diplomatiyası hisslərlə yox, soyuqqanlı və strateji düşüncə ilə nəticə əldə etməyi üstün tutur.

Hadisədən sonra yaranmış soyuqluq müddətində, əslində, tərəflər qarşılıqlı münasibətləri yenidən gözdən keçirmək imkanı əldə etdi.

İndi gözləntilər nədir bəs?

Rusiya tərəfi istintaqı yekunlaşdıraraq kompensasiya və hüquqi qiymət məsələsini rəsmiləşdirəcək, iki ölkə arasında yeni iqtisadi və humanitar təşəbbüslər formalaşacaq, Xarici işlər nazirləri səviyyəsində koordinasiya daha sıx olacaq. Bu görüşün mövzusu Azərbaycanın diplomatik çevikliyinin və nüfuzlu tərəf statusunun təsdiqidir.

Düşənbə görüşü iki ölkə münasibətlərində soyuqluğun əriməsi, gərginliyin neytrallaşması və etimadın bərpası mərhələsi kimi diqqət çəkir.

Nicat Quliyev

Naxçıvan Televiziyasının baş redaktoru